Ötən gün, 06.10.2026 -cı il tarixdə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatını inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin YAP-ın VIII qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
"Atributinfo.az" xəbər verir ki, müşavirədə Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İsgəndərov, YAP Qax rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyası VIII qurultayına seçilmiş nümayəndə heyəti, YAP Qax rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak edib.
Müşavirə Dövlət Himninin səsləndirməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayı partiyamızın fəaliyyətinin dəyərləndirilməsi, həmçinin Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydan sonrakı dövr üçün partiya üzvləri qarşısında qoyduğu tapşırıqlar və fəaliyyət planının müəyyənləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əlbəttə ki, biz də YAP Qax rayon təşkilatı olaraq fəaliyyətimizi məhz qarşımıza qoyulan bu tapşırıqlar istiqamətində icra edəcəyik. Cənab Prezident İlham Əliyevin nitqindən statlar gətirən Natiq Allahverdiyev, həmçinin Yeni Azərbaycan Partiyasının ölkəmizin yaxın tarixi ilə paralel keçdiyi keşməkeşli yolu və tariximizdəki yerini xüsusi vurğuladı.
Qax rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdiri Vəfa Heydərova isə öz çıxışında vurğuladı ki, VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilməsidir. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə və 2023-cü ilin sentyabrında yaşanan hərbi əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə nəticələndi. Bununla da xalqımızın və dövlətimizin qarşısında yeni siyasi hədəflər formalaşdı. Günümüzdə əsas məsələlərdən biri, əldə edilmiş nəticələrin qorunması, təhlükəsizlik imkanlarının gücləndirilməsidirsə, bir digər məsələ regionda davamlı sülh şəraitinin yaradılmasında Azərbaycanın rolunun hər kəs tərəfindən qəbul edilməsidir.
YAP Təftiş Komisiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov isə öz çıxışında bildirib ki, xarici siyasət məsələləri cənab Prezident İlham Əliyevin çıxışının mühüm hissələrindən biridir. Ölkəmizin müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı, iqtisadi layihələr vasitəsilə regional əlaqələrdə fəal iştirak etməsi ölkənin beynəlxalq mövqeyinə müsbət təsir göstərən vacib amildir. Həmçinin qurultayda iqtisadi inkişafın sosial nəticələri də ön plana çəkilib. Minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı açıqlamalar əhalinin sosial rifahının dövlət siyasətində mühüm istiqamət olaraq saxlanıldığını göstərir. Bunula yanaşı ideoloji məsələlərə toxunan Vüqar İskəndərov Azərbaycan reallıqları, ölkəmizdə gedən işlərin ictimaiyyətə çatdırılması baxımından partiya üzvlərinin daha fəal olmalarını tövsiyyə etdi
Müşavirədə həmçinin Yeni Azərbaycan Partiyası VIII qurultayına rayonumuzdan nümayəndə seçilmiş Rübail Əfəndiyeva, Elvin Həsilov və Arzu Dunusova çıxış edərək qurultaydan olan təəsüratlarını və cənab Prezident İlham Əliyevin çıxışı ətrafında öz fikirlərini müşavirə iştirakçıları ilə paylaşdılar. Çıxışlarda ideoloji fəaliyyətin planlaşdırılması, cəmiyyətimizin bütün sosial təbəqələri üçün reallığa əsaslanan təbliğat işinin qurulması haqqında müxtəlif fikirlər səsləndirildi.
Bəradər Səməndərli
"Atributinfo.az"
