Sizin reklam burada
Sizin reklam burada
  • SACE: Azərbaycanda perspektivli layihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırıq

    Azərbaycan İtaliya üçün strateji tərəfdaşdır. Enerji sahəsində əməkdaşlıq, şübhəsiz ki, ikitərəfli münasibətlərimizin əsas sütununu təşkil edir. Bununla yanaşı, hazırda bu tərəfdaşlığın daha da genişləndirilməsi və şaxələndirilməsi üçün mühüm imkanlar mövcuddur.

    Bunu “SACE S.p.A.” şirkətinin Avropa, MDB ölkələri və Ukrayna üzrə Hub rəhbəri Cristiana Portale Azərbaycan-İtaliya biznes forumu çərçivəsində keçirilən “Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada çıxışı zamanı deyib.

    O bildirib ki, bərpaolunan enerji, infrastruktur və logistika ilə yanaşı, metallurgiya, qabaqcıl sənaye, yeni texnologiyalar və kritik xammal kimi sahələr də əməkdaşlığın genişləndirilməsi baxımından böyük potensiala malikdir.

    “Bu sektorlar İtaliya şirkətlərinin layihələndirmə imkanları, texnologiyaları, avadanlıqları, kapital malları və yüksəksəviyyəli sənaye təcrübəsi ilə töhfə verə biləcəyi istiqamətlərdir. Biz SACE olaraq Azərbaycanda təxminən 90 milyon avro həcmində portfellə təmsil olunuruq. TAP layihəsi çərçivəsində, eləcə də sənədli akkreditivlərin təsdiqi vasitəsilə həyata keçirilən digər əməliyyatlarda İtaliya ixracatçılarına dəstək göstərmişik.Bu istiqamətdə mühüm addımlardan biri ötən ilin iyun ayında SACE ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında əməkdaşlıq sazişinin imzalanması olub. Sazişin məqsədi Azərbaycan üçün strateji əhəmiyyət daşıyan sənaye və infrastruktur layihələrində iştirak edən İtaliya təchizatçılarını dəstəkləmək üçün maliyyələşdirmə imkanlarını müəyyənləşdirməkdir. Bu əməkdaşlıq modeli ölkənin investisiya planlarına əsaslanır, təchizat ehtiyaclarının müəyyənləşdirilməsini və müvafiq sahələrdə ixtisaslaşmış İtaliya şirkətlərinin layihələrə cəlb olunmasını nəzərdə tutur”, – deyə Cristiana Portale vurğulayıb.

    O qeyd edib ki, hazırda enerji keçidi, metallurgiya, neft-kimya, infrastruktur və avadanlıq istehsalı sahələrində birgə həyata keçirilə biləcək təşəbbüslər ətraflı araşdırılır: “Bu istiqamətlər İtaliyanın dünya miqyasında tanınan sənaye və texnoloji imkanlara malik olduğu, Azərbaycanla əməkdaşlıq üçün isə geniş perspektivlər vəd edən sahələrdir. Qarşımızda duran əsas vəzifə mövcud potensialı konkret layihələrə və real əməkdaşlıq imkanlarına çevirməkdir. Bunun üçün investisiya proqramları barədə məlumatların bölüşülməsi, İtaliya şirkətlərinin mümkün töhfəsinin müəyyənləşdirilməsi, eləcə də dayanıqlı və həyata keçirilə bilən maliyyə mexanizmlərinin yaradılması istiqamətində ilkin mərhələdən etibarən birgə fəaliyyət göstərmək vacibdir. SACE ölkənin həyata keçirməyi planlaşdırdığı layihələrlə İtaliyanın istehsal sektoru və maliyyə institutları arasında əlaqələndirici rol oynamağa hazırdır. Bu baxımdan, Azərbaycan tərəfdaşları, müvafiq qurumlar və banklarla əməkdaşlıq edərək perspektivli layihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırıq. Bu məqsədlə buradayıq”.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ