Sizin reklam burada
Sizin reklam burada
  • Yeni dövlət yardımı: Kiçik fermerlər kənarda qalır?

    Aqrar sektorda subsidiyaların yeni şərtləri geniş müzakirələrə səbəb olub


    Azərbaycanda hökumət rəsmi olaraq 2027-ci il üçün kənd təsərrüfatı subsidiyalarının, yəni dövlət yardımlarının məbləğini və şərtlərini açıqlayıb. Aqrar Subsidiya Şurasının qəbul etdiyi bu yeni qərar ölkənin kənd təsərrüfatı sahəsində yeni bir dəstək mexanizmlərini və əlavə ödənişləri nəzərdə tutur. Lakin qərardan dərhal sonra sosial mediada və xüsusilə xırda sahibkarlar arasında yeni qaydaların əsasən iri təsərrüfatlara və aqroparklara uyğunlaşdırıldığına dair ciddi tənqidlər və müzakirələr başlayıb.


     Heyvandarlıq və torpaq meyarları sual altında


    Yeni qaydalara əsasən, azı 100 hektar torpaq sahəsində minimum 500 baş qoyun və ya keçi saxlayan təsərrüfatlara hər heyvan üçün 4 manat subsidiya verilməsi qərara alınıb. Bununla yanaşı, iri buynuzlu heyvandarlıqda diri çəkisi 600 kq-dan yuxarı olan danaları bəsləyənlərə subsidiya ayrılması nəzərdə tutulur.


    Məhz bu rəqəmlər sosial şəbəkələrdə fermerlərin əsas narazılıq dalğasına çevrilib. Tənqidçilər qeyd edirlər ki, ölkədəki xırda kəndlilərin real imkanları bu tələblərdən çox uzaqdır. Məsələn, sosial media istifadəçisi Tofiq Şahmuradov bildirir ki, "Fermerlərin 90%-nin ümumiyyətlə örüş yeri yoxdur və onların böyük hissəsinin heç 20 hektar torpağı belə mövcud deyil". Digər tərəfdən, Fariz Qəhrəmanov dana bəsləyənlər üçün qoyulan 600 kq-lıq diri çəki tələbini real yanaşma hesab etmir və bunu kəskin tənqid edir. Kəndçilər ümumi olaraq bu qərarların real kənd təsərrüfatı işçisinə birbaşa xeyrinin toxunmayacağından narahatdırlar.


    Bitkiçilik və toxum tələblərində sərtləşmə


    Yeni qərarlar taxıl istehsalçıları üçün də əhəmiyyətli şərtlər gətirir. Belə ki, buğda və arpa əkənlər arasında yalnız sertifikatlı toxumlardan istifadə edənlər daha yüksək məbləğdə subsidiya ala biləcəklər. Hökumətin bu addımı keyfiyyətli məhsul istehsalını artırmağa yönəlsə də, sertifikatlı toxum əldə edə bilməyən xırda istehsalçıların gələcəkdə dövlət dəstəyindən tamamilə məhrum olmaq riski yaranır.


    Müzakirələr fonunda kiçik və orta sahibkarlar üçün çıxış yolları da təklif olunur. Sosial şəbəkələrdə bəzi istifadəçilər iddia edirlər ki, xırda fermerlər bir neçə nəfər birləşərək kooperativlər yarada və bu yolla 100 hektarlıq torpaq və ya 500 baş heyvan şərtini birgə yerinə yetirə bilərlər. Lakin bu təklifi irəli sürənlər belə, heyvanbaşına ayrılan 4 manatlıq məbləğin çox aşağı olduğunu vurğulayırlar.


    Nazirliyin mövqeyi: Hədəf intensiv inkişafdır


    Bütün bu tənqidlərə rəğmən, Kənd Təsərrüfatı Nazirliyi yeni subsidiya dövrünün əsas hədəflərini tam fərqli müstəvidə izah edir. Nazirliyin rəsmi açıqlamasına görə, bu qərarın əsas məqsədi ölkədə ümumi məhsuldarlığı kəskin şəkildə artırmaq, müasir suvarma və aqrar texnologiyaların tətbiqini genişləndirməkdir. Dövlət bu yolla yerli emal sənayesini dayanıqlı xammalla təmin etməyi və Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını daha da gücləndirməyi hədəfləyir.


    Ekspertlər hesab edirlər ki, yeni mexanizmlər ekstensiv (ənənəvi və dağınıq) təsərrüfatdan intensiv (müasir və irimiqyaslı) idarəetməyə keçidi  sürətləndirmək üçün bir təzyiq rıçaqıdır. Lakin bu keçid dövründə xırda kəndlinin və kiçik ailə təsərrüfatlarının sosial-iqtisadi vəziyyətinin necə qorunacağı sualı aktual olaraq qalmaqdadır.


    Qiyam Ərşadoğlu


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ