Sizin reklam burada
Sizin reklam burada
  • Bir-birinin girovuna çevrilmiş Azərbaycan vətəndaşları...

    Toy el-obamızın qədim adətlərindən biridir. Amma hazırkı toylarımız demək olar ki, insanlar üçün bir çətinliyə, bir əzaba çevrilib. Çünki toya dəvət alan vətəndaş məcburdur ki, toyda iştirak etmək üçün özü də müəyyən xərclərə çəkilsin. Xüsusilə, qadınlarımız yeni başmaq almalı, bəzənməli və digər zəruri ehtiyaclarını qarşılamalıdırlar. Bu da əlavə məsrəf hesab olunur. Düzdür, rayon yerlərində bu xərclər nisbətən bir qədər ucuz başa gəlir. Amma şəhərdə, demək olar ki, əksər şadlıq evlərində bir nəfər üçün masa qiyməti ən azı 80-100 manat arasında hesablanır. Vətəndaş nə etməlidir? Məcburdur ki, dəvət aldığı toyda iştirak etsin. Əvvəllər 100 manatla iki nəfər toya gedib iştirak edə, şənlənə bilirdi. Hazırda isə bir nəfərin həmin toyda iştirak etməsi üçün ən azı 100 manat xərcləməsi lazımdır. Ona görə də hazırkı toylarımız maraqsız, keyfiyyətsiz və şənliksiz keçir. Kimin pulu var, onun üçün bu çətin deyil. Amma elə vətəndaşlarımız var ki, aldığı maaşla üç dəfə toya getsə, maaşının böyük hissəsini orada xərcləməli olur. Bəs, burada kim qazanır? Qazanan şadlıq evlərinin sahibləri, müğənnilər və musiqiçilərdir. Təsəvvür edin, adi, tanınmış bir müğənnini toya çağırırsan, ən azı iki-üç min manat pul ödəməlisən. O isə gəlir, kaset qoyur və həmin kasetlə toyu yola verir. Ona görə də bu cür adət-ənənələrdən əl çəkmək lazımdır. Havayı yığılmış pullarla həmin müğənnilər konsertlərdə, keyf məclislərində günlərini keçirir, yeyib-içirlər. Sanki millətə yanıq verirlər. Ona görə də vətəndaşlarımız diqqətli olmalı, bu cür halların aradan qaldırılması üçün səy göstərməlidirlər. Amma hələ ki, bununla bağlı heç bir ciddi cəhd edilmir. Qeyd etdiyim kimi, toyların sayı getdikcə azalır. Evlənənlər, ərə gedənlər nədənsə ailə qurmaq istəmirlər. Baxmayaraq ki, respublikamızda günbəgün ingilis dilində adları olan yeni şadlıq evləri açılır, hazırda onların fəaliyyət istiqamətinin getdikcə dəyişdiyini görürük. Yəni, şadlıq evləri mərasim evlərinə çevrilir. Elə bir vəziyyət yaranıb ki, evlənənlərdən çox, dünyasını dəyişən vətəndaşlarımızın mərasimləri keçirilir. Şadlıq evi sahibləri də gəlir əldə etmək üçün həmin məkanları mərasim evlərinə çevirirlər.


    Qiyam Ərşadoğlu


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ