Lilpar Cəmşidqızı
QƏZƏL
Bağlıdır, aç yolu, Tanrım, qara göz aşiqinə,
Dar gəlir yerdəki dağ, çöl, təpə, düz aşiqinə.
Misri Sultanı Züleyxayə xəbər yollamayır,
Verməyir bircə kərə bəs nədən üz aşiqinə?
Çox əziyyətləri çəkmişdi Məhəmməd(s.ə.s) Əli(ə.s),
Bilirəm, zülm elədin sevgidən öz aşiqinə.
Yandırır qəlbini şəm, hər gecə pərvanə üçün,
Vermisən gör nə qədər yanmağa köz aşiqinə.
Cənnətin bağinə gəlsin, onu mehman elə Sən,
Ən gözəl qönçəni koldan yenə "üz" aşiqinə.
Göyün altında əlin qaldırır aləmdə, Xuda,
Səndə sal bir nəzərin, sayəni "düz" aşiqinə.
Eşq ucundan yapışan, Leyli kimi xəstələnib,
Ey təbibim, əl uzat, ver həbi qız aşiqinə.
Bir şəfəqdir, doğulur, zülməti gündüz eləyir,
Boğular düşsə əgər, vermə dəniz, aşiqinə.
Neçə Məcnun yaradıb çöllərə saldın, yenə də,
Olmayıbdır o zaman Leyli kəniz aşiqinə.
Tək qoyub cismini yerdən Sənə gəlsin, de, necə?
Çünki batində deyirsən, yenə döz aşiqinə.
Lilparın könlünə bir zərrə salıbsan, Yaradan,
Çeviribsən bu yetim bəndəni söz aşiqinə.
