Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda azərbaycançılıq məsələsinə xüsusi diqqət çəkib. Çünki milli birlik və milli kimliyin qorunması milli əbədiyyətin əsasını təşkil edir. Bu o deməkdir ki, biz milli-mənəvi dəyərlərimizi, mədəni və tarixi irsimizi bacardığımız qədər qorumalıyıq.
Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusuna həsr olunmuş ictimai dinləməsində AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva deyib.
O qeyd edib ki, tarixi şəxsiyyətlərimizin, şair və mütəfəkkirlərimizin bəzi ölkələrdə başqa xalqların nümayəndələri kimi tanınması da bu məsələyə xüsusi həssaslıqla yanaşmağı zəruri edir. “Biz öz mədəni sərhədlərimizi qorumalı, milli kimliyimizi gücləndirməli və bu istiqamətdə birliyimizi daha da möhkəmləndirməliyik. Heç bir halda tarixi və mədəni irsimizin mənimsənilməsinə imkan verməməliyik. Bu cür hallara qarşı tarixi həqiqətləri və mədəni irsimizi əsaslı şəkildə müdafiə etməliyik. Azərbaycan dilinin, folklorumuzun, adət-ənənələrimizin və digər milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi diqqət yetirməliyik. Bütün bunlar milli kimliyimizin və azərbaycançılıq ideologiyasının yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.
