
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Sentyabrın 26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir keçirildi. Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak etdi.
Xarici iş adamlarını bir araya gətirib, hazırkı dövrün əsas məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrilən bu Forum iştirakçı ölkələrin hər birinin iqtisadi mənzərəsinin təqdimatında əhəmiyyətli rol oynayır. Forum çərçivəsində keçirilən tədbirdə sualları cavablandıran dövlət başçısı İlham Əliyev “Cənab Prezident, burada toplaşmış trilyonlarla dollar həcmində kapitalı təmsil edənlər Azərbaycan və onun gələcəyi ilə bağlı bu görüşdən hansı mesajla ayrılmalıdırlar? Mənim eşitdiklərimə əsasən, Azərbaycan biznes üçün açıqdır, investisiya üçün cəlbedici məkandır. Onlar başqa nələri nəzərə almalıdırlar” sualına cavab olaraq bildirdi ki, onlar feyk xəbərlər yayan mediaya inanmamalıdırlar. Zənnimcə, belə tədbirlərin üstünlüklərindən biri də odur ki, burada iştirak edənlər hər şeyi öz gözləri ilə görə bilirlər. Onlar insanların nə dediyini eşidə bilərlər. Təkcə biznes ictimaiyyətinin nümayəndələrindən deyil, bu günlər ərzində istənilən şəxsdən ölkə haqqında, onun necə inkişaf etdiyi barədə fikirlərini öyrənmək olar: Ölkə düzgün istiqamətdə irəliləyirmi, yoxsa yox? Özləri nəticə çıxara bilərlər: “Biz ölkəmizi nə qədər tərifləsək, nə qədər xoş sözlər desək də, hər bir ölkənin ev sahibi, təbii ki, öz ölkəsi haqqında yaxşı sözlər deyir. Prezidentin investisiya forumuna gəlib “bu pisdir, o pisdir” deməsini təsəvvür etmək çətin olardı. Biz bunları öz aramızda müzakirə edirik. Amma yenə də düşünürəm ki, ən yaxşı təəssürat insanın özünün gördüyü və hiss etdiyi təəssüratdır. Bizim etməli olduğumuz yalnız əlverişli mühit yaratmaqdır. Sadəcə bunun üçün müəyyən imkan və şərait yaratmalıyıq”.
Azərbaycanın 1991-ci ildə Sovet İttifaqının tərkibindən çıxmasından sonra keçdiyi yolu nəzərdən keçirsək, o zaman ölkədə bazar iqtisadiyyatının, azadlıqların olmadığını, hətta o dövrdə neft-qaz sənayesinin belə tamamilə dağılmış vəziyyətdə olduğunu görərik. Bu gün isə hər kəs obyektiv şəkildə qiymətləndirə bilər ki, bəli, bu ölkə uğursuz dövlət deyil. Bu ölkə və onun insanları öz dövlətçiliyinə sadiqdirlər. Cənab İlham Əliyev onu da bildirdi ki, Azərbaycan dünyada neftin hasil edildiyi ilk məkan olub. Biz ilk neft buruğunun xatirəsini qoruyub saxlayırıq. Bu, 1846-cı ildə baş verib, hətta Pensilvaniyadan da əvvəl. Əgər həmin vaxt Azərbaycan müstəqil olsaydı, bu gün vəziyyətin necə olacağını təsəvvür edə bilərsinizmi? Əgər 1920-ci ildə müstəqilliyimizi qoruya bilsəydik necə? Çünki 1918-ci ildə burada müsəlman dünyasında ilk demokratik respublika yaradılmışdı, lakin cəmi iki il mövcud oldu. Sonra müstəqilliyimiz əlimizdən alındı və biz yenidən böyük bir imperiyanın tərkibinə daxil olduq. Əgər həmin dövrdə müstəqil olsaydıq və öz sərvətlərimizin sahibi ola bilsəydik, bu gün Azərbaycanın necə bir ölkə olacağını təsəvvür edə bilərsinizmi? Bütün bunlardan məhrum edildik. İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi. Bu olmasaydı, İkinci Dünya müharibəsinin nəticəsi tamamilə fərqli ola bilərdi. Nasist ordusu nə üçün Qafqaz dağlarına qalxmaq istəyirdi, nə üçün? Sadəcə təlim xatirinəmi? Xeyr. Onlar Bakıya Bakı neftini ələ keçirmək üçün gəlirdilər. Əgər buna nail olsaydılar, sovet ordusunun yanacaq təchizatı tamamilə kəsiləcəkdi və bu, çox ağır nəticələrlə müharibənin taleyini dəyişə bilərdi.
Dövlətimizin başçısı İlham Əliyev sualı cavablandırarkən özlüyündə yaranan “Bəs, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə nə əldə etmişdik” sualına cavab olaraq vurğuladı ki, tənəzzülə uğramış neft sənayesi, sıfra yaxın qaz hasilatı. Qazı xaricdən alırdıq, enerji qıtlığı var idi, vətəndaş müharibəsi gedirdi, Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı ilə üzləşmişdik. Bu işğal 30 il davam etdi və biz torpaqlarımızı güc yolu ilə azad etdik. Azərbaycan tamamilə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Beləliklə, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdə ölkə tamamilə iflasa uğramağın astanasında idi. Lakin ayağa qalxmağı bacardıq və bu gün möhkəm dayanmışıq: “Düşünürəm ki, ölkənin, ən azı XX əsr tarixinin özü kifayət qədər aydın şəkildə göstərir ki, bu ölkənin insanları bacarıqlıdırlar, onlar müstəqil yaşaya, ləyaqətlə yaşaya, müharibələr apara və qısa müddət ərzində müharibələrdə qalib gələ bilərlər. Onlar ərazi bütövlüyünü bərpa edə bilərlər. Yəqin ki, bu, bu əsrin və bəlkə də XX əsrin böyük bir hissəsinin tarixində yeganə belə haldır. Onlar milli maraqlara qətiyyətlə sadiqdirlər. Onlar dünyaya açıqdırlar. Azərbaycanda çoxsaylı əcnəbi mütəxəssislər yaşayır və çalışırlar. Düşünürəm ki, bunu kitabdan və ya məqalədən oxumaqla dərk etmək mümkün deyil. Bunu yalnız ölkəyə gəlib müəyyən müddət burada qalmaqla hiss etmək olar. Buna görə də arzu edirəm ki, qonaqlarımız Bakıda bir müddət qalsınlar və bəlkə də yenidən gəlsinlər. Əlbəttə, onların geri qayıtmasını, bizimlə əməkdaşlıq etməsini və yeni inkişaf yolumuzda bizimlə birgə addımlamalarını istərdik”.
Görünən budur ki, investorlar Azərbaycanda sabit, proqnozlaşdırılan biznes mühiti və güclü iqtisadi təminatlar sayəsində yatıracaqları vəsaitlərin təhlükəsizliyinə tam əmindirlər. Ölkəmizin əlverişli coğrafi mövqeyi, dayanıqlı inkişaf strategiyası və azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri xarici və yerli sərmayədar inamını daha da gücləndirir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, onların malik olduqları iqtisadi potensialdan səmərəli istifadəni təmin edəcək “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn vəzifələrin uğurlu icrası bu torpaqların tezliklə böyük investisiyalar məkanına çevriləcəyini şərtləndirir. İqtisadiyyatımız daha da şaxələndiriləcək.
