Millət vəkili vurğulayıb ki, ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafında qarşılıqlı etimad mühitinin mövcudluğu əhəmiyyətli rol oynayır: “Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksək etimad mühiti dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin dinamikliyində, davamlı siyasi dialoqda özünü təsdiqləyir. Belə ki, ötən dövr ərzində Prezident İlham Əliyevin Türkmənistana 2 rəsmi və 5 işgüzar səfəri olub. Türkmənistan tərəfi də qarşılıqlı səfərlər fonunda əlaqələrin inkişafına töhfələri ilə diqqətdədir. Hər iki tərəf etimad mühitini qorumaq üçün səylər göstərirlər. Liderlərin qarşılıqlı diplomatik addımları və hədiyyələri xalqlararası mənəvi bağları daha da möhkəmləndirir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasiminin keçirilməsi də bu tərkibdəndir. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına töhfədir”.
Malik Həsənov bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafında iqtisadi amilin rolu bugünkü reallıqlardan aydın görünür: “Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Azərbaycan və Türkmənistan Prezidentlərinin mətbuata bəyanatlarında cənab İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq. Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.
Millət vəkili vurğulayıb ki, hazırkı mərhələdə iki dost, qardaş ölkənin birliyi işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində də özünü nümayiş etdirir: “Belə ki, Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirən dövlətimizin başçısı İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilmiş Zirvə Görüşü çərçivəsində qoyulduğunu xatırlatdı. Prezident İlham Əliyev Türkmənistan tərəfindən bu məscidin hədiyyə edilməsini ölkələrimiz arasında səmimi qardaşlıq münasibətlərinin daha bir nümayişi olduğunu bildirdi”.
Malik Həsənov mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri kimi şəhərlərarası əlaqələrin inkişafını da xüsusi qeyd edib: “Bakı ilə Aşqabad, Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Ümumilikdə iki ölkənin münasibətləri bütün sahələrdə uğurlu inkişaf edir. Azərbaycan və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi mötəbər qlobal və regional təşkilatlar çərçivəsində nümayiş etdirdiyi qarşılıqlı dəstək iki ölkənin xarici siyasət uğurlarının təqdimatıdır. Bu tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır”.
Millət vəkili bildirib ki, tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir: “Türk dünyasının birliyinin, həmrəylinin gücləndirilməsi əsas prioritetlərdəndir. Türk dünyası dedikdə ilk növbədə Mərkəzi Asiya ölkələri yada düşür. Münasibətlər ortaq tarixi, mədəni dəyərlər və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulub. Bu əməkdaşlıq həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da möhkəmlənir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır”.
