Qax rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi, YAP Qax rayon təşkilatının fəalı
Bu günlərdə mədəniyyət paytaxtımız Şuşa dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərin, ekspertlərin toplandığı mərkəzə çevrilib. Şuşada belə bir toplantının keçirilməsi və bura gələn qonaqların sayının hər il artması ölkəmizin dünyadakı nüfuzunun nə qədər gücləndiyini göstərir. Qarabağda, Şuşada belə mötəbər qonaqları qarşılamaq bizim üçün böyük şərəfdir.
Prezident İlham Əliyevin Forumdakı çıxışı ölkəmizin bu gün nə etdiyini və gələcək hədəflərini tam aydın şəkildə ortaya qoydu. Azərbaycan bu gün regionda sadəcə bir dövlət deyil, öz sözünü deyən, müstəqil siyasət yürüdən güclü bir ölkədir. Ötən otuz ildən çox müddətdə xalqımız həm ağır işğal, həm dağıntılar, həm də Zəfər görmüşdür. Bu gün isə biz Bakıdan tutmuş Naxçıvana, Gəncədən Qarabağın və Şərqi Zəngəzurun ən ucqar nöqtələrinə qədər böyük bir quruculuq və dirçəliş dövrünü yaşayırıq.
Azərbaycanın xarici siyasəti qarşılıqlı hörmət və düzgün tərəfdaşlıq prinsiplərinə söykənir. Biz heç vaxt gizli siyasi oyunlara alət olmamışıq və heç bir kənar qüvvənin bizi öz məqsədləri üçün istifadə etməsinə icazə verməmişik. Ölkəmiz Avropa İttifaqı ilə sıx əlaqə saxlayır, Türkiyə ilə qardaşlıq münasibətlərimizi daha da dərinləşdirir, Çin, Yaponiya, Özbəkistan, Qazaxıstan və İordaniya kimi dost ölkələrlə iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirir. Bizim üçün ən əsas məsələ sülhün və sabitliyin olmasıdır. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazına olan tələbat, həmçinin yaşıl enerji və nəqliyyat sahəsindəki böyük layihələrimiz ölkəmizin dünyadakı rolunu daha da artırır.
Bununla yanaşı, bəzi beynəlxalq təşkilatların, xüsusilə də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli və heç bir məntiqə sığmayan tələbləri qəbuledilməzdir. Biz öz torpaqlarımızı azad etmək üçün beynəlxalq hüquqa uyğun şəkildə gücümüzdən istifadə etdik və buna nail olduq. Keçmişdə müstəmləkə həyatı yaşamış bir xalq kimi, biz başqalarının hüquqlarını tapdalayan, özündən minlərlə kilometr uzaqdakı yerləri əlində saxlamağa çalışan və ikili standartlar tətbiq edən dövlətlərin siyasətini yaxşı anlayır və buna qarşı çıxırıq.
Prezidentin vurğuladığı kimi, bizim üçün ən böyük risk – Azərbaycanı hansısa təhlükəli və düşünülməmiş siyasi oyunlara cəlb etmək cəhdləridir. Lakin çox şükür ki, ölkəmizin daxilində heç bir təhlükə yoxdur. Bizim əsas gücümüz dövlətimizə və xalqımızın birliyinə olan inamımızdır. Azərbaycanın əsas hədəfi keçmişin acı dərslərini unutmamaq, heç vaxt işğalla barışmamaq, torpaqlarımızda qurduğumuz bu yeni həyatı daha da möhkəmləndirmək və Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu müstəqil, güclü dövlətçilik yolu ilə inamla irəliləyərək, dünyada öz layiqli yerimizi daim qoruyub saxlamaqdır.
