Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan və Özbəkistanın qarşılıqlı əməkdaşlığı uzunmüddətli və sistemli şəkildə inkişaf etdirmək niyyətini nümayiş etdirir


    Aydın Hüseynov
    Milli Məclisin deputatı


    Bu gün Azərbaycan–Özbəkistan münasibətləri strateji tərəfdaşlıq mərhələsini keçərək müttəfiqlik səviyyəsinə yüksəlib. Bu, iki ölkənin bir-birinə olan siyasi etimadının, qarşılıqlı dəstəyinin və uzunmüddətli əməkdaşlıq iradəsinin mühüm göstəricisidir. Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu eyni coğrafi və sivilizasiya məkanının mühüm hissəsi kimi bir-biri ilə sıx əlaqələr saxlayıblar. Böyük İpək Yolunun keçdiyi ərazilərdə yerləşən hər iki xalq tarix boyunca ticarət, elm, mədəniyyət və ədəbiyyat sahələrində qarşılıqlı əlaqələr qurub.
    Ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən mühüm amillərdəndir. Ədəbiyyat, musiqi, folklor, milli adət-ənənələr və mənəvi dəyərlərdəki oxşarlıqlar iki xalqın bir-birini daha yaxından tanımasına və qəbul etməsinə şərait yaradıb. Bu baxımdan Azərbaycan–Özbəkistan münasibətlərini yalnız müasir diplomatik əlaqələr çərçivəsində qiymətləndirmək doğru olmazdı. Bugünkü siyasi münasibətlərin gücü, əslində, uzun illər ərzində formalaşmış xalq diplomatiyasına və qarşılıqlı rəğbətə əsaslanır.
    Müstəqillik əldə etdikdən sonra Azərbaycan və Özbəkistan öz dövlətçilik siyasətlərini milli maraqlar və suverenlik prinsipləri əsasında quraraq ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetiriblər. Zaman keçdikcə siyasi dialoq daha da intensivləşib, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib.
    Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə sürətli inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında müntəzəm təmaslar iki ölkə arasında siyasi dialoqun daha da dərinləşməsinə imkan yaradıb. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmalar isə münasibətlərin konkret layihələrlə zənginləşdirilməsinə şərait yaradıb.
    Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər tarixində xüsusi yer tutur. Bu səfərlər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın hüquqi və siyasi bazasını daha da möhkəmləndirib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə edir. Bu sənədlər yalnız siyasi bəyanat xarakteri daşımır. Onlar Azərbaycan və Özbəkistanın qarşılıqlı əməkdaşlığı uzunmüddətli və sistemli şəkildə inkişaf etdirmək niyyətini nümayiş etdirir.
    Müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlər iki ölkə arasında qarşılıqlı fəaliyyətin daha geniş sahələrə yayılmasına imkan verir. Siyasi əlaqələrdə yüksək səviyyəli etimadın olması iqtisadi və humanitar əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. Azərbaycan və Özbəkistanın regional və beynəlxalq məsələlərdə bir-birinə yaxın mövqelər nümayiş etdirməsi də münasibətlərin siyasi çəkisini artırır. Hər iki dövlət öz müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə və milli maraqlarına xüsusi önəm verir. Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı qarşılıqlı dəstək və həmrəylik prinsiplərinə söykənən nümunəvi münasibətlər modeli kimi qiymətləndirilə bilər. Müttəfiqlik həmçinin iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsi üçün əlavə imkanlar açır. Türk dövlətləri arasında əlaqələrin gücləndirilməsi baxımından da Bakı və Daşkənd arasında sıx münasibətlər mühüm əhəmiyyət daşıyır.
    Azərbaycan və Özbəkistan arasında münasibətlərin ən perspektivli istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Hər iki ölkənin iqtisadi imkanları bir-birini tamamlayır və bu, yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş perspektivlər açır. Prezident İlham Əliyevin müsahibəsində də vurğuladığı kimi, Azərbaycan şirkətlərinin Özbəkistanda, özbək şirkətlərinin isə Azərbaycanda daha fəal iştirak etməsi mühüm məqsədlərdən biridir. Qarşılıqlı investisiyaların artırılması iki ölkənin iqtisadi əlaqələrini yeni mərhələyə çıxara bilər. Birgə istehsal müəssisələrinin yaradılması xüsusilə böyük əhəmiyyət daşıyır. Belə layihələr həm yerli istehsalın genişləndirilməsinə, həm yeni iş yerlərinin yaradılmasına, həm də iki ölkənin sahibkarları arasında uzunmüddətli tərəfdaşlığın formalaşmasına imkan verir. Azərbaycan və Özbəkistanın sənaye, kənd təsərrüfatı, tekstil, qida sənayesi, kimya, energetika, nəqliyyat və digər sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanları mövcuddur. Birgə investisiya layihələrinin artması həm də özəl sektorun ikitərəfli münasibətlərdə rolunu gücləndirir. Dövlətlərarası siyasi münasibətlərin biznes əlaqələri ilə tamamlanması əməkdaşlığın daha dayanıqlı və uzunmüddətli olmasına şərait yaradır.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ