Sizin reklam burada
Sizin reklam burada
  • Lilpar Cəmşidqızı - QƏZƏLLƏR



    Lilpar Cəmşidqızı

    QƏZƏL

    Görünsə Yar üfüqdən, əlim çırağa dəyməz,
    Çıxanda ox yayından gedib qırağa dəyməz.

    Başımda zülmətimdən çətir tutubdu zülfüm,
    Tufan qopanda hərdən, telim darağa dəyməz.

    Məhəbbətin dəmiindən, alışmasam köz olmaz,
    Danışmasam, lal olsam, sözüm dodağa dəyməz.

    Həqiqət axtaranlar, ədalət istəyərlər,
    Cinayət etməyən kəs, susar, yarağa dəyməz.

    Vida edərsə dilbər, sızıladamaq əbəsdir,
    Ufuldasan, ey aşiq, qəmin fərağa dəyməz.

    Fələk gələndə yerdən itirdiyin götürməz,
    Seçər zərin tilasın, baxar çolağa, dəyməz.

    Ömür sürəndə insan, olur cahanda mehman,
    Fələklə birdi dövran, yıxar, qonağa dəyməz.

    Uçub dağılsa dünya, diz üstə çöksə dağlar,
    Yerin qatında çağlar, axan bulağa dəyməz.

    Ömür yolunda, Lilpar, yorulmasan tükənməz,
    Güc almasan sözündən qələm varağa dəyməz.

    *****

    QƏZƏL

    Könül, cəmalı göyçək o yarı gözləyirsən,
    Şükür, sevibdi ruhum, nigarı gözləyirsən.

    Utandı qönçə güllər, budaqda düyməsindən,
    Xəzan gəlib qopardıb, nübarı gözləyirsən.

    Məlalı görsədəndən, bu can vüsalə yetmir,
    Doyubdu köksüm artıq, naharı gözləyirsən.

    Odum sönəndə küldən qığılcım axtarırsan,
    Telimdə şehli güllər, vüqarı gözləyirsən.

    Buludla dost olandan, gözümdə çən yaratdın,
    Tökülməyəndə leysan, buxarı gözləyirsən.

    Kisəndə gizlədibsən, nə yığdığın görünmür,
    Alıb- verəndə hərdən, çıxarı gözləyirsən.

    Gələndə qarlı günlər, fəsil- fəsil dəyişdin,
    Ömür keçib payızdan, baharı gözləyirsən.

    Nicat umanda gözdən, səhər şəfəq görünməz,
    Yolun sonunda durdun, güzarı gözləyirsən.

    Qanad çalanda ruhun uçar səmayə, Lilpar,
    Çıxanda can qəfəsdən, o Yarı gözləyirsən.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ