Sizin reklam burada
Sizin reklam burada
  • Avropa konstruktiv dialoq yolunu seçir

    Əminə Ağazadə
    Milli Məclisin deputatı

    Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Azərbaycana son səfəri təkcə iki tərəf arasında münasibətlərin cari vəziyyətinin deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların göstəricisi kimi qiymətləndirilir. Səfər ətrafında həm regionda, həm də Azərbaycanın daxili siyasi mühitində müəyyən gözləntilər mövcud idi. Xüsusilə ölkədə özlərini “radikal müxalifət” kimi qələmə verib, havadarları qarşısında “aktiv fəaliyyət haqqında hesabata” hazırlaşan “azadlıq və demokratiya carçıları” Avropa İttifaqı rəhbərliyindən Azərbaycan hakimiyyətinə münasibətdə daha sərt bəyanatlar və ya siyasi mesajlar gözləyirdi. Amma…

    Görüşlərin yekunları və verilən açıqlamalar göstərdi ki, Brüsselin Bakı ilə münasibətlərində prioritetlər fərqli istiqamətdə formalaşır.

    Son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər Avropa İttifaqının xarici siyasət gündəliyinə də ciddi təsir göstərib. Ukrayna müharibəsi, enerji təhlükəsizliyi problemləri, qlobal nəqliyyat marşrutlarının yenidən formalaşması və geosiyasi rəqabətin güclənməsi Avropanı yeni tərəfdaşlarla daha praqmatik münasibətlər qurmağa sövq edir. Bu baxımdan Azərbaycan artıq yalnız enerji təchizatçısı deyil, həm də Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizin əsas iştirakçılarından biri kimi qəbul edilir.

    Məhz buna görə də Ursula fon der Leyenin Bakı səfərində əsas diqqət dövlətimizə “demokratiya dərsi verməyə” deyil, daha praktik, yəni, Avropanın bu gün həllinə yollar axtardığı enerji əməkdaşlığına, nəqliyyat-kommunikasiya layihələrinə, regional təhlükəsizlik məsələlərinə və iqtisadi əlaqələrin genişləndirilməsinə yönəldi. Bu isə onu göstərir ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərə strateji tərəfdaşlıq prizmasından yanaşmağa davam edir.

    Səfərin diqqət çəkən tərəflərindən biri də “radikal müxlifətin” gözlədiyi sərt ritorikanın müşahidə olunmaması oldu. Bu faktın özü müəyyən siyasi nəticələr çıxarmağa imkan verir. İlk növbədə görünür ki, Avropa İttifaqı regionda sabitlik və əməkdaşlıq siyasətini qarşıdurma ritorikasından üstün tutur. Brüssel anlayır ki, Cənubi Qafqazda davamlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması üçün Azərbaycanla konstruktiv dialoq vacibdir.

    Uzun illər ərzində Avropa Parlamentində, müxtəlif siyasi fondlarda və qeyri-hökumət təşkilatlarında müəyyən əlaqələr qurmağa çalışan, bəzən buna az-çox nail olan “azadlıq carçıları” bu gün həmin havadarların “yadından çıxmağa” başlayıblar.

    Müşahidələr göstərir ki, hazırda Avropa İttifaqının əsas qərarverici strukturları üçün dövlətlərarası münasibətlər və strateji maraqlar ayrı-ayrı siyasi qrupların mövqeyindən daha əhəmiyyətli hesab olunur. Başqa sözlə, Avropada hansısa müxalif qüvvənin mövcud əlaqələrinin olması həmin qüvvənin Avropa siyasətinə həlledici təsir göstərə bilməsi anlamına gəlmir. Bu gün Brüsselin qərarları daha çox enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, regional sabitlik və geosiyasi maraqlar əsasında formalaşır.

    Digər mühüm məqam ondan ibarətdir ki, 2020-ci ildən sonra regionda yaranmış yeni siyasi vəziyyət Azərbaycanın beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, nəqliyyat layihələrində rolunun artması və enerji bazarındakı əhəmiyyətinin yüksəlməsi ölkənin beynəlxalq danışıqlardakı mövqeyini əvvəlki dövrlərlə müqayisədə daha da möhkəmləndirib. Bu reallıq Avropa İttifaqının da siyasətinə təsirsiz ötüşmür.

    Əlbəttə ki, bütün bunlar Azərbaycanın müxalifətinin Avropadakı təsir imkanlarının birdən birə tamamilə yoxa çıxacağı anlamına gəlmir. Avropada müxtəlif baxışların ifadə olunması üçün kifayət qədər platformalar mövcuddur. Lakin həmin platformalarda səslənən fikirlərin Avropa Komissiyasının, Avropa Şurasının və ya üzv dövlətlərin rəsmi siyasətinə birbaşa təsir göstərməsi əvvəlki dövrlərlə müqayisədə daha çətin görünür.

    Ursula fon der Leyenin Bakı səfərinin əsas siyasi mesajlarından biri də məhz budur: Avropa İttifaqı Azərbaycanla münasibətlərini konkret maraqlar və uzunmüddətli strateji əməkdaşlıq üzərində qurmağa üstünlük verir. Bu yanaşma yaxın perspektivdə də davam edərsə, Azərbaycan–Aİ münasibətlərinin gündəliyində enerji, nəqliyyat, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələləri üstün mövqeyini qoruyacaq.

    Son səfər göstərdi ki, Bakı ilə Brüssel arasında münasibətlərin gələcəyini daha çox geosiyasi və iqtisadi amillər müəyyənləşdirir. Bu şəraitdə Azərbaycanın radikal müxalifətinin Avropa siyasi dairələrinə təsir imkanları müəyyən səviyyədə qalsa da, həmin təsirin Avropa İttifaqının strateji qərarlarına yön vermək gücündə olduğu barədə iddiaları təsdiqləyən ciddi əlamətlər müşahidə olunmur. Əksinə, mövcud proseslər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu və qarşılıqlı münasibətlərin daha praqmatik əsaslar üzərində inkişaf edəcəyini göstərir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ