Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru
Xəstə-həkim münasibətlərində, xüsusən də qarşılıqlı inam və etimadın daha da artmasında vacib olan bəzi fikirlərimi Sizinlə bölüşmək istəyirəm.
Xəstə ilə həkim arasında inamın formalaşmasının ən vacib şərtlərindən biri hadisələrə doğru yanaşmaqdan keçir. Çünki bu gün həkimlik sənətini icra edən hər bir insan bu müqəddəs və şərəfli işi görərkən eyni zamanda çox böyük bir mənəvi və peşəkar məsuliyyət daşıyır.
Bu məsuliyyət yalnız xəstəni doğru müayinə etmək, düzgün diaqnoz qoymaq və müalicə etməkdən ibarət deyil. Biz həkimliyin dəyərlərini öz fəaliyyətimizdə doğru yaşatmaqla yanaşı, onları bizdən sonra gələn, yanımızda yetişən və gələcəkdə bu missiyanı davam etdirəcək gənc həkimlərə də ötürməliyik. Əslində, bu gün bunun üçün bəlkə də əvvəlkindən daha çox məsuliyyət daşıyırıq.
Çünki dünya getdikcə süniləşir. Texnologiya həyatımızın hər sahəsinə daha dərindən daxil olduqca, insan münasibətlərində canlı ünsiyyətin, mərhəmətin, anlayışın və insan toxunuşunun azalması təhlükəsi də artır. Dünya insanın insana toxunuşundan uzaqlaşdıqca, orada yaşamaq da bir o qədər çətinləşə bilər.
Məhz buna görə həkimlik sənəti gələcəkdə yalnız elmə, texnologiyaya və yüksək peşəkarlığa deyil, bəlkə də əvvəlkindən daha çox insanlığa ehtiyac duyacaq. Həkim xəstənin qarşısında yalnız tibbi bilik daşıyan mütəxəssis deyil; onun qorxusunu anlayan, ümidini qoruyan və ən çətin anında yanında olduğunu hiss etdirən insandır.
Bizim üzərimizə düşən məsuliyyət də budur: tibbin elmini inkişaf etdirərkən onun ruhunu itirməmək, texnologiyanın imkanlarından istifadə edərkən insan toxunuşunu qorumaq və bizdən sonra gələn nəsillərə həkimliyin yalnız bir peşə deyil, insana xidmət üzərində qurulmuş böyük bir mənəvi məsuliyyət olduğunu ötürmək.
