Sizin reklam burada
Sizin reklam burada
  • Ürək bağlarından böyüyən böyük qardaşlıq: Azərbaycan və Özbəkistan


    Aynurə Əliyeva
     ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi,
     Filologiya fakültəsinin müəllimi


    Dövlətlər arasında münasibətlər, adətən, beynəlxalq hüquq normalarına, qarşılıqlı maraqlara, suveren bərabərliyə və diplomatik protokollara əsaslanır. Beynəlxalq aləmdə əlaqələr çox vaxt soyuq siyasi hesablamalar, geostrateji gedişlər və iqtisadi mənfəətlərlə ölçülür. Lakin Azərbaycan və Özbəkistan arasındakı bağlar bu dar çərçivələrə, adi diplomatiya qəliblərinə sığmayacaq dərəcədə dərin, köklü və əbədi qardaşlığa söykənir. Bizim birliyimiz təkcə kağız üzərindəki rəsmi müqavilələrdən, imzalanan bəyannamələrdən ibarət deyil, bu birlik əsrlər boyu eyni sazın simində dillənən bayatılardan, eyni muğamın qəlbə yatan ruhundan, ortaq tariximizin və mənəviyyatımızın dərinliklərindən bəhrələnən sarsılmaz bir bütövlükdür.
     Ölkə Prezidentimiz İlham Əliyevin Özbəkistana bu günkü səfəri də iki dövlət rəhbərinin adi rəsmi görüşündən daha çox, doğma qardaşın öz qardaş ocağını, ata yurdunu ziyarət etməsidir. Bu görüşlərdəki səmimiyyət, baxışlardakı inam və görüşlərdəki doğmalıq Türk dünyasının özünəqayıdış salnaməsinin parlaq səhifələridir.
     Özbəkistanla bizi birləşdirən ən böyük, məğlubedilməz qüvvə ruh yaxınlığımız, genetik mədəniyyət yaddaşımızdır. Dahi Nizami Gəncəvinin hikmət xəzinəsi ilə Əlişir Nəvainin poetik dühası əsr yarım fərqlə dindarları, mütəfəkkirləri, söz sərraflarını və sadə insanları eyni irfan bulağında birləşdirib. Bu gün Bakının mərkəzində Əlişir Nəvainin, tarixi Daşkənddə isə Nizami Gəncəvinin adını daşıyan küçə və əzəmətli abidələrin ucalması sadəcə diplomatik bir jest deyil, bu, xalqlarımızın bir-birinin tarixinə, sözünə və mədəniyyətinə duyduğu dərin, humanist ehtiramın canlı təzahürüdür.
     Azərbaycan muğamı ilə Özbək şaşməqamı, Təbriz miniatürlərinin incə xətləri ilə Səmərqənd naxışlarının ecazkar aləmi eyni sivilizasiya mənbəyindən su içir. Bu səbəbdən bir özbək üçün Bakı, Şuşa nə qədər əzizdirsə, bir azərbaycanlı üçün də Daşkənd, Buxara və ya Səmərqənd bir o qədər doğma, doğma olduğu qədər də müqəddəs diyardır. İpək Yolunun təkcə karvanları deyil, həm də könülləri birləşdirdiyi bu coğrafiyada ürəklərimiz hər zaman bir-birinə tərəf can atıb.
     Məlumdur ki, əsl dostluq, sarsılmaz qardaşlıq təkcə xoş günlərdə deyil, sınaq anlarında, çətin zamanlarda bəlli olur. Azərbaycan xalqı II Vətən müharibəsində öz tarixi torpaqlarını işğaldan azad edərkən, Türkiyə xalqı və dövləti kimi, Özbəkistan xalqı və dövləti də ilk andan mənəvi dəstəyini əsirgəmədi, haqq savaşımızda hər zaman yanımızda oldu. Özbəkistanın azad edilmiş Füzuli şəhərində inşa etdirərək Azərbaycan xalqına hədiyyə etdiyi Mirzə Uluqbəy adına tam orta məktəb təkcə müasir bir təhsil ocağı kimi qiymətləndirilə bilməz. O məktəbin hər bir kərpicində, hər bir daşında özbək qardaşlarımızın səmimi sevgisi, təmənnasız duası və sarsılmaz həmrəyliyi hək olunub. Daşkəndin bu humanist addımı Qarabağın yenidən dirçəlişinə kömək edən mənəvi bir möhür, gələcək nəsillərə ötürüləcək ən qiymətli, silinməz irsdir. O məktəbdə səslənən hər məktəb zəngi qardaşlığımızın zəfər nəğməsi kimi yaddaşlarda iz salacaqdır.
     Bu gün Azərbaycan Prezidentinin Özbəkistanda olması iki xalqın bir daha qucaqlaşması, ortaq gələcəyə, böyük Türk birliyinə olan inamının daha da möhkəmlənməsidir. İqtisadi tərəfdaşlıqdan strateji müttəfiqliyə ucalan bu münasibətlər, əslində, kökləri tarixin dərinliklərinə işləyən çinarın yeni budaqlarıdır. Türk dünyasının bu iki nəhəng sütunu qarşılıqlı hörmət, insani dəyərlər, ortaq soy-kök və sarsılmaz qardaşlıq üzərində elə bir möhtəşəm körpü salıblar ki, bu körpü gələcək nəsillər üçün sülhün, əmin-amanlığın, qardaşlığın və sarsılmaz birliyin əbədi rəmzi olaraq qalacaqdır.
     Inanırıq ki, bu iki qardaş ölkə arasında qüvvətlənən qardaşlıq bağı ortaq keçmişdən güc alan siyasi iradə, vahid iqtisadi maraqlar və dərin etibar böyük regional zəfərlərin möhkəm bünövrəsi olacaqdır.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ