1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.
Cümhuriyyətin yaranması ilə eyni gündə Ədliyyə Nazirliyi də təsis edilmiş, Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin qəbul edilməsinin ardınca, 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur.
1920-ci il sovet işğalından sonra dəfələrlə ləğv edilib səlahiyyətləri ayrı-ayrı dövlət orqanlarına həvalə edilmiş Ədliyyə Nazirliyinin yenidən dövlətçiliyin vacib sütunlarından biri kimi təsis edilməsi bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə Ulu Öndər Azərbaycan rəhbərliyinə gəldikdən sonra 1970-ci il 27 oktyabr tarixdə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib. Nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb. Bununla da ölkəmizdə ədliyyə tarixində yeni mərhələ başlayıb.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə çevrilib, ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.
Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə noyabrın 22-si - hər il ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
2003-cü ildən ümummilli lider Heydər Əliyevin hüquq siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüquqi xidmətin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ədliyyə sistemi öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilib, ona hüquq-mühafizə orqanı statusu verilib. Ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə müxtəlif fərmanların imzalanması ədliyyənin inkişafına mühüm təkan verib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə ədliyyə orqanları ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib. Ədliyyə işçiləri hərbi əməliyyatlarda fəal iştirak edərək Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıblar.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, bu orqanlar üçün infrastrukturun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlər həyata keçirilir.
Qax rayon rəhbərliyi bütün ədliyyə işçilərini bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, Qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət quruculuğu və vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi işində onlara möhkəm cansağlığı və yeni uğurlar arzulayır.
Bəradər Səməndərli,
Zahir Məmmədov
"Atributinfo.az"
