![]()
Bu gün biz Qərbdən Şərqə doğru yük bazasını Orta Dəhlizə cəlb etmək üçün avropalı tərəfdaşlarla aktiv əməkdaşlığa başlamışıq.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən 5-ci “Qara dəniz və Xəzər Yük Forumu 2026: Dəhlizlər, İnfrastruktur, İnvestisiyalar” beynəlxalq konfrans-sərgidə çıxışı zamanı deyib.
“Biz onlarla kontaktı elə bir formada qurmağa çalışırıq ki, həm onlar, həm də bizim üçün bu istiqamətdə əməkdaşlıq maraqlı olsun və yükləri cəlb etmək imkanımız yaransın. Son bir neçə ildə əsasən Çin mənşəli yüklərin və ya Mərkəzi Asiya ixracının cəlb edilməsinə diqqət yetirirdik. Konteynerləşdirilə bilən yüklərdən danışsaq, əsasən, Çin mənşəli yükləri nəzərdə tuturuq. Biz bu yükün Orta Dəhlizə cəlb olunması üzərində işləyirdik. Bu gün bu istiqamətin inkişafı ilə paralel olaraq genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. İnfrastruktur layihələri dedikdə, həm Orta Dəhliz boyunca yerləşən limanların ərazisində, həm də dəmir yollarının ərazisində — Qazaxıstan, Azərbaycan, Gürcüstan ərazilərində aparılan işləri nəzərdə tuturuq. İnfrastruktur layihələrinə paralel müxtəlif addımlar atılıb və bu gün də atılır. Bunlar birbaşa dəhlizin proqnozlaşdırıla bilməsini inkişaf etdirməyə yönəlib ki, yükötürənlər nə ilə qarşılaşdıqlarını, bu və ya digər yükü təyinat nöqtəsində nə vaxt təhvil ala biləcəklərini dəqiq başa düşsünlər", - deyə E.Məmmədov əlavə edib.
