Bilirsiniz ki, bələdiyyənin yarandığı gündən fəaliyyəti heç də ürək açan olmayıb. Xalqımız bələdiyyələrə icra hakimiyyətlərinin bir şöbəsi kimi baxıblar. Çünki onlara verilmiş səlahiyyətlər o qədər məhdud çərçivədədir ki, nəzərdə tutulmuş sosial problemləri həll edə bilmirlər.
Ona görə də bələdiyyələrin nüfuzu az olduğu ilə əlaqədar fəaliyyətləri də gözə dəymir. Amma elə rayon, kənd bələdiyyələri var ki, öz bacarığı, savadı, qabiliyyəti hesabına qarşıya çıxan bütün sosial problemləri həll edir.
Belə bələdiyyələrdən biri də Ağcabədi rayonunun Qaravəlli kənd bələdiyyəsidir.
Sərraf Nağıyev Qaravəlli kənd bələdiyyə sədri seçildikdən sonra bütün daxili imkanları nəzərdən keçirərək, bələdiyyəyə daxil olan kəndlərin sosial problemləri ilə maraqlanıb, onları həll etməyə başladı.
Buna misal olaraq, Qaravəlli kənd bələdiyyəsinin təşkilatçılığı ilə Qiyammədinli kənd ərazisində yerləşən kəndin mərkəzi və kəndarası yollarının əsaslı şəkildə təmirinə başlanılıb.
Belə ki, 15 gündən artıq davam edən quruculuq işlərində uzun illərdir bərbad vəziyyətdə olan, təxminən 12-13 km məsafəni əhatə edən yol yataqları bərpa olunub, yolun müəyyən hissəsinə çınqıl döşənib. Qeyd edək ki, yolun qalan hissəsinin də bərpası bundan sonra nəzərdə tutulur. Görülən işlərlə yanaşı, həmçinin kəndarası dalanlar genişləndirilib.
Əlavə olaraq qeyd edək ki, Qiyammədinli kənd ərazisində yerləşən, mərkəzi yolun kənarından keçən, kənd sakinlərinin həyətyanı təsərrüfatlarının suvarılması üçün nəzərdə tutulan, 1,5 km uzunluqda olan su arxının təmizlənməsi işləri də həyata keçirilib.
Burada avtomobillərin rahat gediş-gəlişi üçün keçidlərə iriölçülü borular basdırılıb, eləcə də su keçidləri üçün köhnə borular yeniləri ilə əvəzlənib.
Qiyam Ərşadoğlu
