Fəxrəddin Ağamirzəyev,
Jurnalist-hüquqşünas,
“HÜQUQ VƏ QANUN” jurnalının baş redaktoru.
Bir kökün iki budağı: Dönməz Türkiyə-Azərbaycan qardaşlığına qarşı uğursuz təxribat cəhdləri
"Bir millət, iki dövlət" fəlsəfəsi sadəcə diplomatik münasibətləri xarakterizə edən siyasi şüar deyil, tarixi, genetik və mənəvi gerçəkliyin özüdür. Son günlər Azərbaycanda ümumtəhsil məktəblərində müəllim və şagirdlərin geyim forması, qəbul edilən dünyəvi təhsil standartları bəzi maraqlı qüvvələr tərəfindən süni şəkildə qabardılır. Xüsusən də hicabla bağlı. Məqsəd bəllidir: məişət, din və ya daxili nizam-intizam qaydalarından siyasi alət kimi istifadə edərək Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmaq, cəmiyyətlər arasında nifaq toxumu səpmək. Lakin ara qarışdırmaq istəyənlərin nəzərdən qaçırdığı və heç vaxt dəyişdirə bilməyəcəyi fundamental bir həqiqət var: biz bir kökün, bir genin və eyni əcdadın övladlarıyıq.
Tarixi ardıcıllığa və etnogenezimizə nəzər salsaq, görərik ki, türklərin yer üzündə bir millət kimi formalaşması bəşər tarixinin ən qədim dövrlərinə gedib çıxır. Bizlər bu dünyaya gələndə, dövlətlərimizin təməlləri atılanda nə bugünkü ənənəvi geyim formaları, nə də dinlər mövcud idi. Bizim qan bağımız, genetik kodumuz hər cür ideoloji və dini mənsubiyyətdən daha qədimdir. Tarixin sonrakı mərhələlərində eyni dini inancları bölüşməyimiz təsadüfi deyil; bu, qan qardaşlığımızın, ruh yaxınlığımızın və eyni mədəni hövzədən qidalanmağımızın təbii nəticəsidir. Din bizi birləşdirən dəyərlərdən biridir, ancaq birliyimizin yeganə və ya ilk təməli deyil.
Bununla belə, cəmiyyətlərin inkişaf dinamikası və tarixi proseslər fərqli trayektoriyalar cıza bilir. Türkiyə və Azərbaycan qardaş xalqlar olsalar da, əsrlər boyu fərqli coğrafiyalarda, fərqli imperiyaların qonşuluğunda və müxtəlif ictimai-siyasi formasiyalarda inkişaf ediblər. Müxtəlif dövlət quruluşları, siyasi sistemlər və qanunvericilik bazaları xarakterlərdə, həyat tərzində və ictimai normalarda müəyyən fərqliliklər formalaşdırıb. Azərbaycanın özünəməxsus dünyəvi dövlət modeli, dünyəvi təhsil sistemi ənənələri var. Məktəblərdə uniformalaşma, dini atributların və ya xüsusi geyimlərin tənzimlənməsi dövlətin daxili dünyəvi nizamının və təhsil siyasətinin bir parçasıdır. Bu gün həyat tərzi və qanunvericilik müstəvisindəki fərqliliklər son dərəcə təbii, keçərli və cəmiyyətin daxili təkamül prosesinin bir hissəsidir.
Bu fərqlilikləri qabardaraq iki dövlət arasında süni böhran yaratmağa çalışan qüvvələr bilməlidirlər ki, kimsə bu qardaşlığa xələl gətirə bilməz və heç kim belə bir riskə girməməlidir. Dövlətlərin daxili qərarları, ictimai formasiyaların fərqliliyi qan bağına, "bir millət" konsepsiyasına təsir edə biləcək gücdə deyil.
Türkiyə-Azərbaycan birliyi zamanın, siyasi konyunkturaların və provokasiyaların fövqündə dayanır. Biz qan qohumu, qan qardaşıyıq. Ara qarışdıranların xırda məişət və ictimai qərarlar üzərindən qurduğu planlar tarixin dərinliklərindən gələn bu əbədi və sarsılmaz qardaşlıq divarına çırpılaraq yox olmağa məhkumdur. Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı geriyə dönməzdir və heç bir kənar təsir bu tarixi birliyin təməl daşlarını yerindən oynada bilməz. Bir Atalar məsəlində deyildiyi kimi: Ətlə dırnaq arasına girən (...) çürüyər çıxar!
Bütün bunlardan yola çıxaraq, təkcə Oğuz yurdunun və Anadolu coğrafiyasının övladlarına deyil, dünyanın dörd bir yanına səpələnmiş bütöv Türk dünyasına müraciət edirəm:
Qan qardaşlığımıza, sarsılmaz birliyimizə burun soxmaq, köklərimizi hədəf alaraq aramıza nifaq toxumu səpmək istəyən hər cür qüvvəyə qarşı hər zaman həssas və oyaq olun! Unutmayın ki, bizim gücümüz birliyimizdədir. Bu gün hədəfə alınan sadəcə Türkiyə-Azərbaycan qardaşlığı deyil, böyük Türk dünyasının ortaq gələcəyidir. Tarix boyu bizi fərqli adlar altında parçalayaraq zəiflətməyə çalışanlara verəcəyimiz ən tutarlı cavab – bir-birimizə daha möhkəm sarılmaqdır.
Oğuz türkü, Anadolu türkü, qıpçaq və ya dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir türk fərdi bu müqəddəs birliyi göz bəbəyi kimi qorumalıdır. Bizi süni bəhanələrlə üz-üzə qoymağa çalışanlara, bu əbədi qardaşlığa xələl gətirməyə cəhd edənlərə heç vaxt fürsət verməyin. Birliyimizə uzanan əlləri, aramıza girməyə çalışan qərəzli niyyətləri həssaslıqla dərhal dəf edin. Türk dünyasının birliyi sarsılmazdır, dönməzdir və bütün sınaqlardan alnıaçıq çıxaraq sonsuza qədər var olacaqdır!
