![]()
"3 oktyabr 1993-cü il Azərbaycanın müasir dövlətçilik tarixində mühüm yer tutur. Həmin gün keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin etimadını qazanan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin sonrakı inkişaf yolunun müəyyənləşdirilməsində mühüm mərhələ oldu.
1991–1993-cü illərdə Azərbaycan mürəkkəb ictimai-siyasi proseslərdən keçirdi. Müstəqilliyin ilk illərində ölkədə yaranmış hərc-mərclik, idarəetmədəki çətinliklər və dövlətçiliyə yönəlmiş təhlükələr Azərbaycanın gələcəyi üçün ciddi risklər yaratmışdı. Belə bir şəraitdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlət idarəçiliyində sabitliyin təmin olunmasını və müstəqilliyin qorunmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirdi.
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı deyib. O, qeyd edib ki, Ulu Öndərin ən böyük tarixi xidmətlərindən biri Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin formalaşdırılmasıdır. 1993-cü ildən başlayaraq ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu və iqtisadi inkişaf istiqamətində mühüm addımlar atıldı:
"Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın hüquqi və demokratik dövlət kimi inkişafının əsasları müəyyən edildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğu prosesinin hüquqi bazasının möhkəmləndirilməsinə geniş imkanlar yaratdı. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi islahatların həyata keçirilməsi və qanunun aliliyinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən oldu.
Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf modeli də Azərbaycanın gələcək inkişafında mühüm rol oynadı. Xarici investisiyaların ölkəyə cəlb olunması, neft strategiyasının həyata keçirilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və Bakı–Supsa neft kəmərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdi.
Eyni zamanda, balanslaşdırılmış xarici siyasət kursunun formalaşdırılması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinə şərait yaratdı. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması xarici siyasətin mühüm istiqamətlərindən biri oldu."
Mircəlil Qasımlının sözlərinə görə, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri də azərbaycançılıq ideologiyasının milli ideya kimi formalaşdırılmasıdır. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasına, xalqın tarixi yaddaşının yaşadılmasına və milli həmrəyliyin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi.
Ulu Öndərin “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri onun müəyyənləşdirdiyi dövlətçilik kursunun mahiyyətini ifadə edir. Heydər Əliyev bütün siyasi fəaliyyəti boyunca Azərbaycanın müstəqilliyinin qorunmasını və dövlətin gələcək inkişafının təmin edilməsini əsas məqsədlərdən biri hesab edib:
"3 oktyabr 1993-cü il bu baxımdan yalnız prezident seçkilərinin keçirildiyi tarix deyil, Azərbaycanın müstəqil dövlətçilik yolunda mühüm siyasi mərhələlərdən biri kimi tarixə düşüb."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributunfo.az"
