Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan suverenlik və ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək - ARZU NAĞIYEV

    Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyasının mümkün olacağına dair bəyanatları regionda yenidən siyasi müzakirələrə səbəb olub. Rəsmi Bakının əsas gözləntilərindən biri Ermənistan Konstitusiyasının preambulasında yer alan və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarla əlaqələndirilən müddəaların aradan qaldırılmasıdır. Bununla yanaşı, Ermənistanda konstitusiya dəyişikliyinin daxili siyasi proses kimi təqdim edilməsi, referendum ehtimalı və mümkün siyasi müqavimət sülh gündəliyinin gələcəyi ilə bağlı suallar yaradır.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Ermənistanın yeni Konstitusiya layihəsinin siyasi və hüquqi əhəmiyyətindən, Paşinyanın hesablamalarından, eləcə də mümkün referendumun sülh prosesinə təsirindən danışıb.

    – Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına və ratifikasiya ediləcəyinə dair təminatlarını necə qiymətləndirirsiniz?

    – Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu ilə bağlı bəyanatları Ermənistanın siyasi rəhbərliyinin ümumiyyətlə sülh prosesində üzərinə götürdüyü məsuliyyətin etirafıdır. Biz bu bəyanatları real siyasi və hüquqi addımlardan fərqləndirməliyik. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması və ratifikasiyası üçün bütün hüquqi-siyasi maneələri aradan qaldırmalıdır.

    Azərbaycan öz mövqeyini dəfələrlə və aydın şəkildə ifadə edib. Sülh davamlı olmalı, qarşılıqlı hörmətə və dövlətlərin suverenliyinin tanınmasına əsaslanmalıdır. Əgər bu prinsiplər tam şəkildə yeni Konstitusiyada öz əksini tapacaqsa, bu, artıq başqa məsələdir. Çünki Konstitusiyada Qarabağ məsələsi və ya digər ərazilərlə bağlı iddiaları qabardan müddəalar olmamalıdır.

    Baş nazir Paşinyanın 23 noyabr 2026-cı il tarixində yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsi və referendumun nəticələrinə görə siyasi məsuliyyət daşımağa hazır olduğunu bildirməsi, təbii ki, ciddi addımdır. Layihədə Azərbaycanla münasibətlərdə narazılıq doğuran əsas məqamlardan biri – Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması nəzərdə tutulur.

    Ancaq bir daha qeyd edərdim ki, layihənin təqdim edilməsi hələ Konstitusiyanın qəbul edilməsi demək deyil. Əsas məsələ prosesin hansı nəticə ilə yekunlaşacağıdır. Azərbaycan sülhün əldə olunmasında maraqlıdır. Lakin bu maraq heç bir halda milli təhlükəsizlik, ərazi bütövlüyü və dövlət suverenliyi məsələlərində güzəştə getmək anlamına gəlmir. Bütün bu məsələlər mütləq şəkildə öz həllini tapmalıdır.

    – Ermənistanın hazırkı Konstitusiyasının preambulasında yer alan və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarla əlaqələndirilən müddəaların yeni Konstitusiyadan çıxarılması Bakının əsas gözləntilərindəndir. Yeni Konstitusiya layihəsi bu problemin həllinə nə dərəcədə zəmin yaradır?

    – Bakının əsas gözləntiləri, təbii ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılmasıdır. Bu məsələnin ən prinsipial tərəfləri məlumdur. Ermənistanın hazırkı Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad mövcuddur. Həmin bəyannamədə Ermənistan SSR ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair müddəaya istinad edilməsi bizim haqlı narahatlığımıza səbəb olur.

    Təqdim edilmiş yeni Konstitusiya layihəsində bu istiadın yer almaması müsbət haldır. Eyni zamanda, layihədə Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi çərçivəsində müstəqil, özünə yetərli, təhlükəsiz və sülhsevər dövlət qurmaq məqsədinin önə çəkilməsi çox mühüm məsələdir və təqdirəlayiqdir.

    Bir məqamı da xüsusi qeyd etmək lazımdır. Azərbaycan üçün vacib olan yalnız preambulada müəyyən ifadələrin dəyişdirilməsi deyil. Əsas məsələ Ermənistanın bütün konstitusion və hüquqi sisteminin qonşu dövlətlərə qarşı ərazi iddialarını istisna edən məntiq üzərində qurulmasıdır.

    Biz hesab edirik ki, sülh müqaviləsi gələcək nəsillər üçün yeni münaqişə risklərini aradan qaldırmalıdır. Bunun üçün hüquqi baza olmalı, hüquqi ziddiyyətlərə yol verilməməli, qarşılıqlı ərazi bütövlüyünə və suverenliyə hörmət təmin olunmalıdır.

    Ona görə də yeni layihəyə yekun qiymət Konstitusiyanın qəbulundan və onun real hüquqi məzmunu bəlli olduqdan sonra verilə bilər.

    – Paşinyan Konstitusiya dəyişikliyini Ermənistanın daxili siyasi prosesi kimi təqdim edir. Sizcə, bu yanaşmanın arxasında hansı siyasi hesablamalar dayanır? Ermənistan hakimiyyəti daxili və xarici auditoriyaya hansı mesajları verməyə çalışır?

    – Təbii ki, Paşinyanın yanaşmasının arxasında hansı siyasi hesablamaların dayandığı da maraq doğurur. Onun bu məsələni Ermənistanın daxili siyasi prosesi kimi təqdim etməsinin bir neçə səbəbi var.

    Birincisi, Ermənistanda Konstitusiya dəyişikliyi Azərbaycanın irəli sürdüyü şərt kimi deyil, ölkənin gələcək inkişafı üçün zəruri addım kimi təqdim olunmalıdır. Onlar bu dəyişikliyin belə qəbul edilməsinə çalışırlar. Bu, həm də siyasi sistemin yenilənməsi baxımından əhəmiyyət daşıyır.
    İkincisi, Ermənistan daxilində revanşist qüvvələr hələ də mövcuddur. Həmin qüvvələr uzun illər ərzində cəmiyyətdə münaqişə və qarşıdurma psixologiyası formalaşdırıblar. İndi isə sülh mərhələsinə keçid, təbii ki, onların siyasi mövqeyinə təsir göstərir.

    Üçüncü məsələ ondan ibarətdir ki, Paşinyan mümkün yeni siyasi proseslər və referendum fonunda öz elektoratına sülhün alternativinin olmadığını göstərmək istəyir. O, qeyd edir ki, əgər sülh müqaviləsi imzalanmasa, eyni zamanda Türkiyə və Azərbaycanla yaxınlaşma başlamasa, ərazi bütövlüyü ilə bağlı iddialardan əl çəkilməsə, bu, gələcəkdə mütləq şəkildə Ermənistanın suverenliyinə təsir edəcək.
    Xarici auditoriyaya isə Ermənistan hakimiyyəti sülhə hazır olduğu mesajını verir. Bununla da özünü sabitlik tərəfdarı kimi nümayiş etdirməyə çalışır.

    Ermənistan rəhbərliyi bu prosesi yalnız daxili siyasi məsələ kimi təqdim edə bilər. Lakin onun nəticələri ikitərəfli münasibətlərə və bütövlükdə Cənubi Qafqazın gələcəyinə birbaşa təsir göstərir.

    – Ermənistanda Konstitusiya dəyişikliyinə qarşı mümkün siyasi müqavimət və referendum ətrafında yaranacaq mübahisələr sülh müqaviləsinin imzalanmasını gecikdirə bilərmi? Azərbaycan belə bir ssenariyə qarşı hansı diplomatik mövqedən çıxış etməlidir?

    – Əsas məsələlərdən biri də Azərbaycanın belə bir ssenariyə qarşı hansı diplomatik mövqedən çıxış etməsidir. Ermənistan cəmiyyətində Konstitusiya dəyişikliyinə qarşı çıxan siyasi qüvvələr var və onların referendum mərhələsində fəallaşacağı istisna edilmir.

    Ermənistan parlamentində hakim siyasi qüvvələrin Konstitusiya referendumu keçirilməsi üçün tələb olunan səsləri təkbaşına təmin etmək imkanları məhduddur. Bu prosesin də mütləq şəkildə ciddi siyasi mübarizə müstəvisində davam edəcəyi gözlənilir.

    Ermənistanın daxili siyasətindəki proseslər Azərbaycan-Ermənistan sülh gündəliyinin qeyri-müəyyən müddətə təxirə salınmasına səbəb ola bilər. Lakin bu, bəhanəyə çevrilməməlidir.

    Azərbaycanın mövqeyi prinsipial və ardıcıldır. Biz proseslərin nəticələrinin ölkəmizin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə mənfi təsir göstərməsinə imkan verə bilmərik.

    Diplomatik baxımdan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız siyasətin əsas məqsədi qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və gələcəkdə ərazi iddialarına hüquqi zəmin yarada biləcək hər hansı məsələnin qalmamasıdır.

    Azərbaycan beynəlxalq tərəfdaşlarına da açıq mesaj verir və verməkdə davam edəcək. Regionda davamlı sülh yalnız bir tərəfin siyasi bəyanatları ilə deyil, konkret hüquqi və praktiki addımlarla mümkündür.

    Azərbaycan müharibə istəmir, sülh və əməkdaşlıq istəyir. Bu sülh dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizlik maraqlarına tam hörmət əsasında qurulmalıdır.

    Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın mövqeyi dəyişməzdir. Biz regionda yeni qarşıdurma deyil, yeni siyasi və iqtisadi reallığın formalaşmasını istəyirik. Bunun üçün Ermənistan keçmişin münaqişə məntiqindən birdəfəlik əl çəkməli, uzaqlaşmalı və gələcəyini sülh, mehriban qonşuluq prinsipləri üzərində qurmalıdır.

    Yalnız bu halda həm sülh müqaviləsinin imzalanması, həm də Ermənistanla bütün kommunikasiyaların açılması və qarşılıqlı məsələlərin həlli nəzərdə tutulan səviyyədə həyata keçirilə bilər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ