Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar monitorda və ərazinin sxemi üzərində təqdim olunub, videobağlantı vasitəsilə bölmələrin fəaliyyəti haqqında zabitlərin məruzələri dinlənilib.
Qonaqlar şərti əməliyyatların icrası zamanı hüquqi məlumatlandırma və medianın idarəolunması məntəqələrinə baxış keçirib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda "Qış təlimi-2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib.
Plana uyğun olaraq, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilib.
Təlimin ssenarisinə əsasən, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.
Təlimdə Azərbaycanı təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
