Zaman axıb gedir, aylar ayları, illər illəri əvəz edir. Lakin elə dostluqlar, elə insan münasibətləri var ki, illərin sınağından keçərək daha da möhkəmlənir, saflaşır və nəsillərə örnək olacaq bir mənəvi dəyərə çevrilir. Bu gün haqqında böyük qürur və ehtiramla söz açmaq istədiyim insan – ömrünün müdriklik çağını, 65 illik yubileyini qeyd edən əziz tələbə yoldaşım, dəyərli publisist və sadiq dostum Hüseyn Məmmədovdur (Hüseyn İsaoğlu). Bizim Hüseynlə ilk tanışlığımız ötən əsrin unudulmaz illərinə – hər ikimizin gənclik xəyalları ilə yaşayıb, ali təhsil almaq amalı ilə sənədlərimizi o zamankı Azərbaycan Pedaqoji İnstitutuna (APİ) təqdim etdiyimiz günə təsadüf edir. Mən Əzimzadə adına rəssamlıq texnikumunu bitirmişdim, Qubanın Afurca kəndində rəsm-rəsmxət müəllimi işləyirdim. Yaşca Hüseyndən 6-7 yaş böyük olsam da, içimdəki elm, təhsil eşqi məni paytaxta gətirmişdi. Sənəd növbəsində dayandığımız zaman gələcək dostumla həmsöhbət olduq. O, Gədəbəydən olduğunu, Bakıda zavodda fəhlə işlədiyini bildirdi. Hüseyn bir neçə il idi ki, imtahan versə də, xarici dil səddini keçə bilmədiyi üçün qəbul ola bilmirdi. Mənim orta məktəbdə xarici dil keçmədiyimi öyrənəndə, mənə bu statusda olanların həmin imtahandan azad olduğunu bildirdi. Bu məlumat mənim üçün böyük bir sevinc və ümid oldu. İmtahan günləri həm həyəcanlı, həm də unudulmaz idi. Hüseynlə imtahanlara birgə gedir, auditoriyadan çıxanda bir-birimizi intizarla gözləyir, uğurlarımızı, sevinclərimizi uşaq səmimiyyəti ilə bölüşürdük. Nəhayət, hər ikimiz istədiyimizə nail olduq: APİ-nin filologiya fakültəsinə qəbul olunduq. Beş illik tələbəlik həyatımız eyni qrupda, çiyin-çiyinə keçdi. Hüseynin qələmə, söz sənətinə olan bağlılığı elə tələbəlik illərindən özünü büruzə verirdi. O, hələ gənc yaşlarından fəal yaradıcılıqla məşğul olurdu. Onun imzası tez-tez "Azərbaycan gəncləri", "Bakı" və institutumuzun "Gənc müəllim" qəzetlərinin səhifələrində görünürdü. Yazdığı hər bir məqalədə gələcəyin böyük publisistinin ayaq səsləri duyulurdu. İnstitutu bitirdikdən sonra hərəmiz bir tərəfə dağılışsaq da, qəlblərimiz ayrılmadı, dostluğumuz eyni bağla davam etdi. Sonrakı illərdə mən Hüseyn müəllimin mətbuatda işıq üzü görən hər bir yazısını böyük həvəs və maraqla izləyirdim. Məktəbdə, müəllimlər otağında boş vaxt tapan kimi qəzetləri vərəqləyir, onun məqalələrini iş yoldaşlarıma fəxrlə göstərərək: "Bu dərin məzmunlu yazının müəllifi mənim tələbə yoldaşımdır!" – deyirdim. Bu, sadəcə bir dostun uğuruna sevinmək deyil, həm də onun istedadına olan sonsuz ehtiramın ifadəsi idi.
Bizim dostluğumuz təkcə rəsmi münasibətlərlə məhdudlaşmadı, ailəvi yaxınlığa çevrildi. Hüseyn İsaoğlu hər il yay aylarında ailəsi ilə birlikdə bizim kəndə gələr, qonağımız olardı. Kəndimizin təmiz havasında, doğma ocağımızda keçən o günlər unudulmazdır. Rəhmətlik atam Şamil kişi Hüseynin insanlığına, mənəviyyatına o qədər bələd olmuşdu ki, həmişə deyərdi: "Mən Hüseyn müəllimi öz oğlanlarımdan ayırmıram. O, çox yaxşı, nəcib insandır. Sizin bu təmənnasız dostluğunuza əhsən deyirəm!".
Zaman keçdi, övladlarımız böyüdü və taleyin xoş bir təsadüfü, bəlkə də dostluğumuzun müqəddəsliyi sayəsində bu bağlar daha da dərinləşdi. Biz dostluqdan qohumluğa – qudalığa addım atdıq. Hüseyn müəllimin gözəl, tərbiyəli qızını oğlum üçün gəlin gətirdim. Beləliklə, gənclik illərində təməli qoyulan dostluq körpüsü böyük bir ailə birliyinə çevrildi, daha da möhkəmləndi.
Mən Hüseyn İsaoğlunun yaradıcılığına çox yaxından bələd olan bir insanam. Deyə bilərəm ki, onun qələmindən çıxan kitabların, publisistik məqalələrin ilk oxucularından biri mən olmuşam. Onun əsərləri bugünkü həyatın reallıqlarını, cəmiyyətin nəbzini tutan, insanı düşünməyə və doğruya səsləyən qiymətli sənət nümunələridir. Hüseyn yazılarında heç vaxt həqiqətdən qaçmır, cəmiyyəti düşündürən ağrılı və aktual mövzuları özünəməxsus ustalıqla işıqlandırır.
Bu gün bütöv bir ömrün salnaməsi olan 65 illik yubiley ərəfəsindəyik. Yarım əsrə yaxın bir dövrü əhatə edən sadiq tələbə yoldaşım, dəyərli qudam, sözün əsl mənasında böyük İnsan və ziyalı olan Hüseyn müəllimi bu şərəfli yubileyi münasibətilə ürəkdən təbrik edirəm!
Sənə uca Tanrıdan uzun ömür, möhkəm cansağlığı və yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayıram, əziz dostum! Qələmin həmişə iti, sözün kəsərli olsun! 65 illik yubileyin mübarək!
Dərin hörmət və sevgilərlə,tələbə
yoldaşın və qudan Abid Şamiloğlu (Abidov)
