Azay Quliyev Azərbaycan ilə Rumıniya arasında münasibətlərin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayaraq, dövlət başçıları və parlamentlər səviyyəsində intensiv fəal siyasi dialoqun mövcud olunduğunu bildirib. O qeyd edib ki, qarşılıqlı rəsmi səfərlər və yüksəksəviyyəli təmaslar ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir. Bu baxımdan hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərləri məmnunluqla xatırlanıb və parlament diplomatiyasının inkişafında belə təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Öz növbəsində, Kristian Avqustin IV Şuşa Qlobal Media Forumunda iştirakdan xoş təəssüratlarını bölüşərək, Azərbaycana növbəti səfərindən məmnunluğunu ifadə edib. O, dövlətlərimiz arasında iqtisadi, nəqliyyat-logistika, səhiyyə, biznes, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən söz açıb.
Müzakirələrdə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Arpadarai və Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxış edərək, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndiriblər, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın olduğunu bildiriblər.
Görüş zamanı Azərbaycan və Rumıniyanın parlamentlərarası dostluq qrupları arasında səmərəli əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsinin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
