Sizin reklam burada
Sizin reklam burada
  • Prezident İlham Əliyevin Mərkəzi Asiya siyasəti Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir

    "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı ölkəmizin regionda artan siyasi və iqtisadi nüfuzunun, eləcə də Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafının növbəti göstəricisidir."

    Bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı atributinfo .az"a açıqlamasında bildirib.

    Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan regional əməkdaşlığın mühüm iştirakçısına çevrilib. Dövlətimizin başçısının Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına verdiyi xüsusi önəm siyasi dialoqun genişlənməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı etimadın daha da artmasına xidmət edir.

    Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin dinamik inkişafı bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. İki ölkə arasında yüksək səviyyəli siyasi təmasların intensivləşməsi, qarşılıqlı səfərlərin müntəzəm xarakter alması və birgə təşəbbüslərin həyata keçirilməsi xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir:

    "Prezident İlham  Əliyevin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə humanitar və mədəni əlaqələrinin inkişafıdır. Qardaş ölkələrin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdikləri layihələr xalqlarımız arasındakı həmrəyliyin əməli ifadəsidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın dirçəlişinə verilən mənəvi dəstəyin mühüm göstəricisidir.

    Bu gün Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq da keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illərdə qarşılıqlı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artması, birgə investisiya layihələrinin genişlənməsi və yeni iqtisadi təşəbbüslərin reallaşdırılması regionun gələcək inkişafı baxımından mühüm perspektivlər yaradır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin son beş ildə 2,5 dəfə artması bu əməkdaşlığın konkret nəticələrindən biridir.

    Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması isə iqtisadi tərəfdaşlığın uzunmüddətli və dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir. Bu təşəbbüslər yeni iş yerlərinin açılmasına, sənaye əməkdaşlığının genişlənməsinə və ölkələrimizin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına imkan yaradır.

    Regional əməkdaşlığın ən mühüm istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq tranzit layihələrində fəal iştirakı ölkəmizi Avropa ilə Asiya arasında strateji nəqliyyat qovşağına çevirib. Xəzər dənizi vasitəsilə həyata keçirilən yükdaşımaların genişləndirilməsi, Orta Dəhlizin inkişafı və nəqliyyat marşrutlarının şaxələndirilməsi Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində əhəmiyyətini daha da artırır."

    Mircəlil Qasımlı həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması və tranzit müddətinin azalması həyata keçirilən infrastruktur layihələrinin səmərəliliyini təsdiqləyir. Bununla yanaşı, rəqəmsal bağlantıların genişləndirilməsi, xüsusilə Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilməsi istiqamətində görülən işlər regionun texnoloji inkişafına yeni imkanlar açır.

    Energetika sahəsində əməkdaşlıq da Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin strateji istiqamətlərindən biridir:

     "Azərbaycanın zəngin enerji ehtiyatları, inkişaf etmiş infrastrukturu və beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi qazandığı mövqe region ölkələri ilə yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır. Xüsusilə Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxarılması ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu bir daha nümayiş etdirir.

    Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Bu əməkdaşlıq qarşılıqlı hörmət, siyasi etimad, ortaq tarixi və mədəni dəyərlər üzərində formalaşaraq daha geniş strateji məzmun qazanır.

    Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəticəsində Azərbaycan bu gün regional proseslərin fəal iştirakçısı olmaqla yanaşı, mühüm təşəbbüslərin müəllifi və etibarlı tərəfdaşı kimi çıxış edir. Ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin davamlı inkişafı regionda sülhün, sabitliyin və iqtisadi tərəqqinin möhkəmlənməsinə mühüm töhfə verir.

    Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşü bir daha təsdiqləyir ki, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı uzunmüddətli strateji maraqlara əsaslanır və bu münasibətlərin daha da dərinləşməsi ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edəcək."- Deputat bildirib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ