![]()
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracı istiqamətində mühüm nailiyyət əldə olunub. İlk dəfə olaraq “AGRARCO” MMC tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, bu ixrac AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb.
AQTA-nın dəstəyi ilə görülən tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb. Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin olunub.
“Azərbaycan fındığının bu nəhəng bazara çıxışı yerli istehsalçılar üçün yeni ixrac imkanları açır”, - deyə məlumatda vurğulanıb.
