![]()
“Kəpəz” – “Qarabağ” oyununda azarkeşlər çox gözəl atmosfer yaratmışdılar. Əsl futbol ab-havası var idi.
Bu sözləri Kəpəz” və “Qarabağ”ın sabiq futbolçusu Vidadi Rzayev ötən gün Azərbaycan Premyer Liqasında bu komandalar arasında baş tutan XII tur oyununu şərh edərkən deyib.
Veteran yarımmüdafiəçi Ağdam klubunun zəif çıxış etdiyini bildirib: “Komanda 4 oyundur qol vura bilmir. Hücum xəttində problemlərin olduğu aşkar görünür. Kamilo Duran kimi hücumçunun gedişi “Qarabağ”a mənfi təsir edib.
Məncə, mövsümün əvvəlində transfer edən futbolçulara artıq zaman lazım deyil. Çünki digər rəqiblər də güclənib. Yayda edilən transferlərdə səhvlər olub. Yəqin ki, Qurban Qurbanov qışda heyətə əl gəzdirəcək. Komanda qış fasiləsinə kimi maksimum xal yığmalıdır”.
59 yaşlı mütəxəssis Gəncə təmsilçisinin kiçik büdcə ilə yaxşı işlər gördüyünü qeyd edib: “Komanda avrokuboklara da vəsiqə qazana bilər. Futbolda hər şey mümkündür”.
Premyer Liqada çempionluq yarışından da söz açan V.Rzayev “Sabah”ı bu mövsüm də qızıl medallara əsas namizəd hesab etdiyini söyləyib. Mütəxəssisin fikrincə, mövsümün sonunadək “Neftçi”, “Turan Tovuz”, “Sabah”, “Qarabağ” və “Zirə” yuxarı yerlər uğrunda mübarizə aparacaqlar.
Onun sözlərinə görə, “Araz-Naxçıvan” və “Şəfa”da çoxlu legioner olsa da, hər iki kollektiv baxımlı oyun sərgiləmir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında turnir cədvəlinə 27 xalla “Neftçi” başçılıq edir.
