Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsinin açılış mərasimi keçirilib.
"Atributinfo.az" xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr həyata keçirilir və bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kənd əhalisinin dayanıqlı və keyfiyyətli içməli, həmçinin suvarma suyu ilə təmin edilməsidir.
Məlumat verilib ki, Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı infrastrukturundan istifadə olunmaqla kənddaxili şəbəkə inşa edilib. Mollavazlı kəndində şəbəkənin genişləndirilməsi üçün 7 km uzunluğunda su xətti çəkilib və abonentlərin sayı 350-yə çatdırılıb. Bəylər kəndində isə 4 km uzunluğunda su şəbəkəsi inşa olunub və ümumi abonent sayı 296-ya yüksəlib. Hər iki kənd üzrə hər bir abonent su sayğacları ilə təmin edilib ki, bu da suyun dəqiq uçotunun aparılmasına və sudan qənaətlə istifadə olunmasına şərait yaradır. Layihə çərçivəsində ümumilikdə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulub.
Qeyd olunub ki, Saatlı şəhərinin mövcud su təchizatı sistemi Kür Su Təmizləyici Qurğusundan magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərdə 11,7 km uzunluğunda magistral su xətti, 136 km daxili paylayıcı şəbəkə, bir meydançada 2x5000 m³ həcmində su anbarları kompleksi və bir mərkəzi su nasos stansiyası fəaliyyət göstərir. Şəhərin ümumi abonent sayı 4498, kənd abonentlərinin sayı isə 1281-dir. Beləliklə, rayon üzrə 5779 abonentə xidmət göstərilir. Rayonun 11 yaşayış məntəqəsi mərkəzləşmiş su təchizatı ilə, 26 kənd isə modul tipli içməli su təmizləyici qurğular və bulaqlar vasitəsilə su ilə təmin olunur.
2026-cı il ərzində layihənin davamı olaraq Əlisoltanlı və Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsinin və sayğacların quraşdırılması nəzərdə tutulur. Həmçinin su təminatı zəif olan Nabat və Çolpı kəndlərinin su təchizatı məqsədilə 2026–2027-ci illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası planlaşdırılır.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər və layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür ediblər.
Bəradər Səməndərli,
Zahir Məmmədov
