Sizin reklam burada
Sizin reklam burada
  • Bəradər Səməndərli


    Bəradər Səməndərli  

     

    İNSANLARDAN

     

    Tanrım, bizi hifz eylə

    Nəfsi pis insanlardan.

    Bu çirkli dünyanı bəzə,

    Tərtəmiz insanlardan.

     

    Karvan köçüb, qalmışıq,

    Bulud kimi dolmuşuq.

    Yoxsa, məhrum olmuşuq,

    Doğru-düz insanlardan?

     

    Qarışıb ahıl-cavan,

    Nə haqq qalıb, nə divan.

    Gözləməyin din-iman.

    Bu dinsiz insanlardan.

     

    Götür Şeytana daş at,

    Çəkilsin fitnə-fəsad.

    Alınacaq hesabat,

    Üzbəüz insanlardan.

     

    Ağlamasan, gülməzsən,

    Bu hikməti bilməzsən.

    Xəta-bəla görməzsən,

    Nəslindüz insanlardan.

     

    Bu söz sənə dan gəlir,

    Səməndərlidən gəlir.

    Ölüm qəflətən gəlir,

    Xəbərsiz insanlardan.

     

    DEMƏ, FANİ HƏYATDI

     

    Hər insanın səhvi var,

    Səhvsiz İlahiyyatdı.

    "Əhli-Beyt aşiqinin,

    Nəfsi mənəviyyatdı.

     

    Sənətdə mahirlərin,

    Ləli-cəvahirlərin,

    Yazıçı-şairlərin,

    Bəhsi ədəbiyyatdı.

     

    Şübhə etmə adına,

    Əli istedadına.

    Şiələrin dadına

    "Nəhcül-bəlağə" çatdı.

     

    İnsanlıq qibləsinin,

    İlahi kölgəsinin;

    Yaranış çevrəsinin

    Qövsü riyaziyyatdı.

     

    Bəradər, hökm Onundu,

    Onun hökmü Qanundu.

    Əvvəl özü sonundu.

    Demə, fani həyatdı.

     

    DOĞRU DOLAN, DÜZ DANIŞ

     

    Çox dinləyib, az danış,

    Göz yetirir dost-tanış.

    Doğru dolan, düz danış,

    Cəkin hiylə-kələkdən.

     

    Külək zimistan deyil,

    Nə qar, nə boran deyil.

    Səni aparan deyil,

    Qorxma əsən küləkdən.

     

    Yolu duman alsa da,

    Sonu yaman olsa da,

    Keçmə, hər kim olsa da,

    Kəsdiyin duz-çörəkdən.

     

    Ağıl, zəka çaşmayır,

    Haqdan uzaqlaşmayır.

    Ölüm yolu başlayır,

    Doğuluşdan, bələkdən.

     

    Haqlamasan doxsanı,

    Bu sənin öz nöqsanın.

    Qəlbi gözəl insanın

    Nə fərqi var mələkdən.

     

    Söz ucuzdu, sirr baha;

    Səməndərli, bir daha,

    Üzünü tut Allaha,

    Şükür eylə urəkdən.

     

    BİR DƏ MƏNƏ ELƏ BAXMA...

     

    Bir baxışla yaraladın qəlbimi,

    Bir də mənə elə baxma, sən Allah.

    Dərd üstünə yükləmisən dərdimi,

    Viran könlüm fəryad edib çəkir ah,

    Bir də mənə elə baxma sən Allah.

     

    Nədən məni hədəf tutub baxışın,

    Zalım qızı, gətiribdi naxışın.

    Nə yayın gəlişin bilir, nə qışın,

    Bu sevda elə bir hissdir, yox izah,

    Bir də mənə elə baxma sən Allah.

     

    Mənim fəryad edən çağım keçibdi,

    Səninsə gözlərin məni seçibdi.

    Bir də görərsən həyatdan köçübdü,

    Bəradərsiz qalıb dünya bu sabah,

    Bir də mənə elə baxma sən Allah.

     


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ