![]()
Azərbaycan üçün məhsuldarlıq və dayanıqlılıq bir-birinə alternativ məqsədlər deyil. Onlar vahid aqrar transformasiyanın bir-birini tamamlayan iki istiqamətidir. Rəqəmsallaşma isə bu iki istiqaməti birləşdirən mühüm vasitələrdən biridir.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq” adlı yüksəksəviyyəli dəyirmi masada çıxış edərkən deyib.
Nazir vurğulayıb ki, süni intellekt, peyk və məsafədən zondlama texnologiyaları, iqlim və sahə məlumatları, dronlar və sensorların kənd təsərrüfatında daha dəqiq və vaxtında qərarların qəbuluna imkan yaratdığı yeni mərhələyə keçirlər.
“Nazirliyin aqrar sahədə Süni İntellekt Təşəbbüsü çərçivəsində məqsədimiz müxtəlif mənbələrdən əldə olunan məlumatları inteqrasiya edərək onları praktik həllərə çevirməkdir. Meteoroloji və iqlim məlumatlarının əldə olunması üçün hazırda 180-dan çox iqlim stansiyasının qurulması prosesinə başlanılıb. Lakin texnologiya özlüyündə məqsəd deyil. Onun real dəyəri sahədə, fermer üçün praktik faydaya çevrildiyi anda yaranır; su ehtiyatlarından daha səmərəli istifadə etməyə, riskləri daha erkən müəyyənləşdirməyə, məhsulu qorumağa, məhsuldarlığı artırmağa və daha əsaslandırılmış qərarlar qəbul etməyə imkan verdiyi zaman. Biz, eyni zamanda, anlayırıq ki, bu transformasiyanı heç bir ölkə təkbaşına həyata keçirə bilməz.
Tərəfdaşlarımızla birgə hazırlanmış və COP29 çərçivəsində başladılmış fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü iqlimədavamlı kənd təsərrüfatı sahəsində mövcud səyləri daha yaxşı əlaqələndirmək, maliyyə, bilik, texnologiya və potensialın gücləndirilməsi imkanlarının fermerlər, xüsusilə kiçik fermerlər, qadınlar və gənclər üçün praktik imkanlara çevrilməsinə töhfə vermək məqsədilə yaradılıb", - deyə M.Məmmədov qeyd edib.
