QƏZƏL
Ah edib, nalə çəkən bülbülə dönsən, gələrəm,
Həsrətimdən saralan sünbülə dönsən, gələrəm.
Od tutan bir ocaq olsan, dözərəm şiddətinə,
Köksümün üstə tökülsən, külə dönsən, gələrəm.
Yar, xumar gözlərimin dəhrdə *həmrazı idin,
Məsti- halınla *zərəfşan telə dönsən, gələrəm.
Badədir könlü meyin, qan daşıyır qəlbimə hey,
*Damənimdən güc alırsan, selə dönsən, gələrəm.
Halbahal etdi külək, yar, Gilavar əsdi yenə,
Bir sərin yer gəzirəm, Göygölə dönsən, gələrəm.
Can verən xatirələrdən enərəm mənzilinə,
Mazidən tazələnən bir ilə dönsən, gələrəm.
Gəzdiyin hər çəmənin şəbnəmi çöhrəmdən axır,
Ahu gözlüm, fərəhindən çölə dönsən, gələrəm.
Bəstələnmiş şeirəm, nəğmədi ruhumda gəzən,
Zabulun tar- qavalından dilə dönsən, gələrəm.
Açmayan qönçə nə bilsin, nədi, Lilpar, busə,
Yar deyir, bağdə sən tər gülə dönsən, gələrəm.
*Həmraz- etibarlı dost
*Zərəfşan- qızıl saçan
*Damən- ətək
***
QƏZƏL
(Törəmə bəhr)
O yarı gözləyirəm, xeyli zamandır, gələcək,
Könüldə bəslədiyim sanki gümandır, gələcək.
Günəş batanda gedib, pəncərədən boylanıram,
Mənim də sevdiyimin qaşı kamandır, gələcək.
Dedim "vəfalı" dönüb bir kərə baxsın geriyə,
Xəbər veribdi, qalıb yolda, dumandır, gələcək.
Tufan qopan dənizin sahili sakit dayanar?
Bilir ki, yar ürəyim köhnə limandır, gələcək.
Bu canı almaq üçün ruhumu Yar arzulayır,
Gedib- gələn göyə aləmdə şamandır, gələcək.
İçində qan dolaşan könlümü həsrətdi sıxan,
Kədərlə, qəmlə dolub, halı yamandır, gələcək?
Əlimdə bir tikə var, yarı hədər gözləyirəm,
Gücüm tükəndi mənim, can əlamandır gələcək?
Dizimdə güc dözə bilmir əyilən qamətimə,
Dirəndiyim çöp olan sarı samandır, gələcək.
Yolun sonunda duran, sevgili Lilpar, Yaradan,
Deyir ki, gözlədiyim yerdə amandır, gələcək.
***
QƏZƏL
Aşiqə zülm eylədin Sən nə qədər yerdə, Yar,
Ruhum əzəldən qalıb qul kimi zəncirdə, Yar.
Köksümün altında can, od qalayır hər gecə,
Çox elədin atəşin, kül ola təndirdə, Yar.
Bağla dəyirman daşın boynuma, bir gün, gəlim,
Çayda çimim pak olum, tez boğulum Kürdə, Yar.
Üstümə dağdan ağır qoydu nəzər dərdü qəm,
Fırlanıram, ah çəkib, yer görünür girdə, Yar.
Div kimi aldanmadım, fani cahan mülkünə,
İçməmişəm heç zaman, mən suyu xəlbirdə, Yar.
Şamü səhər gözlərim pəncərədən boylanıb,
Bir camı sındırmamış, çəkməmişəm pərdə, Yar.
Pöhrələyib qalmışam, kök salacam gözləsən,
Hər budağım düymələr, olmasa *pəjmürdə, Yar.
Qorxularım can verir, ağlım itib, korşalıb,
Bir dəlidən bezmişəm, bəlkə yatım pirdə, Yar?
Ağlını başdan alıb göydə həyat Lilparın,
Getsəm əgər fanidən, gəlməyəcəm bir də, Yar.
*Pəjmürdə- solğun, pərişan
