Milli Məclisin deputatı
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri və bu səfər çərçivəsində imzalanan sənədlər ikitərəfli münasibətlərin daha dərin qarşılıqlı etimad səviyyəsinə yüksəldiyini göstərir. Diplomatik təsnifata görə, dövlət səfəri ən ali səfər hesab olunur, eyni zamanda, ölkələrarası əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir.
Bununla yanaşı, Türkmənistan Prezidentinin ölkəmizə dövlət səfəri təkcə ikitərəfli münasibətlər müstəvisində deyil, daha geniş coğrafiyaya-Avrasiya məkanına təsir imkanları baxımından dəyərləndirilməlidir. Çünki formalaşmaqda olan yeni dünya düzəni qlobal oyun qaydalarını köklü şəkildə dəyişən mürəkkəb çağırışlarla müşayiət olunur. Bu gün enerji resurslarına, xüsusilə qazıntı yanacaq növlərinə çıxış və təsir imkanlarını nəqliyyat və dəhliz bağlantılarına nəzarət imkanlarından kənarda təsəvvür etmək olduqca yanlışdır. XX əsrin tanınmış siyasi nəzəriyyəçisi, Böyük Britaniya parlamentinin üzvü, Oksvord Universitetinin professoru Halford Makkinder “Tarixin coğrafi oxu” əsərində qeyd edirdi ki, “Mərkəzi Asiyanı idarə edən, eyni zamanda, Avrasiyanı da idarə edəcək. Avrasiyanı idarə edən isə bütün dünyanı idarə etmək imkanına malik olacaq”.
Ötən il Səmərqənddə keçirilən ilk Mərkəzi Asiya- Avropa İttifaqı sammiti, onun ardınca Ağ Evdə baş tutan C5+1 formatında Zirvə görüşü bu coğrafiyanın yeni dünya düzəninə strateji təsir imkanlarından xəbər verir. Mərkəzi Asiya dövlətlərinin 30 milyard ton neft və 20 trilyon kubmetr təbii qaz ehtiyatına malik olduğunu nəzərə alsaq, Makkinderin siyasi proqnozunda yanılmadığına əmin ola bilərik. Diqqətdən o da yayınmamalıdır ki, təbii resursların, xüsusilə qaz ehtiyatının əhəmiyyətli hissəsi Türkmənistanın payına düşür. Ötən il Səmərqənddə və Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüşlər zamanı həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən Transxəzər Dəhlizinə və Orta Dəhlizə ayrılan xüsusi diqqət, dəyəri milyardlarla ölçülən sərmayə proqramları yeni dünya düzəni ilə bağlı geosiyasətin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Müharibə və münaqişələrin davam etdiyi, bu səbəbdən ənənəvi nəqliyyat dəhlizlərinin təhlükəsizliyi ilə bağlı böyük sualların yarandığı hazırkı şəraitdə, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasətin əsas prioritetlərindən biri də təlatümlü çağırışların ölkəmizin dövlət və milli maraqlarına cavab verən tarixi fürsətə çevrilməsi ilə bağlıdır. İyunun 22-də Prezident İlham Əliyevin Türkmənistan Prezidentinin iştirakı ilə mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama həmin prioritetlərin ardıcıl şəkildə gerçəkləşdirildiyinin əyani sübutudur: “Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat- logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır”.
Cənab Prezidentin bu açıqlaması, bütün təhdid və təzyiqlərə baxmayaraq, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığı əks etdirir. Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi bu tarixi reallıqla birbaşa bağlıdır, TRIPP layihəsi də yeni reallığın məntiqi nəticəsidir. Görkəmli dövlət xadimi, siyasi proqnozları ilə bütün zamanlarda hesablaşılan amerikalı politoloq Zbiqnev Bjezinski uzun illər əvvəl söyləmişdi ki: “Vaxt gələcək, Azərbaycan böyük siyasətin şahmat lövhəsində mühüm strateji mərkəzə çevriləcək”.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər məhz həmin vaxtı təcəssüm etdirir və bu reallığın müəllifi Azərbaycan Prezidentidir. Bakı gəmiqayırma zavodunda inşa olunmuş “Dostluq” neftdaşıyan tankerinin Türkmənistana hədiyyə olunması da Prezident İlham Əliyevin Avrasiya məkanına və iki qitə arasında qarşılıqlı faydalı əməkdaşlığa strateji baxışını nümayiş etdirir.
Dünyanın aparıcı beyin mərkəzlərinin diqqətindən yayınmır ki, Azərbaycanın Qələbəsi Türk dünyasının oyanışında və daha sıx birləşməsində tarixi rol oynayır. Onu da yaxşı bilirlər ki, Orta Dəhliz və Transxəzər dəhlizi boyunca yerləşən Mərkəzi Asiya ölkələrinin əksəriyyəti, o cümlədən qardaş Türkmənistan Türk dünyasının ayrılmaz parçasıdır. Müstəqillik dövründə neytral statusuna baxmayaraq, Türkmənistanın ümummilli lideri- Arkadağ Qurbanqulu Berdiməhəmmədovun ötən il Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən Zirvə görüşündə iştirakı və onun təşəbbüsü ilə Füzuli şəhərində inşa olunan məscid bir daha sübut edir ki, bütün sınaq və çağırışlara baxmayaraq, ortaq tarixi bağlarımız olduqca möhkəmdir.
Heç şübhəsiz ki, bu faktorun daha da güclənməsi və TDT-nin nüfuzlu beynəlxalq subyektə çevrilməsi Türk dünyası liderlərinin siyasi iradəsindən əhəmiyyətli dərəcədə asılıdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi növbəti açıqlama həm də bu tarixi gerçəkliyin diplomatik təsbitidir: “Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qrşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi”.
