Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Qax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə görüşlər davam etdirilir.
"Atributinfo.az" Tasmalı kənd ərazi partiya təşkilatında keçirilən görüşdə ilk öncə Azərbaycan Respublikasının himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşdə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək qeyd etdi ki, VIII qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkənin qarşısında yeni imkanların və eyni zamanda yeni çağırışların dayandığı bir mərhələdə keçirilməsi baxımından xüsusi siyasi məna daşıyır. Cənab Prezident İlham Əliyevin qurultaydakı çıxışında Azərbaycanın keçdiyi yol, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın yaradılması, hərbi potensialın artırılması, beynəlxalq mövqelərin gücləndirilməsi və suverenliyin təmin olunması bir-birini tamamlayan proseslər kimi təqdim edilir. Həmçinin vurğulandı ki, YAP-ın VIII qurultayının müəyyən etdiyi ideoloji xəttə görə, Azərbaycan daxilində hazırda hər hansı ciddi daxili risk mövcud deyil, bütün potensial təhdidlər kənardan formalaşdırılmağa çalışılır. Buna görə də partiyanın çoxsaylı fəalları və strukturları cəmiyyətin informasiya təhlükəsizliyini təmin etmək, müstəqil dövlətçilik maraqlarını və milli həmrəyliyi hər cür xarici manipulyasiyadan qorumaq üçün daim fəal və preventiv addımlar atmalıdırlar.
Tasmalı kənd ərazi partiya təşkilatının sədri Məhərrəm Alagözov, partiya üzvlərindən Ramilə Həbilova, Sarat Sərdarova çıxış edərək qeyd etdilər ki, Azərbaycanın qarşısında artıq keçmişin problemlərini həll etməkdən daha çox, əldə edilmiş nəticələri qorumaq və onları gələcəyin dayanıqlı inkişaf modelinə çevirmək vəzifəsi dayanır. Bu yolun siyasi dayaqlarından biri isə yarandığı gündən dövlətçilik ideyasını fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirən Yeni Azərbaycan Partiyasıdır. VIII Qurultay Azərbaycanın Zəfərdən sonrakı dövrünün siyasi düşüncəsinə baxış, yeni reallıqların qiymətləndirilməsi və gələcəyə dair strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm siyasi platformadır. Azərbaycanın qarşısında duran yeni mərhələdə isə siyasi sabitlik, güclü dövlətçilik, iqtisadi müstəqillik, təhlükəsizlik, milli birlik və müasir ideoloji yanaşmalar bir-birindən ayrı deyil, vahid inkişaf strategiyasının tamamlayıcı istiqamətləri kimi çıxış edir.
Bəradər,
Zahir
"Atributinfo.az"
