Danılmaz faktdır ki, Qarabağ münaqişəsinin başlanmasında Ermənistanın keçmiş rəhbərləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan da günahkardır və hər birinin əli minlərlə günahsız insanın qanına batıb. Ancaq təəssüflər olsun ki, həmin müharibə cinayətkarları, uşaq qatilləri hələ də layiqli cəzalarını almayıblar.
Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
“Əslində bu faktın özü hələ də dünyada ikili standartların mövcud olmasından, beynəlxalq hüquq və prinsiplərin qorunmamasından irəli gəlir. Necə olur ki, XX əsrdə uşaq və körpə cinayətləri törədən, mülki insanları qətlə yetirən, terrorizm və soyqırımına rəvac verən, hətta bunu öz dili ilə etiraf edənlər cəzasız qala bilirlər? Əgər cəzasızlıq mühiti davam edirsə, deməli, haqq-ədalət tam bərpa olunmayıb. Cinayətlərin təkrarlanmasının qarşısını alan ən mühüm amil cəzanın qaçılmazlığı prinsipidir”, - deyə deputat qeyd edib.
O bildirib ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, təəssüflər olsun bu ölkənin mahiyyəti, işğalçılıq, talançılıq siyasəti dəyişmədi. Əksinə Nikol Paşinyan hakimiyyəti də öz sələflərinin yolunu davam etdirməyə meyilli olduğunu destruktiv siyasəti ilə nümayiş etdirtdi. Sələflərinin başlamış olduğu işğalçılıq siyasətini yeni bir mərhələyə daşımağı qarşıya məqsəd qoyan N.Paşinyan yeni ərazi iddialarına düşdü. O, “Qarabağ Ermənistandır və nöqtə” deyərək münaqişənin sülh yolu ilə həllindən uzaq olduğunu açıq şəkildə büruzə verirdi. Onun da digər rəhbərlər kimi vaxtı uzatmağa, münaqişəni dondurmağa və status-kvonu qorumağa xidmət edən siyasəti danışıqlar yolu ilə məsələlərinin həllinə olan ümidləri öldürmüşdü. Beləliklə, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlamasına rəvac verdi. Vətən müharibəsi ilə acı məğlubiyyət görən Ermənistan kapitulyasiyaya məcbur edildi. Bu da o anlama gəlir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi heç vaxt sülh, danışıqlar yolu ilə münaqişənin həllində maraqlı olmayıb. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri də Ermənistan dövlətini danışıqlar prosesinə gəlməyə vadar edən məfhumun Azərbaycan Ordusunun və dövlətinin gücü olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi sülh hələ də çox kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, - deyə Nəsib Məhəməliyev əlavə edib.
