Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq bildirib ki, ölkə Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” üzrə Tədbirlər Planı təsdiq edilib. Həmin sənəddə qiymətli kağızlar bazarı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi də nəzərdə tutulub.
Komitə sədri qeyd edib ki, sözügedən Tədbirlər Planının icrası məqsədilə Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri hazırlanıb.
O, layihələrin ümumi məqsədinin innovasiya fəaliyyətinin maliyyələşdirilməsi üzrə müasir, habelə beynəlxalq təcrübədə geniş tətbiq edilən hüquqi və maliyyə alətlərinin milli qanunvericilikdə tanınmasını təmin etməkdən, habelə rəqəmsal iqtisadiyyatın inkişafı üçün vergi, sosial sığorta, miqrasiya, gömrük, lisenziya və icazə, eləcə də dövlət satınalmaları sahəsində təşviq mexanizmlərinin formalaşdırılmasından ibarət olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov qanun layihələrinin mahiyyəti barədə məlumat verib.
Bildirilib ki, təqdim olunan layihələrdə Miqrasiya Məcəlləsində, Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” qanunda müəyyən güzəştlər nəzərdə tutulur. Təklif olunan dəyişikliklərdə ölkədə rəqəmsal inkişaf sahəsinə investisiya qoyuluşlarının stimullaşdırılması, sahibkarların vergi yükünün azaldılması, onların cəlb etdiyi işçilərin əməkhaqqının gəlir vergisindən azad edilməsi, işəgötürənlərin və işçilərin sosial sığortasi ilə bağlı güzəştlərin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, rəqəmsal səyyah institutunun müəyyənləşdirilməsi, gömrük ödənişlərinin azaldılması, dövlət satınalmalarında startapların, texnopark və sənaye parkları rezidentlərinin fəaliyyətinə dair güzəştlər, habelə vençur kapitalı fondlarının hüquqi bazasının formalaşdırılması ilə bağlı müddəalar da öz əksini tapıb.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu məsələlər barədə fikirlərini açıqlayıb. O, bildirib ki, nəzərdə tutulan dəyişikliklər rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edir, habelə vergi, əmək, sığorta, gömrük, miqrasiya, satınalmalar sahəsində yeni münasibətlərin formalaşmasında hüquqi əsasların yaradılmasını təmin edir. Qeyd olunub ki, təqdim edilən sənədlərə əsasən, Əmək Məcəlləsinə “işçilərin pay iştirakının planı haqqında müqavilə” anlayışı daxil edilir, müqavilənin şərtləri və əmək münasibətlərinə xitam verilməsi ilə bağlı qaydalar müəyyən edilir. “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdə isə rəqəmsal iqtisadiyyat subyektləri üçün diferensiallaşdırılmış güzəştli rejim nəzərdə tutulur.
Müzakirələrdə deputatlar Jalə Əliyeva, Soltan Məmmədov çıxış edərək, layihələrin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.
Sonra onlayn iclasda “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, sənəddə uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur.
Tədbirdə, habelə Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib. Məsələ ilə əlaqədar diqqətə çatdırılıb ki, sənəd torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlanıb.
Daha sonra Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Qeyd edilib ki, layihədə daşınmaz əmlakın kadastrı və reyestri sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı zəruri dəyişikliklər nəzərdə tutulur.
Videokonfransda Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, sənədə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın artıq bir misli yox, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər.
Növbəti məsələ - Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd edilib ki, sənədin məqsədi “Kraudfanding haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar müvafiq qanunvericilik aktlarında uyğunlaşdırmaların aparılmasıdır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) isə sözügedən Məcəlləyə inzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi ilə bağlı, kibertəhlükəsizliyin təmini sahəsində normativ hüquqi aktların tələblərinə dair maddələrin əlavə edilməsi, bəzi maddələrdə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Tədbirdə, bununla yanaşı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, habelə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.
Onlayn iclasın gündəliyinə daxil edilən qanun layihələrinin hamısı Milli Məclisin iclasında baxılmaq üçün tövsiyə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
