Ad günün mübarək, ay Solmaz anam!
Səkkiz övlad anası, hər birinə ali təhsil verən, elmə, təhsilə, poeziyaya xüsusi dəyər verən, zəhmətkeş, qayğıkeş, nur üzlü Solmaz anamın ad gününə həsr olunan şeir:
Siması nur saçır, gözləri işıq,
Odur bu dünyaya verən yaraşıq.
Çalsın telli sazın qoy bu gün aşıq,
Ad günün mübarək, ay Solmaz anam!
Seyid ocağının müqəddəs payı,
Pəridir, huridir, mələkdir tayı.
Yüz yaşa yetişsin qoy ömür sayı,
Ad günün mübarək, ay Solmaz anam!
Elmə, həm biliyə verirsən dəyər,
Sənintək bir Ana dünyaya dəyər.
Nə yaxşı anamsan! — dilim söyləyər,
Ad günün mübarək, ay Solmaz anam!
Yoluna nur çilər ulduz da, ay da,
Bir gözəl nemətsən qismətdə, payda.
Dualar dilində olub bir qayda,
Ad günün mübarək, ay Solmaz anam!
Sözün həqiqətək qəlbə yol salar,
Səninlə çiçəklər yazda boy salar.
Övladların sənin qadanı alar,
Ad günün mübarək, ay Solmaz anam!
Seçmisən hər zaman ağı, qaradan,
Sağlam ömür versin böyük Yaradan.
Heç doymaq olarmı belə Anadan..?!
Ad günün mübarək, ay Solmaz anam!
Aynurənin sözü, dastanısan sən,
Qəlbinin ən əziz ünvanısan sən.
Ömrünün ən gözəl şükranısan sən,
Ad günün mübarək, ay Solmaz anam!
Aynurə Əliyeva
ADPU-nun elmi işçisi, müəllim
