Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru
Son illərdə ölkəmizdə həyata keçirilən səhiyyə islahatları, xüsusilə icbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyəsində ciddi və artıq gündəlik həyatda hiss olunan dəyişikliklər baş verib. On il əvvəlki vəziyyətlə bugünkü imkanları müqayisə etdikdə, xüsusilə mürəkkəb, yüksək texnologiya tələb edən xəstəliklərin diaqnostika və müalicəsinə vətəndaşlarımızın əlçatanlığının müqayisəolunmaz dərəcədə artdığını görürük. Yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, müasir diaqnostika və müalicə texnologiyalarının ölkəyə gətirilməsi, dövlət tərəfindən səhiyyəyə ayrılan vəsaitlərin artması böyük bir inkişaf yolunun nəticəsidir.
Əlbəttə, görüləcək işlər hələ çoxdur. Səhiyyə elə bir sahədir ki, burada inkişafın son nöqtəsi yoxdur. Tibb dəyişir, texnologiya dəyişir, insanların gözləntiləri və xəstəliklərin strukturu dəyişir. Buna uyğun olaraq səhiyyə sistemi də daim yenilənməlidir. Dövlətimizin və hökumətimizin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət də məhz bu davamlı inkişafın təmin edilməsinə yönəlib.
Lakin səhiyyənin gələcək inkişafından danışarkən bir məsələni xüsusi vurğulamağı vacib hesab edirəm. İstənilən ölkədə səhiyyəyə nə qədər böyük maliyyə vəsaiti ayrılsa, nə qədər müasir xəstəxanalar tikilsə və dünyanın ən son tibbi texnologiyaları gətirilsə də, bütün bunları real nəticəyə çevirən əsas qüvvə insan resursudur.
Bu insan resursunun mərkəzində, ilk növbədə, yüksək ixtisaslı həkim mütəxəssislər, onların yanında tibb bacıları və orta tibb personalı, eləcə də xəstəxananın idarəetmə və digər yardımçı xidmətlərində çalışan peşəkarlar dayanır. Müasir xəstəxana ayrı-ayrılıqda yaxşı həkimlərin və ya yaxşı avadanlıqların toplusu deyil. Yüksək keyfiyyətli səhiyyə xidməti eyni peşəkar dili danışan, problemləri eyni standartlarla qiymətləndirən, qərarvermə mexanizmlərini bölüşən və xəstənin ətrafında vahid komanda kimi işləməyi bacaran insanların yaratdığı sistemdir.
Məhz bu baxımdan səhiyyəmizin ən qiymətli və gələcəyimiz üçün strateji əhəmiyyət daşıyan resurslarından biri rezident həkimlərimizdir.
Uzun illərdir həm xaricdə, həm də Azərbaycanda tibbi təhsilin, klinik praktikanın və ixtisaslaşma prosesinin içərisində olan bir həkim kimi hesab edirəm ki, rezidentlərə münasibətimizdə müəyyən yanaşmaları dəyişdirməyin vaxtı çatıb. Rezident həkimə sadəcə tələbə kimi baxmaq doğru deyil. O, artıq ali tibb təhsilini başa vurmuş, həkim diplomu almış və seçdiyi ixtisas üzrə peşəkar hazırlığın ən ağır mərhələlərindən birini keçən həkimdir. O, bir tərəfdən öyrənir, digər tərəfdən isə real klinik fəaliyyətin içərisində olur, xəstələrin müalicəsində iştirak edir, növbələr tutur, əməliyyatlarda və müdaxilələrdə iştirak edir, məsuliyyət daşımağı və klinik qərarverməni öyrənir.
Başqa sözlə, rezidentura yalnız təhsil deyil. Bu, təhsil, əmək, klinik məsuliyyət və peşəkar formalaşmanın eyni zamanda baş verdiyi xüsusi bir mərhələdir.
Buna görə də rezidentlərin sosial və maddi təminatı məsələsinə yalnız əməkhaqqı müstəvisindən yanaşmaq kifayət deyil. Burada söhbət bütövlükdə bir sistemdən – onların əmək şəraitindən, tədrisinin keyfiyyətindən, klinik fəaliyyət imkanlarından, sosial müdafiəsindən, gələcək karyera perspektivindən və akademik inkişaf yolundan gedir. Dünyada aparılmış çoxsaylı müşahidələr də göstərir ki, tibb işçisinin peşəkar motivasiyası və sosial rifahı ilə səhiyyə xidmətinin keyfiyyəti arasında ciddi əlaqə mövcuddur. Həkimin öz gələcəyinə inamı nə qədər güclüdürsə, sistem də bir o qədər dayanıqlı olur.
Burada başqa bir mühüm məsələyə də toxunmaq istəyirəm. Azərbaycanda rezidentura təhsilinin akademik statusu və onun elmi fəaliyyətlə əlaqəsi gələcəkdə daha ciddi müzakirə edilməli mövzulardan biridir. Beynəlxalq təhsil təsnifatlarında doktorantura ən yüksək akademik pilləni ifadə edir və müxtəlif ölkələr tibbi ixtisaslaşma ilə akademik inkişaf arasında fərqli modellər qurublar. Bizim üçün əsas məsələ rezidenturanı sadəcə formal olaraq hansısa akademik pilləyə bərabərləşdirmək deyil. Əsas məsələ rezident həkimin klinik ixtisaslaşma dövründə elmi fəaliyyətlə məşğul ola bilməsi, tədqiqat aparması, elmi iş hazırlaması və gələcək akademik karyerasına vaxt itirmədən davam edə bilməsi üçün real mexanizmlərin yaradılmasıdır.
Bu məsələnin əhəmiyyəti yalnız akademik titul məsələsi ilə məhdudlaşmır. Çünki bu gün potensiallı gənc həkimlərimizin bir hissəsinin xarici ölkələrə üz tutmasının səbəbini sadəcə “orada tibbi təhsil daha keyfiyyətlidir” fikri ilə izah etmək məncə, doğru deyil. Ən azı 25 ildən artıq müddətdə həm xaricdə, həm də Azərbaycanda tibbi təhsil və klinik sistemin içərisində olmuş bir insan kimi deyə bilərəm ki, səbəblər daha mürəkkəbdir.
Gənc həkim xaricə gedərkən yalnız daha yaxşı təhsil axtarmır. O, eyni zamanda əməyinin qiymətləndirilməsini, sosial təminatını, akademik inkişaf imkanını, elmi fəaliyyət üçün şəraiti və gələcəyinin daha aydın görünməsini axtarır.
Burada bizim üçün çox vacib bir sual meydana çıxır: dövlətimizin uzun illər böyük vəsait və imkanlar sərf edərək yetişdirdiyi istedadlı gənclərin ölkədə qalması üçün biz onlara hansı peşəkar gələcəyi təqdim edirik?
Hesab edirəm ki, qarşıdakı dövrdə bu suala sistemli cavab verməliyik. Rezident həkimlərin maddi və sosial təminatının mərhələli şəkildə yaxşılaşdırılması, onların əmək fəaliyyətinin hüquqi və peşəkar statusunun daha dəqiq müəyyənləşdirilməsi, klinik iş yükü ilə tədris arasında düzgün balansın yaradılması, elmi fəaliyyət imkanlarının genişləndirilməsi və rezidenturadan sonrakı karyera yolunun daha aydın şəkildə qurulması səhiyyə islahatlarımızın növbəti mühüm istiqamətlərindən biri ola bilər.
Eyni yanaşma tibb bacılarımıza və orta tibb personalımıza da şamil edilməlidir. Dünyanın ən yaxşı xəstəxanalarının təcrübəsi göstərir ki, yüksək səviyyəli səhiyyə yalnız güclü həkimlə qurulmur. Peşəkar tibb bacısı sistemi, davamlı təhsil, ixtisaslaşma, məsuliyyət bölgüsü, karyera inkişafı və layiqli sosial təminat olmadan müasir xəstəxana modelini təsəvvür etmək mümkün deyil.
Azərbaycan səhiyyəsi son illərdə çox böyük infrastruktur və texnoloji inkişaf yolu keçib. Bu nailiyyətləri görmək və qiymətləndirmək lazımdır. Amma hesab edirəm ki, əldə etdiyimiz maddi-texniki imkanları daha yüksək tibbi nəticələrə çevirmək üçün növbəti böyük yatırımımız insana olmalıdır.
Həkimə, rezidentə, tibb bacısına, orta tibb personalına, onların biliyinə, təhsilinə, sosial rifahına və gələcəyə inamına.
Çünki səhiyyənin səviyyəsini yalnız xəstəxananın böyüklüyü, binanın müasirliyi və ya içərisindəki cihazların qiyməti müəyyən etmir. Son nəticədə həmin cihazın qarşısında dayanan, gecə saatlarında xəstənin yanında olan, doğru qərarı saniyələr içərisində verməli olan və insan həyatının məsuliyyətini daşıyan insandır.
Bu səbəbdən düşünürəm ki, səhiyyəmizin inkişafının növbəti mərhələsində əsas strateji istiqamətlərdən biri artıq qurduğumuz güclü maddi-texniki bazanın üzərində eyni dərəcədə güclü insan kapitalının formalaşdırılması olmalıdır.
Çünki güclü səhiyyəyə aparan yol yalnız müasir xəstəxanalardan deyil, həm də həmin xəstəxanaların içərisində öz gələcəyini görən güclü insanlardan keçir.
Əminəm ki, harada olmağımızdan və hansı məsuliyyəti daşımağımızdan asılı olmayaraq; istər tələbə, istər həkim, istər qərarverən, istər qanunverici, istərsə də qəbul edilən qərarları həyata keçirən tərəf, istər xəstə kimi hər birimiz eyni məqsəd ətrafında sıx birləşərək, mövcud çətinlikləri birlikdə aşacaq və cənab Prezident tərəfindən müəyyən edilmiş strateji yol xəritəsinə uyğun olaraq Azərbaycan səhiyyəsinin daha yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olacağıq.
Gecəniz xeyrə qalsın. Hər birimizə yaxşı həftə sonu arzulayıram.
