Sizin reklam burada
Sizin reklam burada
  • DOĞUM GÜNÜNÜZ MÜBARƏK, USTAD!

    Vidadi Orucov 

    Pedaqogika elmləri doktoru, professor 


    “Torpaqda göyərib, torpaqda bitən, sıxılan göyə təklikdə səs salan, insana uzaqdan baxmayım deyə Allah olmaqdan imtina edən...” misralarının müəllifi...


    “Əgər sevməyibsə, deməli, Vahid Əziz ya taxta olub, ya da divar...” deyərək sevgini insanlığın ayrılmaz mahiyyəti kimi təqdim edən...


    “Mənə yüz il ömür arzulamayın”, “Ölümnən qorxmuram, qorxuram öləm” söyləyərək həyatın, ölümün, zamanın və insan taleyinin ən dərin qatlarına enən...


    “Gedəcəyəm, göylər məni çağırdı!.. Daha yerdə gəzmək olmur, əzizim!..” deyərək sözün qanadlarında bizi başqa bir aləmə aparan...


    “Yaşa, Vətən, çox yaşa, yaraşır Zəfər sənə!” misraları ilə azad Qarabağın sevincini könüllərimizə köçürən...


    Sözünə ömrünü, ömrünə sözü sığdıran, misralarında gah sevən aşiqə, gah kövrək insana, gah da Vətən sevdalısına çevrilən böyük Söz Adamı — Xalq şairi Vahid Əzizə ən səmimi salamlarımızı, sonsuz ehtiramımızı çatdırırıq!


    Ustad, qoy qələminiz heç vaxt yorulmasın, sözünüzün sehri könüllərdən əskik olmasın! Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, yaradıcılıq eşqi, könül rahatlığı arzulayırıq. Yeni yaşınız yeni misralara, yeni poetik zirvələrə və gözəl günlərə açılan qapı olsun!


    Doğum gününüz mübarək, Vahid müəllim! Sözünüz var olsun, sözünüzün ömrü uzun olsun!


    Vahid Əzizin “Bilmədi” şeiri sarsılmaz iradənin, milli qürurun və insanın daxili gücünün poetik manifestidir. Bu şeir yalnız vətənpərvərlik və tarixi epik hekayə deyil; o, həm də hər bir insanın öz zamanında dirəniş və mənəvi duruş imkanını xatırladır.

    İradənin möhkəmliyi

    Şeir ilk misralardan oxucuya insan iradəsinin əzəmətini göstərir:

    “İradəmiz möhkəm oldu dəmirdən,

      Hey bərkidik, vaxt sındıra bilmədi.”

    Vahid Əziz burada həm fiziki, həm də ruhi möhkəmliyi metaforik şəkildə təqdim edir. Dəmir kimi möhkəm iradə, zamanın bütün sınaqlarına qarşı dayanıqlıdır. Bu sətirlər oxucunu xatırladır ki, əsas olan illərin çoxluğu deyil, qəlbin sarsılmazlığıdır.

    Mənlik və milli qürur

    “Mənliyimiz Yurdun qılınc, qalxanı, 

     Qartal kimi zirvələrə çıxanı…”

    Burada Vahid Əziz mənliyi və milli şüuru yüksək simvollarla — qılınc, qalxan, qartal, zirvə - təsvir edir. Bu motiv şeirin ritmini müəyyən edir və oxucuda həm vətənpərvərlik, həm də daxili güc hissini oyadır. Şair deyir: iradəsi möhkəm olan insan həm özü, həm də yurdu üçün dayana bilir.

    Əxlaqi və tarixi dirəniş

    Şeirdə hakimiyyət və onun zülmü ilə bağlı misralar oxucunu dərindən düşündürür:

    “Hakim gördük-gözləri kor, qəlbi kar, / Hökümdarlar nökəriydi qanunlar.”

    Vahid Əziz burada zülmün yalnız qanunlarda, sözlərdə, fiziki gücdə olmadığını göstərir; əsl müqavimət qəlbdə və mənəvi duruşdadır. Tarixi qəhrəmanlara (Nəsimi, Babək, Qoç Koroğlu) istinad isə oxucunu həm keçmişlə, həm də öz zamanıyla bağlayır.

    “Mən Babəkin ordusundan Şeypuram, 

    Çox mətləbi o, qandıra bilmədi.”

    Burada şair özünü tarixdəki dirənişlərin davamçısı kimi təqdim edir. Hər bir oxucu bu misralarda öz zamanında necə iradə göstərməli olduğunu düşünür.

    Mübarizə ruhu

    “Az qandılar-üsyan edən nə dildir, 

    Gurultusu tük ürpədən nə zildir!?”

    Vahid Əziz burada həm sosial, həm də milli üsyan ruhunu poetik şəkildə təsvir edir. Mübarizə yalnız qılınclarla deyil; söz, vicdan və sevgi ilə də aparılır. Bu misralar oxucuya ilham verir: hər birimizin içində bir üsyançı ruh var.

    Poetik dil və üslub

    Şairin dili sadə görünür, amma hər misrada incə qatlarla dolu mənalar gizlənib. Ritmik, qüdrətli və metaforik dili (dəmir, qılınc, qartal, zirvə) oxucunu həm tarixi, həm də şəxsi dirənişə çəkir. Hər misra bir çağırışdır: dayanmaq yox, davam etmək, susmaq yox, söz demək.

    Nəticə: insanın və millətin əbədiyyəti

    Vahid Əziz bu şeiri ilə deyir: çətinliklərə baxmayaraq, iradəmizi, vicdanımızı və milli kimliyimizi qorumaq ən böyük zəfərdir.

    “Bilmədi” yalnız tarixi bir epik şeir deyil; o, hər dövrdə insanın daxili qüdrətinə və milli dirənişinə ilham verən poetik manifestdir.

    Bu şeir oxucuya xatırladır: əsas olan illərin çoxluğu deyil, iz qoymaqdır; əsas olan sarsılmaz ruh və qəlbin əzəmətidir.   


                                                       BİLMƏDİ...

           Pedaqogika  üzrə elmlər doktoru, səmimi 

           dostum,  mükəmməl  poeziya  xiridarı 

                     Vidadi  ORUCOVA  ithaf  olunur.

    İradəmiz möhkəm oldu dəmirdən,

    Hey bərkidik, vaxt sındıra bilmədi,

    Yoğrulmuşduq halal olan xəmirdən,

    Dövran bizi bulandıra bilmədi.


    Yad əllərdə buraxmadıq yaxanı,

    Mənliyimiz Yurdun qılınc, qalxanı,

    Qartal kimi zirvələrə çıxanı,

    Şaxta vurub, Gün yandıra bilmədi.


    Hakim gördük-gözləri kor, qəlbi kar,

    Hökümdarlar nökəriydi qanunlar,

    Hərdən elə işvəliydi yalanlar;

    Çoxumuzu inandıra bilmədi.


    Hökm eləyən cəllədların inadı

    Millətlərin taleyiylə oynadı,

    Qılıncları gücdən salıb, doğradı,

    Qələmləri dayandıra bilmədi!


    Çalxalandıq, durulandıq, bulandıq,

    Həm alimlə, həm nadanla sınandıq,

    Vətən sevdik, el başına dolandıq,

    Xan-başına dolandıra bilmədi!


    Az qandılar-üsyan edən nə dildir,

    Gurultusu tük ürpədən nə zildir!?

    Nəsiminin dərisindən Təbildir,

    "Zahid" ona çırtma vura bilmədi!


    Cəhd edəndə-zindanları sındıram,

    Müstəbitlər bağırdılar: "Qulduram"!

    Mən Babəkin ordusundan Şeypuram,

    Çox mətləbi o, qandıra bilmədi.


    Qoç Koroğlu, məzarını yarım, çıx!

    Çox işimiz o vaxtlrdan yarımçıq,

    "Dəlilərdən" beş-on nəfər qalmışıq,

    Çoxlarını oyandıra bilmədik...


       Vahid ƏZİZ


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ