Sizin reklam burada
Sizin reklam burada
  • 52 İLİN XATİRƏLƏRİ - SORAĞINDA

    Dünyaya göz açan hər kəs sanki bir missiyanı yerinə yetirmək üçün gəlir. Hansısa bir iş üçün doğulur. Vəzifəsindən, peşəsindən, sənətindən və məşğuliyyətindən asılı olmayaraq, xoşbəxt o insanlardır ki, vətəninə, xalqına, elinə, millətinə, dövlətinə sədaqətlə xidmət edir, el-obanın hörməti və məhəbbətini qazanır, insanlığı və xeyirxahlığı ilə xatirələrdən, yaddaşlardan heç vaxt silinmir.İnsan yer üzündə qitələri, səmada ulduzları kəşf etdiyi kimi, tez-tez daxilinə nəzər salıb özünü kəşf etməlidir və özündən soruşmalıdır : mən nəyə qadirəm. İnsan üçün mənəvi sərvətlər qazanmaq, əxlaqi dəyərlərə yiyələnmək maddi nemətlər qazanmaqdan qat-qat çətindir, mürəkkəbdir. Mənəvi sərvətlərin yaradılmasında bilavasitə zəhmət, biliyin özü, zehni fəaliyyət iştirak edir. Həyatı dərk etdikcə öz əqidəsinin şəklinə çevrilir, bu isə onu ya sevindirir, ya da məyus edir. Buna görə də insanın əqidəsi saf olmalıdır.
    Bu gün yaşadığımız hər hansı bir hadisə sabah yaddaşlara hopur yavaş-yavaş xatirəyə çevrilir. Ömrümüzün günləri ötüb arxada qaldıqca xatirələrimiz üst-üstə qalaqlanır, xatirə kitabımızın vərəqlərinin sayı artır, qalınlaşır. Həyatımızın darıxdırıcı anlarında keçmişdə baş verənləri yada salmaq istəyəndə, dünənə boylanıb xatirələr boğçasının ağzına vurulmuş düyünləri açırıq. Bir anlıq da olsa yaşadığımız acıları unudub həyatımıza şirinlik qatmaq istəyirik, könlümüzün xatirə çələngini qəlbimizin ən isti, ən ilıq guşəsində saxlayırıq, çünki çox doğmadırlar, çox əzizdirlər, çox qiymətlidirlər. Ona görə də həmişə xatirələrimizi zamanın soyuğundan, şaxtasından və girovundan qorumağa çalışırıq. Onlar bir-bir vərəqləndikcə yaddaşımızın lap dərin qatlarına qədər gedib çıxırıq. Hərdən fikrləşirsən ki, xatirələr olmasa, biz necə yaşayar, necə ömür sürərik? Bizi nə yaşadardı ? Yəqin ki günlərimiz yalnız bomboz boşluqlardan ibarət olardı. Bunu isə həyat adlandirmaqda çətinlik çəkərdik.
    Qəlbimizin dərinliyinə hopmuş xatirələrin bəzilərini yada salanda üzümüzə təbəssüm qonur, qəlbimizə düşən işıq selində ürəyimiz açılır. Xoşbəxt günlərimizi gözlərimiz önündə yenidən canlandırmaq üçün onların qanadında keçmişə dönürük. Bəzi xatirələrimiz o qədər kövrək olur ki, yada düşəndə kədərlənirik, gözlərimiz nəmlənir. Elə xatirələr də var ki, heç onun sənətinə nə əl uzatmaq, nə də baxmaq istəmirik. Sanki kövrələcəyimizdən, qəlbimizə qəm dolacağından qorxuruq.
    Bəs insan nə vaxt xəyala dalır, nə vaxt xatirələrinə tərəf boylanir?
    Buna içimizdə nə vaxt ehtiyac duyur, Yəqin ki, yaşa dolanda qocalığın mehi üzünə vuranda etiraf edək ki, cavan, gənc və gümrah olanda heç xatirələr yadımıza düşmür. Bu barədə düşünmək belə istəmirik. Çünki o çağlarda göylərdə uçan xəyallarımız yerə enmək istəmir. Özümüzü həyatın qaynar qoynunda çox rahat hiss edirik. Sanki yaşadığımız günləri vərəq-vərəq sabahkı xatirələrimizin üstünə toplayırıq. Toplayırıq ki, xatirələrimiz bir az da çox zəngin olsun.
    Budur nə az, nə çox 52 il bundan öncə orta məktəbi bitirdiyimiz xatirələrin ağuşundayıq.
    22 may 2026-cı il tarixində Saatlı rayonu Gomuşçu kənd orta məktəbinin 1974-cü il məzunlarının görüşü keçirilmişdir. Bitirdiyimiz məktəbin binasından əsər-əlamət qalmasa da onun əvəzində əzəmətli yaraşıqlı məktəb binaları tikilib balalarımızın istifadəsinə verilmişdir. Eyni zamanda bizə dərs deyən sağ qalan 5 nəfər müəllim də görüşdə iştirak etmişdir. Biz oxuyan məktəbi əvəz edən, mərhum, kənd ağsaqqalı uzun müddət təsərrüfatda çalışmış, kolxoz sədri işləmiş Ələhməd Əlicabbar oğlu Əhmədovun adını daşıyan Qaracalar kənd tam orta məktəbi təhsil sahəsində qazandığı uğurlarla respublikada sayılıb seçilən məktəblər sırasındadır. Məhz buna görə möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2014-cu ildə İlin ən yaxşı məktəbi nominasiyasına layiq görülmüşdür.
    Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində əbədiləşdirilmiş Qarabağ şəhidlərinin abidəsi, sonra isə məktəbin adını daşıdığı Ə.Əhmədovun abidəsi ziyarət edilmiş, tər çiçək və gül dəstələri qoyulmuşdur. İştirakçılardan bəziləri şəhidlərimizin qəhrəmanlığından, fədakarlığından danışdılar, Zabit Rüstəmov, el ağsaqqalı,dəyərli insan, maarifpərvər, kəndin inkişafında müstəsna xidmətləri olmuş Əliəhməd Əhmədovun keçdiyi həyat yoluna nəzər yetirmiş, onun haqqında xatirələr söyləmişdir. Sonra məktəbin akt zalında məzunlarla məktəbin pedaqoji kollektivi və şagirdlərlər görüş təşkil edilmişdir.
    Tədbir Azərbaycan Respublikasının himni səsləndirilərək açılmışdır. 1974-cü ilin məzunu olan uzun illər təhsil sahəsində çalışmış Zabit Rüstəmov giriş nitqi ilə tədbiri açıq elan etmiş şəhidlərin, dünyasını dəyişən müəllimlər və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Zabit Rüstəmov eyni zamanda 52 il dövr müddətində xatirələr və təəsüratlarını bildirmişdir. Sonra məzun-biologiya elmlər doktoru, professor Saleh İltizam oğlu Əliyev geniş və məzmunlu nitq söyləmiş ötən dövr üzrə enişli-yoxuşlu, daşlı-kəsəkli həyat yolları xatırlanacaq, diqqətlərdə yaşanacaq hadisələrə işıq salmışdır. Həmin illərdə məzunlara dərs deyən müəllimlərdən Əzim Kərimov, Məmməd Babayev, Gülbaba Əzizov, Zöhrab Əliyev böyük sevinc hissi ilə ürək sözlərini söyləmişlər. 1974-cü ilin məzunlarından Qardaşəli Nağıyev, Xəlilağa Əzizov, Fərzi Kazımov, Şahin Ələkbərov, Zöhrə Həsənova, Eldəniz Həsənov çıxış edərək ötən illərin xatirələrindən söhbət açmışlar. Eyni zamanda vaxtı ilə riyaziyyat müəllimi olmuş, hal hazırda Tovuz rayonunda yaşayan Hökməxanım, kimya müəllimi Əliyar Əliyev isə Qorki şəhərindən sosial şəbəkə, whatsapp vasitəsi ilə tədbirə qoşulmuş, iştirakçıların sevinclərinə şərik olmuşlar.
    Tədbirə məktəbimizin məzunu, kəndin ziyalısı, ixtisasca alim aqronom olan Xamhüseyn Əhmədov qatılmış və məzunların uğuruna sevinmişdir.
    Sonra Əliəhməd Əhmədov adına Qaracalar kənd tam orta məktəbinin direktoru Şamil İbrahimov, müavin Bahadur Quliyev və bir neçə şagird görüş haqqında təəssüratlarını bildirmişlər. Görüşə şərait yaratdıqları üçün məktəbin rəhbərliyinə məzunlar tərəfindən minnətdarlıq bildirilmişdir. Eyni zamanda 1974-cü il məzunlarının bitirdiyi məktəbin digər əvəzləyicisi Gomuşçu kənd tam orta məktəbi də ziyarət edilmiş, müəllim və şagirdlərlə görüş keçirilmişdir və şagirdlərə təhsillərində və gələcək həyatlarında uğur qazanmaq üçün bəzi tövsiyyələrini vermişlər. Məktəbin müəllimlərindən : Könül xanım Hüseynova tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir. Və görüşlərin davamlı olmasını arzulamışdır.
    Görəsən xatirələrimizi daşımağa, yazmağa vaxtımız çatar mı? Ömür buna yetər mi?
    Günlər, həftələr və aylar keçdikcə zaman vaxtın axarında bizi qoynuna alıb gələcəyə aparır. Ömrümüz nizamından çıxmadan öz yolu ilə davam edir. Günlərimiz durna qatarı kimi bir-birinin ardınca ötüb keçir, vərəq-vərəq, söz-söz yaddaşımıza hopur. Yaşadıqca, həyat yolumuza davam etdikcə xatirələrimizlə keçmişə, xəyallarımızla gələcəyə bağlanmağa çalışırıq. Təəssüf ki .... zaman bizim əleyhimizə işləyir.
    Bizdən o qalır ki, Yaradana dualar edək, məzunlarımıza özünün istədiyi qədər ömür, özü də sağlam və mənalı ömür versin. Məzunlarımıza və onların əzizlərinə həyatda şad-xürrəm yaşamaq qismətləri olsun ! Amin !

    Saleh Əliyev - BDU-nun dosenti,
    biologiya elmləri doktoru.
    Zabit Rüstəmov -pedaqoq



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ