Ədəbiyyat elə bir müqəddəs ocaqdır ki, onun közü insanın ruhuna hələ uşaqlıqdan düşür və zamanı gəldikdə alovlanaraq oxucuların qəlbini isidir. Müasir Azərbaycan ədəbi mühitində öz səmimi duyğuları, həyatın dərin qatlarından süzülüb gələn misraları və vətəndaş mövqeyi ilə seçilən qələm sahiblərindən biri də Hicran Fuad Əhmədlidir.
1982-ci ildə Cəlilabad rayonunda, dövrünün tanınmış ziyalısı Rəşid Əhmədovun ocağında dünyaya göz açan Hicran xanım, sözə və sənətə olan sevgini elə ailə mühitindən mənimsəmişdir. Uşaqlıq və gənclik illərini rayonun Günəşli kəndində keçirən müəllif, Əlifağa Həsənov adına 2 saylı tam orta məktəbi uğurla bitirdikdən sonra tibb texnikumuna daxil olmuşdur. İnsan sağlamlığının keşiyində durmaq üçün seçdiyi bu nəcib peşə onun qəlbindəki incə duyğuları, insan taleyinə olan həssaslığı daha da dərinləşdirmişdir.
2003-cü ildə ailə həyatı quraraq paytaxt Bakıya köçən Hicran xanımın daxilində uşaqlıqdan baş qaldıran yaradıcılıq ruhu uzun illər özünü gizli saxlamış, sanki yetişmək, püxtələşmək üçün zamanını gözləmişdir. Lakin əsl istedad gec-tez öz yolunu tapır. Son illərdə Bakının ədəbi-mədəni mühitində fəal iştirak etməyə başlayan şair-nasir, "Sarı Aşıq" ədəbi məclisinin üzvü, "Sazlı-Sözlü Borçalı" və "Qoşma" ədəbi məclislərinin daimi iştirakçısı kimi öz sözünü deməyə başlamışdır.
Bu gün Hicran Fuad Əhmədli oxucuların rəğbətini qazanmış beş kitabın — "İtirdiklərim", "Üşüyən ruhum", "Zülmətdən işığa doğru", "Qapımı döyən səs" və "Qan qoxusu" əsərlərinin müəllifidir. İlk kitabı olan "İtirdiklərim"in "Həqiqətlə üz-üzə" qəzetinin baş redaktoru Elbəyi Salman tərəfindən Cəlilabadlı yazarların əhatəsində təqdim edilməsi onun ədəbi mühitə uğurlu girişinin göstəricisi olmuşdur. Türkiyə Yazarlar Birliyinin (TYB) üzvü olan müəllif "Qızıl qələm", "Zəfər" media mükafatları və "Həməşəra" mətbu orqanının mükafatı laureatıdır. Onun kitabları M.F. Axundov adına Milli Kitabxanada, Prezident Kitabxanasında, Naxçıvan Muxtar Respublikasının Sədərək rayon kitabxanalarında, eləcə də paytaxtın böyük kitabxanaları və məktəblərində geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.
Hicran Fuad Əhmədli yaradıcılığında təkcə fərdi duyğularla kifayətlənmir, həm də yaşadığı cəmiyyətin ağrı-acılarına biganə qalmır. Onun "Əlac qılan yox" şeiri müasir dövrün ictimai-mənəvi mənzərəsini, paytaxt Bakının üzləşdiyi sosial və mədəni aşınmaları kəskin tənqidi ruhda əks etdirən dəyərli bir poeziya nümunəsidir.
Müəllif 2003-cü ildən doğma ocağına çevrilən paytaxta kənardan deyil, məhz içəridən, ona ürəyi yanan bir övlad, bir vətəndaş gözü ilə baxır. Şair müasir urbanizasiyanın gətirdiyi mənəvi soyuqluğu və şəhərin ruhundan uzaqlaşan süni dəyişiklikləri belə ifadə edir:
Göydələn göy dəlir, göydən xəbərsiz,
Yerdən ayaq üzür, "ucal" qədərsiz...
Gününə əl çalım, "dərdsiz, kədərsiz..."
Ay Bakı, dərdinə əlac qılan yox
.
Bu bənddə "göydələn" və "göydən xəbərsiz" sözlərinin qarşılaşdırılması güclü bədii təzad yaradır. Şair göstərir ki, binalar nə qədər ucalırsa ucalsın, mənəvi ucalıqdan və ilahi nizamdan uzaq düşübsə, bu yüksəliş şəhərə xoşbəxtlik gətirmir.
Şeirin ən ağrılı məqamlarından biri də ana dilinə olan laqeydlik və milli kimliyin sıxışdırılmasıdır. Şəhər mühitində yad adların çoxalmasına şair böyük vətəndaş yanğısı ilə etiraz edir:
Şirkətlər unudub ana dilini,
Adını oxuyan tapmır dilini.
Öldürən, basdıran vermir ilini,
Ay Bakı, dərdinə əlac qılan yox.
Hicran xanım təbiət hadisələrini də canlı bir obraz səviyyəsinə qaldıraraq, Xəzər dənizinin çəkilməsini doğma şəhərdən inciməsi kimi təqdim edir. Şəhərin qocalması və təbiətin ondan küsməsi oxucunu dərindən sarsıdır:
Xəzər də inciyib, əl çəkir səndən,
Səni kim qocaltdı, saçların dən-dən.
Əlimdən nə gəlir? Tamaşam gendən.
Ay Bakı, dərdinə əlac qılan yox.
Səməd Vurğunun “26-lar” poeması və Hicran xanımın “Əlac qılan yox” şeiri arasında ədəbi-ideya uyğunluğu olduqca çox yaxındır.
Hər iki əsər arasındakı əsas bağlılıq Bakının canlı bir varlıq kimi “dərdli” və “xəstə” obrazında təqdim edilməsi, eləcə də zaman dəyişsə də, şəhərin ağrı-acısına çarə axtarışı ideyası üzərində qurulub.
Səməd Vurğun poemada XX əsrin əvvəllərindəki sosial ədalətsizliyi, yoxsulluğu (hambal obrazı timsalında) və zülmü "Bakının dərdi var, Bakı xəstədir" misrası ilə ümumiləşdirir. Hicran xanım isə "Şəhər inləyir..." və "Ay Bakı, dərdinə əlac qılan yox" deyərək ustad şairin vaxtilə qoyduğu bu diaqnozun hələ də sağalmadığını və şəhərin hələ də əlac gözlədiyini vurğulayır.
Əsərin kulminasiya nöqtəsində isə müəllif vaxtilə Bakını böyük məhəbbətlə tərənnüm edən ustad şair Səməd Vurğunun ruhuna səslənir. Bu müraciət həm ədəbi varislik, həm də çarəsizlik qarşısında bir imdad çağırışıdır.
Vurğunu axtarır, ruhum səsləyir,
Deyirəm, ay şair, şəhər inləyir...
Qələmim əl açır, imdad diləyir,
Ay Bakı, dərdinə əlac qılan yox.
Nəticə etibarilə, Hicran Fuad Əhmədlinin "Əlac qılan yox" şeiri sadəcə bir tənqid deyil, doğma şəhərə olan böyük məhəbbətdən doğan bir haraydır. Həm bir tibb işçisi kimi insan ağrısını duyan, həm də bir ziyalı və şair kimi cəmiyyətin mənəvi yaralarını görən Hicran xanım, bu əsəri ilə ədəbiyyatın əsas missiyasını — həqiqəti demək və vicdanın səsi olmaq vəzifəsini layiqincə yerinə yetirmişdir.
Hüseyn İsaoğlu,
yazıçı - publisist,
AYB - nin və AJB - nin üzvü
