"20 Sentyabr Azərbaycan dövlətçilik tarixinin ən mühüm günlərindən biridir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bu tarix Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasını ifadə edir."
Bunu "atributinfo.az"a açıqlamasında millət vəkili Mircəlil Qasımlı bildirib. O, qeyd edib ki, dövlət suverenliyi müstəqilliyin əsas dayaqlarından biridir. Suveren dövlət öz daxili və xarici siyasətini sərbəst müəyyən edir, sərhədlərinə nəzarət edir və öz ərazisində ali hakimiyyətə malik olur. Azərbaycan xalqı da əsrlər boyu azadlıq, müstəqillik və dövlətçilik uğrunda mübarizə apararaq bu tarixi mərhələyə çatıb.
Uzun illər Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal altında qaldı. Münaqişənin sülh yolu ilə həlli üçün çoxsaylı diplomatik səylər göstərilsə də, beynəlxalq sənədlərin icrası təmin edilmədi.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi və ərazi bütövlüyümüzün bərpasına nail oldu.
2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolu üzərində sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət suverenliyinin təmin olunması istiqamətində mühüm addım idi. Bunun ardınca həmin ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycanın konstitusiya quruluşu bütün ölkə ərazisində tam bərpa olundu.
Mircəlil Qasımlının sözlərinə görə, 20 Sentyabr yalnız hərbi və siyasi uğurun deyil, həm də milli iradənin, xalq-dövlət birliyinin və tarixi ədalətin təcəssümüdür. Bu gün Azərbaycan öz sərhədlərinə tam nəzarət edən, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü dövlətdir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, Böyük Qayıdış proqramı həyata keçirilir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da dövlətçilik dəyərlərinə verilən xüsusi önəmi bir daha göstərir.
20 Sentyabr xalqımızın milli qürur, dövlətçilik və Zəfər günüdür. Bu tarix Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda aparılan mübarizənin şərəfli nəticəsi kimi daim yaşayacaq.
Bəradər Səməndərli
"Atributinfo.az"
