İnstitutdan bildirilib ki, monoqrafiyanın “Giriş” hissəsində Əhməd Ağaoğlu XX əsr Azərbaycan ictimai-siyasi, ədəbi-mədəni fikir tarixinin bənzərsiz nümayəndəsi, cəmiyyətin müasirləşməsi haqqında görüşlərinə görə M.F.Axundzadənin layiqli davamçısı olaraq təqdim edilir. Müəllifin fikrincə, M.F.Axundzadənin maarifçilik konsepsiyasında fəal xalq məsələsi öndə dayandığı kimi, Ə.Ağaoğlunun düşüncəsində yetkin millət anlayışı xüsusi önəm kəsb edir.
Monoqrafiyanın birinci fəslində Ə.Ağaoğlunun bioqrafiyası zəngin faktlar əsasında təqdim olunur, yazıçının həyatının Şuşa, Tiflis, Paris, Bakı, Ankara və İstanbul dövrü araşdırılır, müasirləri ilə əlaqələrinə ətraflı nəzər salınır. İkinci fəsildə Ə.Ağaoğlunun bədii-fəlsəfi nəsri “Sərbəst insanlar ölkəsində”, “Mən kiməm”, “Tanrı dağında” və “Könülsüz olmaz” əsərləri əsasında tədqiq olunur. Həmin əsərlərdə Ə.Ağaoğlunun türkçülük görüşləri öz əksini tapır. Monoqrafiyanın üçüncü fəslində ədibin Maltada sürgünlükdə qələmə aldığı xatirələri, “Sərbəst firqə xatirələri” və “Altmış yeddi il sonra” memuarları araşdırılır. Müəllifin fikrincə, memuarlar Ə.Ağaoğlunun gerçək obrazının qavranılmasında müstəsna əhəmiyyətə malikdir. Sonuncu fəsildə Ə.Ağaoğlunun epistolyar irsi tədqiq olunur. Onun Maltadan ailə üzvlərinə, habelə Nəriman Nərimanova və müxtəlif illərdə Əli bəy Hüseynzadəyə göndərdiyi məktubların təhlilindən belə nəticə hasil olur ki, yazıçının epistolyar irsi onun xarakterini, zövqünü, baş verən ən mürəkkəb tarixi hadisələrə baxışlarını, siyasi dünyagörüşünü müəyyənləşdirməyə imkan verir. Monoqrafiya Azərbaycan, türk və rus dillərində olan zəngin zəruri bədii və elmi mənbələr əsasında hazırlanıb. Monoqrafiyanın ikinci nəşri Ə.Ağaoğlunun həyatı və yaradıcılıq irsinə böyük maraqla bağlıdır.
