Sizin reklam burada
Sizin reklam burada
  • Ermənilərdən asılı olsa, sülh müqaviləsi bu gün imzalanardı - MÜSAHİBƏ


    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Modern.az-a geniş müsahibə verib. O, Ermənistanla sülh prosesi, regionda dəyişən geosiyasi vəziyyət, hibrid və kibertəhdidlər, müdafiə qanunvericiliyi, veteran və şəhid ailələri,  eləcə də türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığı ilə bağlı suallarımızı cavablandırıb.

    - Arzu müəllim, 44 günlük müharibədən sonra Azərbaycanda və regionda ciddi geosiyasi dəyişikliklər baş verib. İranla bağlı proseslər və digər regional risklər fonunda Azərbaycanın təhlükəsizlik vəziyyətini necə qiymətləndirirsiniz? Azərbaycan dəyişən dünyada öz təhlükəsizliyini və müdafiəsini tam təmin etmək gücündədirmi?

    - Təhlükəsizlik məfhumu çox geniş anlayışdır. Hər bir dövlət müxtəlif təhdidlərlə qarşılaşır. Bu təhdidlər sırasında iqtisadi, siyasi, terror, ekoloji və təbiətlə bağlı məsələləri qeyd etmək olar. Məsələ təkcə terror və ya səngərdəki təhlükələrlə məhdudlaşmır. Son vaxtlar bunlara daha bir ciddi təhdid, kibertəhlükəsizlik də əlavə olunub. Bu gün kibertəhlükəsizlik ən ciddi məsələlərdən biridir. Hədəf böyük biznes fəaliyyəti ilə məşğul olan şirkətləri, dövlət qurumlarını sıradan çıxarmaqdır. Bundan əlavə, hibrid təhdidlər də mövcuddur. Hibrid təhdid informasiya müharibəsi aparmaqla yanaşı, paralel şəkildə digər məsələləri də gündəmə gətirmək, cəmiyyətdə narazılıq yaratmağa hesablanır. Biz bunu ən çox Qarabağ müharibəsi zamanı gördük. Əgər Cənab Prezident İlham Əliyev informasiya müharibəsini dörd dildə aparmasaydı, Azərbaycanın mövqeyinin, haqlı tələblərinin dünya ictimaiyyətinə çatdırılması çətin olardı. Bu, çox mühüm məsələdir. Bu təhdidlərin qarşısında da ən mühüm məsələ regionun coğrafi mövqeyidir. Hər bir ölkənin öz daxili və xarici siyasəti var. Ermənistanla bağlı bu gün humanitar istiqamətdə müəyyən addımlar atılsa da, iki ölkə arasında yekun sülh müqaviləsi imzalanmayıb. Sülhü istəməyən qüvvələr də var. İranla ABŞ arasında gedən qarşıdurma, Rusiya-Ukrayna müharibəsi də bizim sərhədlərimizdən uzaqda deyil, bu proseslər regionumuza yaxın məsafədə baş verir. Buna görə də Azərbaycan təhlükəsizliyin təmin olunması və mövcud təhdidlərin qarşısının alınması istiqamətində çox ciddi addımlar atır. 2027-ci ilin büdcəsinə baxsaq, keçən illə müqayisədə müdafiə və təhlükəsizlik xərclərində artım nəzərdə tutulur. Burada yeni silahların alınması və mövcud silahların modernləşdirilməsi ilə yanaşı, ciddi kadr potensialının yetişdirilməsi də vacibdir.  Bu kadrların həm NATO standartlarına, həm də digər müasir tələblərə uyğun hazırlanması çox vacibdir. Sual oluna bilər ki, sülh müqaviləsinin imzalanmasına doğru gedilirsə, niyə müdafiə və təhlükəsizlik xərclərində artım var? İlk növbədə, burada inflyasiya da nəzərə alınır və digər amillər də mövcuddur. Bundan əlavə, artım təkcə silah alınmasına yönəlmir. Hərbçilərin sosial müdafiəsi də bu istiqamətin mühüm hissəsidir. Müdafiə imkanlarını yüksək səviyyədə saxlamaq mütləqdir. Əldə etdiyimiz sülhü və sabitliyi qorumaq üçün bu vəsaitlərə ehtiyac var. Düşünürəm ki, təhlükəsizlik ən ümdə məsələdir. Harada təhlükəsizlik varsa, oraya sərmayə qoyuluşu da artır, iqtisadiyyat da inkişaf edir. Bunların hamısı bir-biri ilə bağlı məsələlərdir. İqtisadi potensial artdıqca, təhlükəsizliyi qorumaq üçün ayrılan vəsait də artır. Bu, çox mühüm məsələdir.

    – Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, Nikol Paşinyanın son açıqlamaları və Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların Kəlbəcərə səfərindən sonra Ermənistanda yaranan qeyri-adekvat, revanşist  meyillərə əsaslanan reaksiyalar  yenidən müharibə əhval-ruhiyəsi kimi nəzərə çarpdı. Siz məsələyə necə yanaşırsınız?

    – Hesab edirəm ki, burada əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan üçün birinci prioritet sülh müqaviləsidir. Amma bununla yanaşı, Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əks halda sülh müqaviləsi imzalansa belə, onun Ermənistan parlamentində ratifikasiyası zamanı müəyyən problemlər yarana bilər. Bu məsələnin referendum yolu ilə həll olunması vacibdir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun iqtisadi inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Söhbət konkret dövlətlərdən getmir, ümumi maraqlardan gedir. Rusiyanın NATO ilə sərhədinin bir hissəsi də Türkiyə-Ermənistan sərhədidir. Rusiya tərəfindən Ermənistana qarşı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Məsələn, Ermənistanın Rusiyanın istədiyi istiqamətdə hərəkət etmədiyi halda, Ukrayna məsələsinə bənzər proseslərin baş verə biləcəyi deyilir, eləcə də qeyd edirlər ki, NATO ölkəsi olan Türkiyə Ermənistana hücum edə bilər. Ona görə də, heç vaxt Rusiyanın Ermənistandan qoşunlarını çıxarması real olmayıb. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istəyəndə dərhal belə təhdidlər səsləndirilirdi. Bu gün Ermənistan sərhədini Rusiya hərbçiləri qoruyur. Eyni zamanda hazırda gündəmdə olan məsələlərdən biri də Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. Lakin Türkiyə Ermənistan qarşısında sərhədlərin açılması üçün Azərbaycanla sülh müqaviləsinin imzalanmasını şərt qoyur.

    Ermənistanla Azərbaycan sərhədləri 1007 kilometrdir. Bunun hələ sadəcə 12 kilometri delimitasiya və demarkasiya olunub. Proseslərdə yüksəkliklər, sərhəd əraziləri və digər məsələlər də nəzərə alınmalı və öz həllini tapmalıdır. Paşinyan hökumətinin sülhlə bağlı müəyyən addımlar atdığını görürük. Lakin Ermənistan daxilində bu prosesə qarşı çıxan müxtəlif siyasi qüvvələr mövcuddur. Məsələn Rusiyanın adamları olan Samvel Karapetyanı, Robert Köçəryan, Serj Sarkisyan və digərlərini nümunə götürmək olar. Onlar zərərsizləşdirilməlidir. Mütəmadi olaraq Ermənistan siyasətində “soyqırımı”, Qarabağ məsələsi və kilsə əsas prioritetlər olub. Kilsəni Paşinyan demək olar ki sıradan çıxardı. Qondarma soyqırımı məsələsində də dərinə getmir. Yerdə separatçı rejimin tör-töküntüləri qalır. Onlar da aydın məsələdir ki, müxtəlif xüsusi xidmət orqanlarının maraqlarına xidmət edirlər. Avropanın da burada öz maraqları var. Qonşumuz İran  Avropa qoşunlarının müşahidə missiyası adı altında Ermənistana gəlməsinə, ABŞ-nin regionda mövcudluğuna qarşı bir şey demir.  Lakin Zəngəzur dəhlizindən danışan kimi, bura amerikalıların nəzarət edəcəyini deyirlər. Ermənistanla Azərbaycanın ikisinə qalsa, sülh imzalana bilər. Azərbaycan istənilən addımı atmağa hazırdır. Bizim ərazi bütövlüyümüz, məlumdur. Ermənistan bununla razıdır. Keçidlərimiz də mövcuddur, humanitar addımlar da atırıq. Sadəcə olaraq, Ermənistan vətəndaşı da bunu tam dərk etməlidir. Erməni cəmiyyəti tam siyasiləşib. Son vaxtlar itkilərinin çox olması və  Azərbaycanı məğlub etməyin qeyri-mümkün olduğunu nəzərə alaraq müharibə istəmirlər. Son zamanlar Türk Dövlətləri Təşkilatı (TDT) ətrafında birlik onları çox qorxudur. Ermənistan da Hindistanla əməkdaşlıq etməyə çalışır. Bu da siyasi məsələdir. Çünki Azərbaycanın Pakistanla möhkəm əlaqələri  mövcuddur. İran mütəmadi olaraq hegemonluğunu göstərmək istəyir. ABŞ-nin Azərbaycanla Gürcüstanla bağlı mövqeyi ayrı-ayrılıqda deyil, ümumilikdə regiona istiqamətlənib. Lakin məsələ tək ermənilərin iradəsindən asılı olsa, sülh müqaviləsi bu gün imzalanardı.

    - 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ordusunun gücü dünyada özünü göstərdi. Hətta belə bir fikir yarandı ki, bu ordunu dayandırmaq mümkün deyil. Bu tendensiya hazırda da davam edirmi? Azərbaycanın hərbi gücünü necə qiymətləndirirsiniz?

    - Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, veteranam. Məncə, burada ən vacib məsələlərdən biri ordunun mənəvi-psixoloji hazırlığı və döyüş ruhudur. 44 günlük müharibədə qələbə  Ali Baş Komandanın qətiyyəti, ordumuzun hazırlığı və şəhadəti şərəf sayan valideynlərin hesabına əldə olundu. Heç bir valideyn  övladını müharibədən yayındırmadı, onların cəbhəyə aparılmasının qarşısını almağa çalışmadı. İkinci Qarabağ müharibəsində bir nəfər də fərari olmadı. Çünki bu, bizim üçün müqəddəs yol idi. Hamımızın bir dili, bir bayrağı, bir Vətəni var. Məqsəd də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmək, vətəndaşların rifahını qorumaq idi. Müharibənin gedişində xüsusilə Füzuli istiqamətində qarşıya çıxan mürəkkəb relyef və müdafiə istehkamları Azərbaycan hərbçilərinin hansı çətinliklərlə üzləşdiyini göstərirdi. Azərbaycan Ordusu torpaq əldə etmək üçün deyil, öz Vətənini azad etmək üçün döyüşürdü. Azərbaycanın əsas üstünlüklərindən biri də milli kadr potensialıdır. Müasir texnologiyalardan istifadə edə bilən, yüksək hazırlıqlı hərbçilərimiz var. Ordunun yalnız silah və texnika ilə deyil, həm də peşəkar şəxsi heyətlə təmin olunması vacibdir. Biz şəhidlərimizin hər birinin qarşısında baş əyirik. Onların ailələrinə səbr, qazilərimizə isə can sağlığı arzulayırıq. Əsas məsələ bundan sonra onların normal və dinc həyata qayıtması üçün lazımi şəraitin yaradılmasıdır. Bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür. Heydər Əliyev Fondu, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə və qazilərə daim diqqət göstərir. Şəhid ailələri və qazilərlə bağlı qanunvericilikdə də çoxsaylı dəyişikliklər və əlavələr edilib. Mən hesab edirəm ki, qələbənin əsasını yalnız silah və texnologiya təşkil etmir. Əsas amil insanın ruhu, özünə inamı, məqsədi və Vətən uğrunda mübarizə əzmidir. Azərbaycan Ordusunun gücü də məhz bu amillərin və müasir hərbi imkanların birliyindən formalaşır.

    -2020-ci il Vətən müharibəsindən və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra müdafiə qanunvericiliyində müəyyən boşluqların olduğu görünürmü? Bu istiqamətdə sizin komitəniz hansı işləri görür?

    - Müharibədən sonra müdafiə və hərbi xidmətlə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edildi. Hərbi xidmətkeçmə, hərbi vəzifə və səlahiyyətlərlə bağlı qanunvericiliyə əlavələr olundu, müxtəlif normativ sənədlər yeniləndi. Eyni zamanda, müharibədən sonra həm veteranlarla, həm hazırda xidmət keçən hərbçilərlə, həm də müddətdən artıq xidmət edən hərbi qulluqçularla bağlı yeni qanunlar qəbul edildi və mövcud qanunlara dəyişikliklər oldu.
     

    - Müharibə veteranlarının hərbi xidmətdən sonra əmək bazarına və mülki həyata -qayıtması məsələsi necə həll olunur?

    - Vətən Müharibəsinin iştirakçılarının orta yaşı 25-dir. 25 yaşda veteran 65 yaşa qədər həm təqaüd almalı, həm də işlə təmin olunmalıdır. Doğrudan da, 25 yaşlı veteran üçün gələcək hələ irəlidədir. Tək veteranlıqla əlaqələndirib bu məsələ ilə məşğul olmaqdan söhbət getmir. Dövlət onları hərtərəfli qayğı ilə əhatə edir. onların yaş məsələsi də var. Veteran deyəndə qoca kişi başa düşməsinlər. İkinci Qarabağ müharibəsinin orta yaşı 25-26 yaşdır. Buna uyğun olaraq da, dövlət tərəfindən müvafiq addımlar atılır.

    - Müharibə veteranlarına verilən 80 manatlıq aylıq ödənişlə bağlı tez-tez müzakirələr aparılır. Sizcə, bu məbləğin artırılmasına ehtiyac varmı?

    - 80 manat məlum məsələdir ki, istehlak səbəti üçün nəzərəçarpmaz məbləğdir. 80 manat kiminsə yaşaması üçün deyil. Bu vəsait cənab Prezident tərəfindən təyin olunmuş müavinətdir. Bu müavinətin artırılması söhbəti mütəmadi olaraq qabardılır.  Lakin burada məsələ ondan gedir ki, digər sahələrdə müharibə iştirakçılarına geniş dəstəklər göstərilir və güzəştlər edilir. Yəni hərtərəfli diqqət qayğıdan sonra verilən 80 manat, əslində, sadəcə əlavədir.

    - Bu gün süni intellekt bütün sahələri əhatə edir. Bununla bağlı, məsələn, təhlükəsizlik sahəsində süni intellektdən istifadə üçün ayrıca hüquqi qaydalara ehtiyac varmı? Tutaq ki, dövlət qurumunun süni intellektdən istifadə etməklə verdiyi qərarda səhv oldu. Bu halda məsuliyyəti kim daşıyacaq?

    - Ümumiyyətlə, son vaxtlar kibertəhlükəsizlik ən ciddi məsələlərdən biridir. Süni intellektdən istifadə nəticəsində müxtəlif problemlərin yaşanması gündəmdədir. Hər gün bu proses baş verir. Məsələn, mən Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsində, MDB məkanında Müdafiə Komitəsinin sədr müaviniyəm. Orada belə bir məsələ qaldırmışdılar ki, süni intellekt vasitəsilə nüvə silahlarının idarə edilməsi mümkün olsun. Ən qorxulu tendensiyalardan biri budur. Yəni süni intellekt bu gün həyatımızın hər nöqtəsinə toxunur. Kibertəhlükəsizliklə bağlı Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. Çünki elə məsələlər var ki, bizdə cinayət sayılırsa, məsələn, Almaniyada cinayət sayılmır. Ona görə də koordinasiyalı şəkildə bu məsələləri həll etmək lazımdır. Artıq süni intellekt həyatımızın bir parçasıdır.

    - Bir müddət əvvəl xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılmışdı. Bu komissiya ilə sizin komitəniz arasında hər hansı əlaqə, birgə iş mövcuddurmu?

    - Mən qeyd etmək istərdim ki, komissiyanın sədri bizim komitənin üzvüdür. Eyni zamanda, yüksək səviyyədə öz işinin peşəkarıdır və mütəmadi olaraq gördükləri işlər haqqında kütləvi informasiya vasitələrində öz fikirlərini bildirir. Həmin fikirlərə uyğun olaraq da müvafiq qərarlar qəbul olunur.

    - Sizin komitənizdə müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə istiqamətləri var. Korrupsiya ilə bağlı dövlətin apardığı çox ciddi mübarizə var, əməliyyatlar keçirilir. Sizcə, korrupsiya problemi niyə hələ də tam həll olunmayıb? Burada qanunvericilikdə boşluq var, yoxsa icra mexanizmində müəyyən çatışmazlıqlar mövcuddur?

    - Bilirsiniz, hamı korrupsiyaya öz rakursundan baxır. Korrupsiya nədir? Əgər kiminsə işi düzəlmirsə, kimsə kiməsə rüşvət verirsə, deyirlər ki, bu korrupsiyadır. Mən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işçi qrupunun üzvüyəm. Həmin komissiyanın sədri Prezident Administrasiyasının rəhbəridir. Mütəmadi olaraq bu komissiyanın iclasları keçirilir və həmin iclaslarda korrupsiya ilə bağlı ən ciddi məsələlər müzakirə olunur. Bunun icrası xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları, prokurorluq və digər strukturlar vasitəsilə həyata keçirilir.Son vaxtlar düşünürəm ki, istər bir sıra dövlət qurumlarının rəhbərləri, istərsə də icra başçıları ilə bağlı məsələlər mütəmadi olaraq həll edilir. Cənab Prezident də çıxışlarında dəfələrlə bu istiqaməti dəyərləndirir, tapşırıqlar verir. Bu məsələlər daim gündəmdədir. Yəni vətəndaşlarımız əmin ola bilərlər ki, korrupsiya sahəsində ciddi şəkildə mübarizə davam edir.

    - Burada başqa bir problem də var. Məsələn, kimsə korrupsiya halına şahid olur, amma bu barədə məlumat verməkdən qorxur. Bu şəxslərin qorunması ilə bağlı mexanizm varmı?

    - Şəxs hər hansı bir təşkilatda çalışırsa və korrupsiya halı ilə əlaqədar şahid kimi çıxış edirsə, onun da qorunması nəzərdə tutulur. Belə bir qanun qəbul olunub.

    - Müddətli hərbi xidmətlə bağlı da sizə vətəndaşlardan müraciətlər daxil olur. Ən çox hansı məsələlərdən şikayət edilir? Çağırış, xidmət yeri, məzuniyyət, tibbi təminat və digər məsələlərlə bağlı dəyişikliklərə ehtiyac varmı?

    - Bilirsiniz, Azərbaycanla Ermənistan arasında 30 il münaqişə davam edib. Qələbədən əvvəlki və qələbədən sonrakı müraciətlər təbii ki, fərqlənir. Müddətli hərbi xidmət Konstitusiyada təsbit olunub. Hər bir kişi cinsindən olan Azərbaycan vətəndaşı üçün hərbi xidmət borcdur və bu xidmət yerinə yetirməlidir. Təbii ki, çağırışçının səhhəti, təhsili kimi məsələlər nəzərə alınmaq şərtilə bu borc Konstitusiyada təsbit olunub. Əvvəllər müddətli hərbi xidmət 35 yaşına kimiydi, sonradan qanunvericilikdə bu yaş 30-a endirildi. Konstitusiyada təhsil məsələləri qeyd olunmasa da, təhsilin inkişafı üçün  ali təhsil alanlar üçün möhlət hüququ verilib və  onlar 1 il xidmət keçirlər. Bəziləri hərbi xidmətin altı ay  və pulla olmasını istəyir. Əsas məsələ ordunun komplektləşdirilməsidir. Azərbaycan ordusu gücünə görə ilk 50-likdədir. Gələcəkdə müqaviləli, kontraktlı ordu olsa, ondan sonra bizim rezervlərimizi kifayət qədər tənzimləmək mümkün olsa, digər məsələlərə baxmaq olar. Bu gün qanunlar işləyir. 30 yaşına qədər müddətli hərbi xidmətə gedirlər və öz qulluqlarını davam etdirirlər. Ali təhsillilərə də, səhhəti imkan verməyənlər üçün də güzəştlər var. Yəni burada hər hansı problem yoxdur.

    - Arzu müəllim, son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri də alternativ hərbi xidmətdir. Hətta  Mədəniyyət Naziri Milli Məclisə gələndə bu məsələni yenidən qaldırıb və bildirib ki, mədəniyyət sahəsində ixtisaslaşan şəxslərin birbaşa hərbi xidmət əvəzinə alternativ hərbi xidmət keçməsi ilə bağlı layihə hazırlayıb Milli Məclisə göndərəcəklər. Siz bu məsələyə necə yanaşırsınız?

    - Mən bir daha qeyd edirəm, alternativ xidmətlə bağlı Azərbaycan Konstitusiyasında müvafiq maddə var. Lakin bu o demək deyil ki, əgər şəxs yaxşı musiqiçidirsə və ya başqa sahədə çalışırsa, o, əsgərliyə getməməlidir. Alternativ xidmət odur ki, mən əlimə silah almaq istəmirəm, düzdür? Heç kim heç kimdən artıq deyil ki. Silah almaq istəmir? Getsin digər məsələlərlə məşğul olsun. Alternativ xidmət belə bir mövzudur, lakin bu o demək deyil ki, əsgərliyə getməsin.
     

    - Siz Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz. Bu istiqamətdə parlament diplomatiyası da həyata keçirilir və uzun illərdir sizin bu sahədə çox fəal olduğunuzu görürük. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan deputatlarının əlaqələri, qarşılıqlı səfərləri hansı səviyyədədir? Parlament diplomatiyası real nəticələrə təsir göstərə bilirmi? Qarşıdakı dövrdə hansı istiqamətlər üzrə addımların atılması gözlənilir?

    - Gürcüstanla Azərbaycan arasında parlament qrupu ən böyük qruplardan biridir. Məlum məsələdir ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı 5 rayon var. Yəni bu məsələ demək olar ki, parlament qrupunun qarşısında duran ən ciddi məsələlərdən biridir. İcmanın problemlərinin həlli istər səfirlik, istərsə parlament səviyyəsində mütəmadi olaraq diqqətdə saxlanılır.

    - Gürcüstan nümayəndələri Qarabağ bölgəsinə də gəlirlər?

    - Mütləq, Gürcüstanın buradakı səfiri Qarabağa ilk gedənlərdən olub. Çünki həmin problemləri də onlar yaşayırlar. Onların əraziləri - Abxaziya və Cənubi Osetiya ilə bağlı mübahisələri mövcuddur. Gürcülər həmişə ümid yeri kimi məhz Azərbaycanı görürlər.

    - Komitə rəhbəri olaraq dövlət strukturları ilə də ciddi işləriniz olur. Müdafiə və təhlükəsizlik strukturları ilə münasibətləriniz necə qurulub? Hər hansı problem yaşanmır ki?

    - Düşünürəm ki, uzun müddət xüsusi xidmət orqanlarında işləməyim, eyni zamanda zabit olmağım bu məsələlərin həllində mənə ancaq kömək göstərir. Çünki mənim işim əsasən güc strukturları, mina təmizləmə agentliyi və bu məsələlərlə bağlıdır. Orada da çoxsaylı zabitlər olduğuna görə, vaxtilə bir yerdə çalışdığımız şəxslər olduğuna görə, şəxsi məsələlərdə problem yoxdur. Eyni zamanda, qanunvericilikdə mütləq şəkildə onlarla bizim əlaqələrimiz var. Onların hüquq idarələrindən bu istiqamətə baxanlar var. Təsəvvür edin, hər komitə iclasında, məsələn, kibertəhlükəsizliklə bağlı komitə iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində olan Kibertəhlükəsizlik Mərkəzinin ən ciddi mütəxəssisləri onlayn qoşulmuşdular. Keçirilən hər bir tədbirdə Müdafiə Nazirliyinin Hüquq İdarəsi, Sərhəd Qoşunları, digər qurumlar, Daxili İşlər Nazirliyi hamısı mütləq şəkildə öz vizalarını qoyurlar. Bu istiqamətdə elə bir problemimiz yoxdur.

    - Çox maraqlı bir tendensiya müşahidə olunur. Təhlükəsizlik və polis məsələlərində artıq sivil insanların hüquq-mühafizə orqanlarına münasibətində əvvəlki qorxu hissinin azaldığını görürük. Əvvəllər insanlar onlardan çəkinirdilər, indi isə cəmiyyətlə daha çox iç-içədirlər. Sizcə, bu dəyişiklikdə sizin təmsil etdiyiniz strukturların rolunu necə qiymətləndirmək olar? Bir də Azərbaycan kifayət qədər təhlükəsiz ölkədir. Sizcə, bu təhlükəsizlik mühitinin formalaşmasında əsas amillər nələrdir?

    - İnanın ki, siz elə bir mövzuya toxunursunuz ki, bu, təhlükəsizlik təhdidinin ən ciddi məsələlərindən biri də terror təhdidi. Bu gün Azərbaycan vətəndaşının özü də marağındadır ki, hər hansı bir partlayıcı görsə, bunu polisə desin. Çünki biz müharibəni, terrorları, acınacaqlı həyatı, qaçqınlığı görmüşük. Hesab edirəm ki. elə bir Azərbaycan vətəndaşı olmadı ki, qaçqınlıqla bağlı ona toxunulmasın. Ona görə də düşünürəm ki, hüquq-mühafizə orqanları ilə iş, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Miqrasiya Xidməti, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyi, həmçinin Daxili Qoşunlarla mütəmadi olaraq xalqın özünün təması çox mühüm effekt verir. Yəni ən yüksək səviyyədə bu, elə qoyulub ki, siz dediyiniz kimi, bu gün gecə saat 3-də, dörddə təkbaşına küçələrdə dolaşmaq heç bir dövlətdə yoxdur... Təsəvvür edin ki, Qarabağa xərclənən bu xərc adi dinc quruculuq işlərinə xərclənsəydi, bu müharibələr, işğalçı siyasət olmasaydı, hansı çiçəklənən dövlət olardı. Şükür ki, bu gün də bu istiqamətdə addımlar atılır.

    - Kifayət qədər işiniz var. İşlərdən biri də seçicilərlə işdir. Siz iki rayonu - Tovuz və Gədəbəyi təmsil edirsiniz. Onlara necə vaxt ayırırsınız?

    - Tovuz və Gədəbəy, təmsil etdiyim ərazi Ermənistanla 200 kilometr sərhəddir. 120 kilometri Gədəbəy, 69 kilometri Tovuzdur. O sərhəd kəndlərinin demək olar ki, hamısının təmsilçisi mənəm. Bu təmsilçilik həm özümün vaxtilə o bölgələrdə Birinci Qarabağ müharibəsində olmağımla, o dağlarda, həmin istiqamətlərdə olmağımla bağlıdır. Orta məktəbi orada bitirmişəm. Valideynlərim, qohum-əqrəbam oradadır. Bunlarla mütəmadi əlaqəm var və hər rayonda ayda bir dəfə görüş keçiririk. İşi bacaran yaxşı köməkçilərim də var. Müraciət olunur, Facebook səhifəsində, digər sosial şəbəkələrdə elan veririk ki, bu vaxt görüşdür. Əvvəl bir az başqa cür olub, kənd-kənd gəzmək. Kəndlərin sayı o qədər çoxdur ki, bunu gəzmək mümkün olmur. Amma yazışmalar, bütün bunlar olur. Mənim telefonum 24 saat açıqdır. Kim istəyir müraciət etsin, kim istəyir yazsın. Mənə yazmırsa, köməkçimiz var. Bir də komitə sədri kimi profilimə uyğun olaraq ayda bir dəfə Milli Məclisdə hərbçilərlə bağlı, hüquq-mühafizə orqanları, korrupsiya ilə bağlı digər məsələlər üzrə vətəndaşların qəbulu keçirilir. Ola bilsin, hüquq-mühafizə orqanlarında vaxtilə işlədiyim üçün bu işin planlanmasıdır. Çalışıram ki, işimi planlaşdırım. Təbii ki, hər şeyi çatdırmaq olmur, amma yenə də əsas mənim deputat fəaliyyətim seçicilərlə bağlıdır.

    - Arzu müəllim, bu gün müraciətlərin böyük hissəsi sosial şəbəkələr vasitəsilə edilir. Siz sosial şəbəkələrdən daxil olan müraciətlərə necə yanaşırsınız? Bu platformalar sizin üçün də iş otağına çevrilibmi?

    - Əgər dediyi həqiqətdirsə, baxıram. Yox, əgər həqiqət deyilsə, baxmıram.

    - Fərqli rayonların, bölgələrin seçicilərinin oxşar məsələləri olsa da, fərqli problemləri və müraciətləri olur. Bu mənada Gədəbəy-Tovuz seçicilərinin müraciətləri ilə ümumilikdə digər bölgələrdən olan seçicilərin müraciətləri arasında hansı fərqləri görürsünüz?

    - Bizim tərəflərin adamları təsəvvür edin ki, 30 il daimi atəş altında olan, daimi təxribata məruz qalıblar. Hər gün bu ərazilər Ermənistan tərəfdən atəşə məruz qalıb, şəhidlərimiz olub. Məlum məsələdir ki, ordu da, hər bir vətəndaş da, könüllülər də öz işini gördü. Bunlar danılmaz faktlardır. Hüquq-mühafizə orqanları və digərləri də öz işini gördü. Amma çox ciddi əziyyət çəkdilər. Məsələn, xarici şirkətlər ora sərmayə qoymaqdan çəkildilər. Çünki ermənilərlə sülh müqaviləsi imzalanmamışdı. 2023-cü ildən sonra ümumiyyətlə, sülh quruculuğu istiqamətində ən ciddi addımlar atılıb. Artıq, bilirsiniz, müraciətlər də dəyişib. Tutaq ki, 2020-ci ildə Tovuz hadisələri olanda dəfələrlə dağılmış evlər, onların bərpası istiqamətində müraciətlər olurdu. Müharibədən sonra isə əlilliklərin alınması, veteran statuslarının verilməsi məsələləri var idi. Bu problemlər artıq müəyyən qədər arxada qalıb. İndi gələcək üçün, seçicilər övladlarının yaxşı təhsil alması üçün müraciət edir.

    - Bir tendensiya da var ki, adətən, millət vəkilləri ilə onların təmsil etdikləri rayonun icra hakimiyyətləri arasında bəzən anlaşılmazlıq, bir-biriylə yola getməmək kimi hallar müşahidə olunur. Sizdə vəziyyət necədir?

    - İki rayonu təmsil edirəm, bizim heç bir problemimiz yoxdur. Çünki bizim ortaq vuracağımız nöqtə vətəndaşın rifahı və cənab Prezidentin apardığı siyasətin təbliğatıdır. Mən hər iki icra başçısından razıyam, onlar insanlar üçün əlləridnən gələni edirlər. Təbii ki, işlər çoxdur. Çox şükürlər olsun ki, hər iki rayonda məni başa düşür, mən də onları başa düşürəm və öz imkanlarına uyğun olaraq nə varsa, onu edirlər. Edə bilmədiklərimizi də yüksək instansiyalara çatdırırıq.

    - Siz qeyd etdiniz ki, təmsil etdiyiniz ərazilər Ermənistanla sərhəddə yerləşir. Müharibə dövründə, demək olar, hər gün şəhid xəbərləri gəlirdi. Eyni zamanda, atəşkəs xəttinə yaxın ərazilərdə yaşayan mülki insanlar da bu vəziyyətin birbaşa şahidi və qurbanı olurdular. Amma indi uzun müddətdir ki, həmin bölgələrdə şəhid xəbərləri eşidilmir. Bu fərq insanların həyatında, düşüncəsində necə görünür? Artıq müharibə bitib, sülh perspektivi var. İnsanların buna münasibəti necədir?

    - Ümumiyyətlə, yara təzədir. Hətta deyəndə ki, biz barışığa gedirik, insanlar düşünürlər. Şəhid vermək... İlk növbədə mən şəhid analarıyla görüşürəm. Ana 20 yaşında övladını itirib. Bu yara sağalmazdır. Bu gün, təbii ki, insanlar xoşbəxtdir ki, evlərə tabut gətirmirlər.

    - Arzu müəllim, bilirsiniz ki, Azərbaycan və Özbəkistan ilk dəfə birgə hərbi təlimlər keçirib. Bundan əvvəl Türkiyə, Özbəkistan və Azərbaycan arasında müxtəlif formatlarda əməkdaşlıq olub. İndi isə söhbət hərbi əməkdaşlığın genişlənməsindən gedir. TDT yaradılanda əsasən ortaq mədəni bağlarımız ön planda idi, indi isə iqtisadi və hərbi istiqamətlər də önə çıxır. Sizcə, bu tendensiya digər türk dövlətləri ilə də davam edəcəkmi və bunun nəticəsi nə ola bilər?

    - Ən ciddi məsələlərdən biri Türk Dövlətləri Təşkilatı arasında təhlükəsizlik məsələsidir. Bu ərazidə əhali təxminən 180 milyona yaxındır. Eyni zamanda gör neçə dövlətin ərazisi Avropaya çıxır. Bunların təhlükəsizliyini təmin etmək ən mühüm məsələlərdən biridir. Bəzi dövlətlər həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir. Lakin buna baxmayaraq, Türk Dövlətləri Təşkilatında təmsil olunurlar. Çünki hərəsinin öz təhlükəsizlik konsepsiyası var. Amma onların bir yerdə olması, mütəmadi olaraq təlimlərin keçirilməsi çox vacibdir. Türk Dövlətləri Təşkilatının təhlükəsizlik konsepsiyası mütləq olmalıdır. Hədəf ikinci bir NATO-nun yaranması deyil. Məqsəd daha çox özünəməxsus bir təhlükəsizlik əməkdaşlığı modelinin yaradılmasıdır.

    - Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak etdi. Bu, sülh prosesinin nəticəsidir, yoxsa Azərbaycanda təhlükəsizlik məsələsinə yanaşma əvvəldən belə olub?

    - Dövlət Təhlükəsizlik Xidmətinin təşkilatçılığı ilə  IV Bakı Təhlükəsizlik Forumunun keçirilməsi çox mühüm məsələ idi. Forumda 600-ə yaxın iştirakçı vardı. İştirakçılar arasında 100-dən çox dövlətin nümayəndələri iştirak edirdilər. Təbii ki, Azərbaycan vətəndaşı üçün ən maraqlı nüanslardan biri  Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristinne Qriqoryanın forumda iştirak etməsi idi. Bu da artıq sülhün necə yaxın olmasından xəbər verir.

    - Arzu müəllim, gənclər, xüsusilə müharibə görməyən insanlar üçün sülhü qəbul etmək daha asan ola bilər. Amma Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən, həyatını və gəncliyini hərbi xidmətə həsr edən insanlar üçün bu proses necədir? Bir hərbçi kimi bu məsələyə necə yanaşırsınız?

    -Bir-biriylə 200 il müharibə etmiş dövlətlər də sonda sülh bağlayıblar. Bu gün Z nəsli özlərini daha elitar və  sərbəst sayırlar. Düşünürlər ki, bütün mümkün və qeyri-mümkün vasitələrdən, texnikadan, texnologiyadan istifadə edərək öz fikirlərini çatdıra bilirlər. Yəni bir daha deyirəm, heç bir müharibə sonda yaxşı nəticə vermir. Məsələn Böyük Britaniya ilə Fransa arasında 100 illik müharibələr olub. Digər dövlətlər arasında da uzunmüddətli müharibələr yaşanıb. Lakin sonda sülh olub. Sadəcə  vaxt keçməlidir. Mən düşünürəm ki, bunlar hamısı vaxta bağlı məsələlərdir. Müharibəni görüb-görməməyə gəlincə, nə fərqi var? Siz müharibəni görməmisiniz. Qonşunuzdakı şəhid ailəsini görmüsünüz. Müharibəni görməmisiniz, ayağı olmayan qazini görmüsünüz və bunu edənlərin düşmən olduğunu anlamısınız.

    - Siz həm də Türk dünyası üçün vahid təhlükəsizlik konsepsiyasından danışdınız. Bəs vətəndaşların sərbəst hərəkəti məsələsi necə? Məsələn, Türkiyə ilə Azərbaycan arasında vətəndaşlar pasportsuz gedib-gəlirlər. Digər türk dövlətləri ilə də belə bir sistemin tətbiqi niyə mümkün olmasın? Bunun qarşısında hansısa təhlükəsizlik problemi varmı?

    - Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətləri arasında vətəndaşların daha sərbəst hərəkətinin təmin olunması ilə bağlı müzakirələr aparılır.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ