Müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, yeni geosiyasi reallıqlar və güc mərkəzlərinin formalaşması bir sıra beynəlxalq təşkilatların fəaliyyətinə yenidən nəzər salınmasını zəruri edir. Bu baxımdan Avropa Şurası və Avropa Parlamenti kimi qurumların bəzi məsələlərə yanaşması, ikili standartlara əsaslanan mövqeləri və siyasi təzyiq vasitəsi kimi istifadə olunan qərarları ciddi suallar doğurur.
Bu fikirləri Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət, suverenliyə müdaxilə etməmək və beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək əsas meyarlardan sayılır.
“Lakin bəzi Avropa təsisatlarının müəyyən ölkələrə münasibətdə fərqli yanaşma nümayiş etdirməsi onların obyektivliyi və siyasi qərəzsizliyi barədə müzakirələrə yol açır. Avropa Şurası və Avropa Parlamenti tarixən insan hüquqlarının, demokratiyanın və hüququn aliliyinin müdafiəsi ilə əlaqələndirilən qurumlar kimi tanınıb. Bununla belə, həmin prinsiplərin tətbiqində seçicilik müşahidə olunduqda, bu təsisatların nüfuzuna və beynəlxalq münasibətlərdəki roluna xələl gəlir. Eyni məsələlərə müxtəlif dövlətlərə münasibətdə fərqli qiymət verilməsi Avropanın özünün bəyan etdiyi dəyərlərlə real siyasi davranış arasında ziddiyyət yaradır. Azərbaycanın timsalında bu yanaşmalar xüsusilə diqqət çəkir. Ölkəmiz regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, suverenliyin qorunması, nəqliyyat və enerji bağlantılarının inkişafı istiqamətində fəal siyasət həyata keçirir. Belə bir şəraitdə Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və suveren hüquqlarına münasibətdə obyektiv mövqe nümayiş etdirilməsi beynəlxalq tərəfdaşlığın vacib şərtidir”, - deyə A.Nağıyev qeyd edib.
Komitə sədri əlavə edib ki, beynəlxalq təşkilatların qərarları siyasi təzyiq alətinə çevrildikdə və regiondakı reallıqlar nəzərə alınmadıqda, onların problemlərin həllinə töhfə vermək imkanları zəifləyir: “Halbuki dialoqun təşviqi, qarşılıqlı etimadın yaradılması və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın gücləndirilməsi daha səmərəli nəticələr verə bilər. Bu kontekstdə “anaxronizm” və “atavizm” anlayışları da xüsusi məna daşıyır. Anaxronizm dəyişən dövrün reallıqlarına uyğun gəlməyən yanaşmaları, atavizm isə keçmişə xas siyasi davranış və düşüncə tərzinin yenidən üzə çıxmasını ifadə edir. Müasir beynəlxalq münasibətlərdə köhnəlmiş siyasi stereotiplərə əsaslanmaq, dövlətlərə selektiv münasibət göstərmək və geosiyasi maraqları universal dəyərlərdən üstün tutmaq bu anlayışlarla səciyyələndirilə bilər”.
Arzu Nağıyev qeyd edib ki, bu gün Avropa təsisatlarının qarşısında duran əsas vəzifə dəyişən dünya nizamının reallıqlarını düzgün qiymətləndirmək, siyasi qərəzdən uzaq dayanmaq və bütün dövlətlərə vahid prinsiplər əsasında yanaşmaqdır.
“Əks halda, belə qurumların qəbul etdiyi qərarlar beynəlxalq əməkdaşlığı gücləndirmək əvəzinə, qarşılıqlı etimadın zəifləməsinə və siyasi ziddiyyətlərin dərinləşməsinə səbəb ola bilər. Azərbaycan üçün əsas prinsip beynəlxalq münasibətlərdə bərabərhüquqlu əməkdaşlıq, milli maraqların qorunması və beynəlxalq hüquqa hörmətin təmin edilməsidir. Bu prinsiplərə əsaslanan yanaşma həm regional sabitliyin möhkəmləndirilməsi, həm də beynəlxalq təşkilatların öz nüfuzunu qoruması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.
