Sizin reklam burada
Sizin reklam burada
  • 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibəti ilə Qax rayonunda tədbir keçirilib

    "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı, Qax rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibəti ilə Qax rayonunda elmi-praktik konfrans keçirilmişdir.

    "Atributinfo.az"a rayondan verilən məlumatda bildirilir ki, tədbirin keçirilməsində əsas məqsəd tarixi abidələrin qorunmasına ictimai diqqəti atırmaq, mədəni irs nümunələrinin təbliği və milli-mənəvi dəyərlərimizin yaşadılmasına töhfə vermək olmuşdur.
    Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirmişdir ki, hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsas məqsədi bəşəriyyətin ortaq sərvəti sayılan tarixi abidələrin qədim tikililərin və mədəniyyət nümunələrinin qorunmasının vacibliyini insanlara çatdırmaqdır. Tarix və mədəniyyət abidələrini xalqımızın milli sərvəti hesab edən Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görmüş, həmin dövrdə bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit olunmuşdur. Həmçinin 1998-ci il 10 aprel tarixdə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi öz əksini tapmışdır.
    Ulu Öndərin Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpası və beynəlxalq səviyyədə təbliği istiqamətində siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür, mədəniyyətlərarası dialoq prioritet sahə kimi inkişaf etdirilir.
    Artıq mədəni irsin qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın mədəniyyət siyasətinin əsas vəzifələrindən birinə çevrilmişdir. Bu vəzifələrin icrası yolunda Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübəsindən istifadə edir.
    RİH başçısı həmçinin vurğulamışdır ki, Azərbaycan mədəniyyətinin inkişafında, onun dünyaya tanıdılmasında, təbliğində, dünya mədəniyyətinə inteqrasiyasında Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın da əvəzsiz xidmətləri vardır.
    Onun dəstəyi və rəhbərliyi ilə Bakı şəhərində İçərişəhərin, Qız Qalasının və Şirvanşahlar Saray Kompleksinin bərpası və mühafizəsi üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş, bu tarixi məkanların dünya irsi siyahısında öz layiqli yerini tutması təmin olunmuşdur. Heydər Əliyev Fondunun xətti ilə Möminə Xatun Türbəsi, Şəki Xan Sarayı və digər memarlıq incilərinin bərpası və qorunması sahəsində də böyük işlər görülmüş, nəticədə bu abidələr öz tarixi görkəmini qorumaqla yanaşı, mədəniyyətimizin canlı simvollarına çevrilmişdir.
    Həmçinin Heydər Əliyev Fondunun dəstəyilə işğaldan azad edilmiş torpaqlarımızda tarixi abidələrimizin bərpası və konservasiyası üzrə genişmiqyaslı layihələr reallaşdırılmış. qədim tarixi məkanlarımızın müasir muzey komplekslərinə çevrilməsi təmin edilmişdir.
    Bütün bu nailiyyətlər sübut edir ki, Azərbaycan təkcə tarixi keçmişi ilə deyil, həm də bu gün mədəniyyətin inkişafında oynadığı mühüm rol ilə dünya mədəniyyət ailəsinin vacib üzvüdür. Milli irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi yalnız dövlət siyasətinin deyil, hər bir azərbaycanlının milli borcudur. Hər bir vətəndaş öz tarixi-mədəni dəyərlərinə sahib çıxmalı, bu irsin yaşadılması və inkişafı üçün çalışmalıdır.
    Tədbirdə çıxış edən Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov və Azərbaycan respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ-Regional İdarəsinin rəisi vəzifəsini icra edən Tərxan Tahirli ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırmışlar.
    Sonra tədbirdə “Ulu Öndər Heydər Əliyev və Mədəni İrsimiz “ və “İrs ziyarəti–Qax” adlı videoçarxlar nümayiş etdirilmişdir.
    Rəsmi hissədən sonra İçəri Bazar Turizm Kompleksində tədbirin bədii hissəsi keçirilmişdir. Qonaqlar əvvəlcə tarixi abidələrin fotoşəkillərindən ibarət sərgi və Mədəni İrsimizi əks etdirən rəsm, toxuculuq və digər sənətkarlıq nümunələri ilə tanış olmuşlar. Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.
    Sonda “Mədəni İrsimizi yaşadaq” adlı müsabiqənin qaliblərinə fəxri fərmanlar təqdim olunmuş, xatirə şəkilləri çəkilmişdir.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ