Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda yeni reabilitasiya mərkəzlərinin yaradılması günün vacib tələblərindəndir
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naftalan Reabilitasiya Mərkəzi müxtəlif kateqoriyalı əlilliyi olan şəxslərin, Vətən müharibəsi qazilərinin, müharibə veteranlarının və sağlamlıq imkanları məhdud insanların reabilitasiyasında mühüm rol oynayır.
Hazırda biz də bu mərkəzdə dövlət hesabına 14 günlük müalicə kursu keçirik. Mərkəzdə pasiyentlərə lazer terapiyası, maqnitoterapiya, müalicəvi masaj, Naftalan neft vannaları, su vannaları, fizioterapiya prosedurları və müxtəlif idman avadanlıqları vasitəsilə reabilitasiya xidmətləri göstərilir.
Goranboy, Bərdə və hətta Ağdam rayonundan əlilliyi olan insanlar da Naftalan Reabilitasiya Mərkəzinə gələrək, geri qayıtmaq şərtilə ambulator müalicə kurslarından yararlanırlar. Bu isə mərkəzdə reabilitasiya xidmətlərinə olan tələbatı daha da artırır və növbələrin yaranmasına səbəb olur.
Əlilliyi olan şəxslərin sayının çoxluğu və reabilitasiya xidmətlərinə artan tələbat yeni, müasir tipli və daha çox çarpayılı reabilitasiya mərkəzlərinin yaradılmasını zəruri edir.
Əlaqədar qurumlar niyə gecikir?
Naftalan bu gün həm müalicə, həm də istirahət mərkəzi kimi tanınır. Şəhərdə çoxsaylı özəl sanatoriyalar və istirahət obyektləri fəaliyyət göstərir. Lakin onların xidmətlərindən bütün əlilliyi olan şəxslərin istifadə etməsi maddi baxımdan mümkün deyil.
Ona görə də dövlət hesabına fəaliyyət göstərən reabilitasiya müəssisələrinin sayının artırılması, mövcud mərkəzlərin genişləndirilməsi və müasir tibbi avadanlıqlarla təmin edilməsi vacibdir.
Naftalan Reabilitasiya Mərkəzinin rəhbərliyi, həkimləri, tibb bacıları, sanitariya işçiləri və digər əməkdaşları öz vəzifələrini vicdanla yerinə yetirir, pasiyentlərə diqqət və qayğı ilə yanaşırlar. Bu fədakar kollektivə minnətdarlığımızı bildiririk.
Lakin bütün bunlarla yanaşı, ölkəmizdə reabilitasiya xidmətlərinə ehtiyacı olan insanların sayını nəzərə aldıqda, mövcud imkanların kifayət etmədiyi də aydın görünür.
Reabilitasiya xidmətlərinə tələbat artır
Respublikamızda müxtəlif bölgələrdə reabilitasiya müəssisələri fəaliyyət göstərir. Lakin mövcud mərkəzlərin çarpayı fondunun məhdudluğu reabilitasiyaya ehtiyacı olan insanların uzun müddət növbə gözləməsinə səbəb olur.
Naftalan Reabilitasiya Mərkəzinin 25, Yevlax Reabilitasiya Mərkəzinin 14, Şirvan Reabilitasiya Mərkəzinin isə 12 çarpayılı olması böyük tələbat fonunda kifayət qədər geniş imkan yaratmır.
DOST mərkəzləri vasitəsilə müraciət edən və reabilitasiyaya ehtiyacı olan bəzi vətəndaşlar uzun müddət növbə gözləməli olurlar.
Əvvəllər əlilliyi olan şəxslərin müəyyən dövrlərlə, o cümlədən üç aydan bir reabilitasiya müəssisələrində müalicə almaq imkanları daha geniş idi. Bu gün isə reabilitasiya xidmətlərinə ehtiyacın artması mövcud infrastrukturun yenidən nəzərdən keçirilməsini zəruri edir.
Bakıdakı reabilitasiya mərkəzinin bağlanması təəssüf doğurur
Vaxtilə Bakıda fəaliyyət göstərmiş Respublika Tibbi-Sosial Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə bağlı şəxsi xatirələrim də var. Mən həmin mərkəzdə üç dəfə müalicə kursu keçmişəm.
Mərkəzin rəhbəri professor Səadət İsmayılovanı yüksək insani keyfiyyətlərə malik, pasiyentlərə diqqət və qayğı ilə yanaşan rəhbər kimi xatırlayıram. Orada müalicə ilə yanaşı, pasiyentlərin istirahətinə də xüsusi diqqət göstərilirdi. Dadlı və keyfiyyətli ev yeməkləri hazırlanır, müxtəlif tədbirlər təşkil olunur, xüsusilə 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı tədbirlərdə canlı konsert proqramları təqdim edilirdi.
Həmin tədbirlərdə bu sətirlərin müəllifi kimi mən də iştirak etmiş, görülən xeyirxah işləri Respublika dövlət qəzetində işıqlandırmışam.
Bu səbəbdən həmin reabilitasiya müəssisəsinin fəaliyyətinin dayandırılması mənim üçün də, orada müalicə alan insanların bir çoxu üçün də ürəkaçan olmadı.
Qarabağ və Şərqi Zəngəzurda reabilitasiya mərkəzləri artırılmalıdır
Bu gün qarşıda yeni imkanlar açılıb.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yalnız yaşayış məntəqələrinin bərpası və yenidən qurulması baxımından deyil, həm də səhiyyə və reabilitasiya infrastrukturu baxımından böyük potensiala malikdir.
Şuşa, Laçın, Kəlbəcər,Xankəndi , Qubadlı, Xankəndi və digər yaşayış məntəqələrində müasir reabilitasiya mərkəzlərinin yaradılması dövlət sosial siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməlidir.
Xüsusilə Kəlbəcər, Laçın, Ağdam və Qubadlı kimi təbii iqlim və coğrafi imkanları olan rayonlarda müasir reabilitasiya və sağlamlıq komplekslərinin yaradılması məqsədəuyğun olardı.
Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni şəhər və qəsəbələrlə yanaşı, burada insan sağlamlığına xidmət edən reabilitasiya mərkəzlərinin də sayı artırılmalıdır.
Hətta qarşıya daha böyük hədəf qoymaq olar: bölgədə yaradılan müasir otellərin, turizm və istirahət obyektlərinin inkişafı ilə paralel olaraq, reabilitasiya və sağlamlıq turizmi komplekslərinin də geniş şəbəkəsi formalaşdırılmalıdır.
Çünki Qarabağın və Şərqi Zəngəzurun dağ iqlimi, mineral suları, təbii sərvətləri və müalicəvi imkanları burada yalnız turizmin deyil, həm də tibbi reabilitasiyanın inkişafı üçün əlverişli şərait yaradır.
Nə qədər otel və turizm obyekti tikiriksə, bir o qədər də müasir reabilitasiya komplekslərinin yaradılmasına diqqət yetirməliyik.
Qarabağın və Şərqi Zəngəzurun bərpası yalnız yolların, binaların və hotellərin tikilməsi ilə tamamlanmır. İnsan sağlamlığına xidmət edən müasir səhiyyə və reabilitasiya müəssisələrinin yaradılması da bu böyük quruculuğun ayrılmaz hissəsi olmalıdır.
Xüsusilə Vətən müharibəsi qazilərinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin və digər ehtiyacı olan insanların uzunmüddətli reabilitasiyası üçün bölgədə geniş imkanlar yaradılmalıdır.
Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Xankəndidə , Xocavənddə, Tuğda və digər yaşayış məntəqələrində müxtəlif profilli reabilitasiya komplekslərinin yaradılması məqsədəuyğun olardı. Bu mərkəzlərdə fizioterapiya, hidroterapiya, müalicəvi idman, psixoloji dəstək və digər müasir reabilitasiya xidmətləri göstərilə bilər.
Belə layihələr həm insanların sağlamlığının bərpasına, həm də Qarabağ və Şərqi Zəngəzurda sosial infrastrukturun daha da inkişafına xidmət edər.
Naxçıvanda da reabilitasiya mərkəzlərinin sayı artırılmalıdır
Reabilitasiya xidmətlərinin genişləndirilməsi yalnız Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmamalıdır. Naxçıvan Muxtar Respublikasında da müasir reabilitasiya müəssisələrinin sayının artırılmasına ehtiyac vardır.
Naxçıvanın özünəməxsus təbii iqlimi, mineral və müalicəvi resursları, həmçinin əhalinin reabilitasiya xidmətlərinə olan tələbatı nəzərə alınaraq burada yeni, müasir və çoxçarpayılı reabilitasiya mərkəzlərinin yaradılması mühüm əhəmiyyət daşıya bilər.
Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da reabilitasiya xidmətlərinin əlçatanlığının artırılması məqsədəuyğun olardı.
Beləliklə, vətəndaşların reabilitasiya almaq üçün uzaq məsafələr qət etməsinə və uzun müddət növbə gözləməsinə ehtiyac azalardı.
Diqqət yetirilməli məsələlərdən biri də dövlət reabilitasiya mərkəzlərinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasıdır.
Naftalanda fəaliyyət göstərən özəl sanatoriyalarda və digər müalicə müəssisələrində tibbi avadanlıqlar mütəmadi olaraq yenilənir, yeni texnologiyalar tətbiq olunur.
Dövlət reabilitasiya mərkəzlərində də tibbi avadanlıqlar mərhələli şəkildə yenilənməli, istismar müddətini başa vurmuş cihazlar müasir avadanlıqlarla əvəz edilməlidir.
Çünki müasir reabilitasiya yalnız həkim və tibb personalının fədakar əməyindən deyil, həm də müasir tibbi texnologiyalardan asılıdır.
Mərkəzlərdə istifadə olunan çarpayıların, döşəklərin, yastıqların, yataq dəstlərinin və digər inventarların da vaxtaşırı yenilənməsi vacibdir. Bu, yalnız rahatlıq məsələsi deyil, həm də sanitariya-gigiyena və pasiyentlərin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.
Reabilitasiyada düzgün qidalanma da müalicənin bir hissəsidir
Müşahidə etdiyimiz digər məsələ qidalanma ilə bağlıdır.
Bir neçə il əvvəl Naftalan Reabilitasiya Mərkəzinin öz mətbəxi fəaliyyət göstərirdi və yeməklər burada hazırlanaraq isti və təzə şəkildə pasiyentlərə təqdim olunurdu. Hazırda isə yeməklərin kənardan gətirilməsi müəyyən suallar doğurur.
Hesab edirik ki, hər bir dövlət reabilitasiya mərkəzində müasir tələblərə cavab verən ayrıca mətbəxin fəaliyyət göstərməsi daha məqsədəuyğun olardı.
Yeməklərin yerində hazırlanması onların keyfiyyətinə və təravətinə nəzarəti asanlaşdırar, eyni zamanda yeni iş yerlərinin yaradılmasına imkan verər.
Reabilitasiya alan insan üçün düzgün və keyfiyyətli qidalanma da müalicənin mühüm tərkib hissəsidir.
Dövlət qayğısı daha geniş əhatə dairəsinə malik olmalıdır
Əlilliyi olan şəxslərin, qazilərin və müharibə veteranlarının sağlamlığının qorunması dövlət sosial siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirməklə yanaşı, hesab edirik ki, qarşıda daha böyük vəzifələr dayanır.
Ölkədə reabilitasiya mərkəzlərinin sayının artırılması, mövcud mərkəzlərin çarpayı fondunun genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təmin edilməsi, yataq və məişət inventarlarının yenilənməsi, keyfiyyətli qidalanmanın təşkili və ən əsası, Qarabağ və Şərqi Zəngəzurda – xüsusilə Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və Xankəndidə, eləcə də Naxçıvanda yeni, müasir və çoxçarpayılı reabilitasiya komplekslərinin yaradılması artıq günün vacib tələblərindəndir.
Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə yanaşı, burada insan sağlamlığına xidmət edən müasir reabilitasiya şəhərcikləri də yaradılmalıdır.
Bu, həm dövlətimizin sosial siyasətinə, həm Vətən müharibəsi qazilərinə və veteranlara göstərilən qayğının daha da gücləndirilməsinə, həm də minlərlə insanın reabilitasiya xidmətlərindən daha rahat və vaxtında yararlanmasına mühüm töhfə verər.
İnanırıq ki, aidiyyəti dövlət qurumları bu məsələləri diqqətdə saxlayacaq, reabilitasiya xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və müasir tələblərə uyğun yeni mərkəzlərin yaradılması istiqamətində zəruri addımlar atacaqlar.
Çünki Vətən qarşısında xidmətləri olan qazilərimiz, veteranlarımız və əlilliyi olan vətəndaşlarımız dövlət qayğısının ən yüksək səviyyəsinə layiqdirlər.
Rauf İlyasoğlu (Allahverdiyev)
