Sizin reklam burada
Sizin reklam burada
  • IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gücü və milli qürurumuz

    Kamal Cəfərov
    Milli Məclisin deputatı

    Milli Məclisin deputatı kimi qeyd etməliyəm ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın beynəlxalq nüfuzunun və strateji hədəflərinin aydın təzahürüdür. Bu gün Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndəsi iştirak edir ki, bu da tədbirin artan beynəlxalq xarakterini göstərir.

    Dövlət başçısı ölkəmizin qlobal nəqliyyat və enerji mərkəzinə çevrildiyini xüsusi vurğuladı. Qonşularla qarşılıqlı əlaqələr qurmadan tranzit ölkəyə çevrilməyin mümkünsüz olduğunu bildirən cənab Prezident, dəniz ticarət limanımızın imkanlarının gələcəkdə 25 milyon tona çatdırılacağını bəyan etdi. Eyni zamanda, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlanılması ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir.

    Xarici siyasətimizin prioritetlərinə toxunan Prezident, Türkiyə ilə münasibətlərimizin sadəcə dostluq deyil, sarsılmaz müttəfiqlik səviyyəsində olduğunu bildirdi. Avropa təsisatları ilə əlaqələrə gəldikdə isə, dövlət başçısı AŞPA-nın ədalətsiz və qərəzli mövqeyini sərt tənqid edərək, nümayəndə heyətimizin səsvermə hüququ bərpa olunmayacağı təqdirdə Avropa Şurasından tam çıxmağın da ciddi şəkildə nəzərdən keçirildiyini diqqətə çatdırdı. Bununla yanaşı, ABŞ-la əlaqələrdən danışarkən, köhnəlmiş 907-ci düzəlişin ləğv edilməsinin vacibliyi və Tramp administrasiyası dövründə Azərbaycanla münasibətlərin əla səviyyədə inkişaf etməsi xüsusi qeyd edildi. Ölkəmizin ötən otuz ildən çox müddətdə artıq “orta güc” dövlətinə çevrilməsi isə beynəlxalq miqyasda qəbul olunan qürurverici bir reallıqdır.

    Çıxışın ən təsirli məqamı cəmiyyətimizə və gənclərimizə ünvanlanan fəlsəfi mesajlar idi. Cənab Prezident bildirdi ki, biz yalnız özümüzə və dövlətimizə güvənməliyik. Xalqımız həm işğalı, həm dağıntıları, həm də tarixi Zəfəri görüb. Buna görə də milli ləyaqət və milli kimlik hər şeydən üstün olmalı, heç vaxt diktə ilə oturub-durmamalı və düşmən qarşısında əyilməməliyik.

    Bir millət vəkili olaraq inanıram ki, Şuşadan səsləndirilən bu dərin və strateji tezislər Azərbaycanın gələcək onilliklər üçün inkişaf və qüdrət yolunu müəyyən edən ən əsas bələdçidir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ