Nəsib Məhəməliyev,
Mili Məclisin deputatı
İstənilən ölkənin iqtisadiyyatının inkişafı düzgün idarəçiliklə parallel olaraq həm də siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması ilə bilavasitə bağlıdır. Qeyri-sabit vəziyyətin hökm sürdüyü ölkələrdə nə qədər düzgün idarəetmə sistemi qurulsa da, iqtisadiyyatı arzu edilən səviyyədə inkişaf etdirmək olmur. Bu mənfi tendensiya öz-özlüyündə xarici investorları da ehtiyatlı addım atmaqla həmin ölkələrə sərmayə qoymaqdan çəkindirmiş olur. Azərbaycan üçün isə belə bir təhlükənin olmadığını əminliklə söyləmək mümkündür. Siyasi sabitliklə iqtisadi inkişafın vəhdət təşkil etməsi xarici investorların Azərbaycana maraq göstərməsini şərtləndirir. Sentyabrın 25–26-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bunun ən bariz nümunəsidir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq səviyyədə təqdim edilməsi ilə yanaşı, qlobal iqtisadi proseslərin və Cənubi Qafqazın yeni iqtisadi reallıqlarının müzakirə edilməsi, bölgədə yaranmış yeni reallıqlar və iqtisadi əməkdaşlıq imkanlarının təqdimatı baxımından mühüm platforma rolunu oynayır. Dünyanın müxtəlif ölkələrindən olan dövlət nümayəndələri, beynəlxalq maliyyə institutları, investorlar, iri şirkətlərin və biznes dairələrinin iştirak etdiyi forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusu ətrafında idi. Sirr deyil ki, qlobal iqtisadi münasibətlərin dəyişdiyi, təchizat zəncirlərinin yenidən formalaşdığı, enerji və nəqliyyat marşrutlarının əhəmiyyətinin artdığı bir dövrdə ixarici investisiya üçün əsas məsələlərdən biri siyasi sabitlik, bağlantı və uzunmüddətli tərəfdaşlıqdır. Bu baxımdan Azərbaycan Cənubi Qafqaz regionunda bütün bu parametrləri özündə cəmləşdirən cəlbedici məkan olaraq tanınır. Elə Prezident İlham Əliyevin forum çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı da bu məqam xüsusi olaraq vurğulanmışdı. Dövlət başçısı bildirmişdi ki, bugünkü dünyada ən önəmli amillərdən biri siyasi və iqtisadi sabitlikdir:
“Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəri çətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaş müharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içində idi. Beləliklə, bunlar artıq keçmişdə qaldı. Bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir”.
Davamlı siyasi sabitlik öz-özlüyündə iqtisadi inkişaf və yeni əməkdaşlıq imkanları ortaya çıxır ki, həm II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu, həm də forumun nəticəsi olaraq imzalanan sənədlər bu qənaəti möhkəmlədir. Qeyd edək ki, forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalanıb. Bu sənədlər süni intellekt, enerji, bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər sahələri əhatə edir.
Bu rəqəm forumun yalnız müzakirə və təqdimat xarakterli tədbir olmadığını, konkret investisiya layihələrinin formalaşmasına xidmət edən platforma olduğunu göstərir.
Məsələyə daha geniş kontekstdə yanaşsaq deyə bilərik ki, forum Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətinin investisiya ölçüsünü, eyni zamanda siyasətini nümayiş etdirdi. Çünki müasir mərhələdə investisiya siyasətinin əsas məqsədi yalnız ölkəyə kapital gətirməkdən ibarət deyil, həm də yeni texnologiyaların tətbiqi, istehsalın genişləndirilməsi, əlavə dəyərin yaradılması, yeni iş yerlərinin açılması bu sıraya aiddir. Bu mənada Azərbaycan iqtisadiyyatının qlobal dəyər zəncirlərinə daha sıx inteqrasiyası bu prosesin mühüm elementləridir.
Prezident İlham Əliyevin forum çərçivəsində keçirilən görüşdə Azərbaycanın investisiya siyasətinin əsas istiqamətlərindən biri kimi qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsi də diqqət çəkir. Rəsmi məlumatda bildirilir ki, ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb və bunun 7 milyard ABŞ dollarından çox hissəsi qeyri-neft sektorunun payına düşüb. Bu göstərici Azərbaycanın investisiya gündəliyində iqtisadiyyatın şaxələndirilməsinin artan rolunu göstərir.
Bu istiqamətdə sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, süni intellekt, enerji, su təsərrüfatı və digər sahələrin ön plana çıxarılması diqqətəlayiqdir. Beləliklə, investisiya siyasətinin əhatə dairəsi ənənəvi enerji sektorundan daha geniş iqtisadi sahələrə doğru genişlənir.
Forumda Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat-logistika potensialı da mühüm mövzulardan biri olub. Prezident İlham Əliyev forum çərçivəsində keçirilən müzakirədə Azərbaycanın tranzit imkanlarının inkişafı üçün dəmir yollarına, avtomobil yollarına, limanlara və digər infrastruktura böyük investisiyalar yatırıldığını bildirib. Növbəti mərhələdə isə rəqəmsallaşma və gömrük prosedurlarının təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Bu yanaşma Azərbaycanı yalnız yük axınlarının keçdiyi coğrafi məkan kimi deyil, nəqliyyat və logistika xidmətlərinin formalaşdırıldığı regional mərkəz kimi inkişaf etdirmək məqsədi ilə əlaqələndirilə bilər.
Qlobal təchizat zəncirlərində dəyişikliklərin baş verdiyi indiki mərhələdə etibarlı və alternativ nəqliyyat marşrutlarının əhəmiyyəti artır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində yerləşməsi isə bu prosesdə ölkənin nəqliyyat-logistika imkanlarına əlavə əhəmiyyət qazandırır.
Forum çərçivəsində keçirilən görüşlər və imzalanan sazişləri həm də enerji sektorunda inqilabi addımların atılması kimi də xarakterizə etmək mümkündür.
Bu bir gerçəklikdir ki, Azərbaycanın investisiya gündəliyində enerji sektoru əvvəlki kimi mühüm yer tutur. Lakin ölkənin enerji siyasəti yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır, yeni dövrün tələblərinə uyğunlaşdırılır. Bu sırada bərpa olunan enerji və elektrik enerjisinin ixracı istiqamətləri ön plana çıxır. Elə Prezident İlham Əliyev Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı potensialından danışaraq, gələcəkdə bu istiqamətdə yeni imkanların formalaşdırılmasına diqqət çəkib.
Süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı da yeni prioritetlər sırasında yer alır və həm forumda, həm də forum çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən görüşdə bu sahə xüsusi olaraq qeyd edilib. Prezident İlham Əliyev əlavə elektrik enerjisi potensialından istifadə etməklə süni intellekt sahəsində fəaliyyət göstərən data mərkəzlərinin yaradılması perspektivinə toxunub. Dövlət başçısının sözügedən məsələ ilə bağlı verdiyi mesaj Azərbaycan iqtisadiyyatının yeni texnologiyalarla əlaqələndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Çünki süni intellektin inkişafı yalnız proqram təminatı məsələsi deyil, həm də enerji təminatı, data mərkəzləri, rabitə infrastrukturu, kadr potensialı və rəqəmsal xidmətlər kimi bir-biri ilə əlaqəli sahələrdir.
Nəhayət, forumda Azərbaycanın investisiya imkanlarından danışılarkən dağ-mədən sənayesinin də qeyd olunması xüsusilə diqqətçəkicidir. Bildiyimiz kimi, cəmi bir neçə gün əvvəl, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib. Forumda dövlət başçısı qəbul edilmiş yeni proqramın bu sahədə fəaliyyətə əlavə təkan verəcəyini bildirib. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı investisiya siyasəti ilə sənaye siyasətinin kəsişdiyi istiqamətlərdən biri kimi çıxış edir. Metal filizlərinin hasilatı və emalı ilə yanaşı, metallurgiya müəssisələrinin inkişafı əlavə dəyərin ölkə daxilində yaradılması baxımından əhəmiyyət daşıyır.
