İslam Mirzəzadə,Bakı şəhəri 29 saylı Notariat Ofisinin notariusu
Azərbaycan Respublikasının notariat ofisləri tərəfindən görülən notariat hərəkətlərinin böyük əksəriyyəti sənədlərin surətlərinin və ondan çıxarışların düzgünlüyüdür. Demək olar ki, dövlət orqanlarının əksəriyyəti və kommersiya təşkilatları tərəfindən sənədləri icraata qəbul edərkən onların surətlərinin təsdiqi tələb olunur.
Həmin tələb ondan irəli gəlir ki, dövlət orqanları və kommersiya təşkilatları tərəfindən notariata böyük etimad, inam var. Notariuslar tərəfindən sənədlərin ciddi şəkildə yoxlamalardan sonra təsdiqinin təmin edilməsi həyata keçirilir.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 18-ci, 19-cu maddələrində dövlət notariusları və onlara bərabər tutulan şəxslər (müvafiq icra hakimiyyətləri orqanlarının vəzifəli şəxsləri, Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları) tərəfindən sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqi hərəkətləri təsbit olunmuşdur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər.
Həmin qanunun 31-ci maddəsində notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun və haqqın tutulmasının xüsusiyyətləri əksini tapmışdır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.
Qanunun 35-ci maddəsi notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsini, fəaliyyət qabiliyyətinin və imzalarının həqiqiliyinin yoxlanılmasını, 36-cı maddə isə notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədlərin tələb edilməsini nəzərdə tutur.
Notariusların və notariat hərəkətləri aparan digər vəzifəli şəxslərin notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri idarələrdən, müəssisələrdən və təşkilatlardan tələb etmək, elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin, eləcə də dövlət torpaq kadastrı və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş fiziki şəxslərin sadələşdirilmiş verginin tutulması üçün yaşayış və qeyri-yaşayış sahələrinin və torpağın yerləşdiyi ərazi üzrə zona məlumatlarını real vaxt rejimində əldə etmək hüququ vardır. Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcıya keçirilərək bu Qanunun 31-1-ci maddəsi nəzərə alınmaqla təsdiq edilməlidir. Notariat hərəkətlərinin aparılması və bununla əlaqədar xidmətlərin göstərilməsi üçün tələb olunan sənəd və (və ya) məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Müvafiq məlumat və sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin göstərdiyi müddətdə təqdim edilməlidir. Bu müddət bir aydan artıq ola bilməz.
Notarius kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətləri apardığı zaman kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları informasiya sistemi vasitəsilə elektron sorğu əsasında gün ərzində əldə edir.
Qanuna görə, təsdiq edilən əqdlərin və sənədlərin mətnlərinə dair tələblər mövcuddur. Belə ki, pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanını göstərməklə ixtisarsız yazılmalıdır.
Fiziki şəxslərin adı, soyadı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.
İki və daha artıq ayrıca vərəqdən ibarət olan sənədlər tikilməli, nömrələnməli və möhürlə təsdiq edilməlidir.
Notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.
Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.
Notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edirlər.
Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Axırıncı halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.
Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.
Notariuslar və onlara bərabər tutulan şəxslər “Notaiat haqqında” AR Qanununundan əlavə, “Sənədlərin surətlərinin və sənədlərdən çşxarşşların düzgünlüyünün, imzanın həqiqiliyinin və tərcümənin düzgünlüyünün təsdiq edilməsi haqqinda Təlimat”dan da faydalanırlar.
