Hicran Hüseynova
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor
Azərbaycan tibb elminin inkişafında özünəməxsus iz qoymuş, bütün ömrünü uşaqların sağlamlığına həsr etmiş görkəmli alim, akademik Adilə Namazovanın xatirəsini yad etmək üçün II Fəxri xiyabanda məzarını ziyarət etdik.
Ziyarətdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova da iştirak edirdi.
Adilə Namazova ömrünü insanlara xidmətə, uşaqların sağlamlığının qorunmasına, tibb elminin inkişafına həsr etmiş fədakar alim, qayğıkeş həkim və əsl ziyalı idi. Onun həyat yolu yalnız elmi nailiyyətlərlə deyil, həm də insanlara olan sonsuz məhəbbəti, xeyirxahlığı, yüksək mənəvi keyfiyyətləri və Vətənə bağlılığı ilə səciyyələnir. O, Azərbaycan tibb elminin inkişafına verdiyi töhfələrlə, pediatriya və uşaq kardiologiyası sahəsində apardığı mühüm tədqiqatlarla tariximizdə özünəməxsus yer tutub. Eyni zamanda, qadınların və uşaqların hüquqlarının müdafiəsi, ailə dəyərlərinin qorunması, gənc nəslin sağlam yetişməsi istiqamətində fəaliyyəti ilə də böyük hörmət və rəğbət qazanıb.
Adilə xanım üçün həkimlik sadəcə peşə deyil, insan həyatına xidmət etmək missiyası idi. O, hər bir uşağın sağlamlığını, hər bir ailənin sevincini özünə mənəvi borc bilirdi. Xəstələrinə şəfa vermək, çətin vəziyyətdə olan insanlara kömək etmək onun həyat amalına çevrilmişdi. Məhz bu insani keyfiyyətləri onu xalqın sevimlisinə, Azərbaycan qadınının qürur duyduğu şəxsiyyətlərdən birinə çevirmişdi.
Adilə Namazovanın ömür yolu sübut edir ki, insanın böyüklüyü yalnız qazandığı elmi adlarla və təltiflərlə deyil, həm də cəmiyyətə verdiyi töhfələrlə, toxunduğu həyatlarla, arxasında qoyduğu mənəvi irslə ölçülür. O, öz zəhməti, biliyi və fədakarlığı ilə neçə-neçə insanın həyatına işıq salıb, gələcək nəsillər üçün örnək bir həyat yaşayıb.
Bu gün Adilə xanım aramızda olmasa da, onun zəngin elmi irsi, nəcib əməlləri və xeyirxah insan obrazı yaşayır. Belə şəxsiyyətlərin ömür yolu zaman keçdikcə daha böyük məna kəsb edir, onların xidmətləri xalqın yaddaşında əbədi yer tutur.
Akademik Adilə Namazovanın əziz xatirəsini dərin ehtiramla yad edir, Azərbaycan elmi və səhiyyəsi qarşısındakı misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayırıq. Allah rəhmət eləsin!
