Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan və Özbəkistan Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat dəhlizinin formalaşdırılmasında mühüm aktor kimi



    Nəsib Məhəməliyev,
    Milli Məclisin deputatı

    Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq xüsusi yer tutur. Regionun hər bir ölkəsi ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda, BMT, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İSESKO, YUNESKO, Türk Dövlətləri Təşkilatı və s. platformalarda yüksək səviyyədə əməkdaşlıq quran Azərbaycan hər ötən gün bu əməkdaşlığı bir qədər də irəli aparır, yaxın gələcəkdə yeni əlaqələr üçün perspektiv imkanlar yaradır.

    Azərbaycanın region ölkələri ilə əməkdaşlığında Özbəkistan xüsusi paya və çəkiyə sahibdir. İki ölkə arasında iqtisadi və ticari əlaqələrin ildən-ilə genişlənməsi, açıqlanan iqtisadi göstəricilər belə bir qənaət formalaşdırır.  Elə Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə  iqtisadi və ticari sahədə əldə edilən nəticələrə, ümumiyyətlə bütün istiqamətlərdə mövcud olan əlaqələr və gələcək inkişaf perspektivlərinə diqqət çəkdi. Dövlət başçısının dediyi kimi, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi təkcə keçən il 2024-cü illə müqayisədə 3 dəfədən çox artım qeydə alınıb. Nəticədə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 795 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb ki, bu da Cənab Prezidentin bildirdiyi kimi, əla göstəricidir.

    İqtisadi sahədə Azərbaycan-Özbəkistan əlaqələrinin əsas istiqamətlərindən birini də enerji sektoru, alternativ enerji mənbələri, xüsusən yaşıl enerji sahəsində əməkdaşlıq təşkil edir.  Dövlət başçısı Özbəkistan mediasına müsahibəsi zamanı bildirdi ki, Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.

    Yaşıl enerji sahəsində əməkdaşlığa gəlincə, keçən il  Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb.

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə mühüm siyasi, iqtisadi, eləcə də regional və qlobal məsələlərin təhlili baxımından əhəmiyyətli idi. Müsahibənin ən mühüm geoiqtisadi istiqamətlərindən biri nəqliyyat və logistika məsələsidir.

    Bildiyimiz kimi Azərbaycan Cənubi Qafqazda Şərqlə Qərb arasında əsas tranzit mərkəzlərindən, Özbəkistan isə Mərkəzi Asiyanın mühüm iqtisadi və nəqliyyat qovşaqlarından biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu üstünlüklər iki ölkəni ümumi maraqlar çərçivəsində birləşdirərək təbii tərəfdaşa çevirir.

    Nəqliyyat və logistika sahəsində əməkdaşlıq istiqamətində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. Prezidentin fikrincə, belə bir inteqrasiya bütün region üçün yeni iqtisadi və tranzit imkanları yarada bilər. Burada söhbət Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və daha sonra Avropa arasında vahid və şaxələndirilmiş bağlantıların gücləndirilməsindən gedir.

    Bu baxımdan dövlət başçısının müsahibəsindən gəlinən qənaət ondan ibarətdir ki, Azərbaycan–Özbəkistan əməkdaşlığı regional nəqliyyat xəritəsinin formalaşmasında mühüm rol oynaya bilər.

    Prezident İlham Əliyevin müsahibəsində ən mühüm siyasi tezislərdən biri Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ən yüksək səviyyəyə – müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Dövlət başçısı sözügedən müsahibədə haqlı olaraq iki ölkə arasında münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, xalqlar arasında qarşılıqlı rəğbət və həmrəyliyin dayandığını vurğulayır. Cənab Prezident bildirir ki, son illərdə bu möhkəm təməl üzərində qurulan dövlətlərarası əlaqələr görünməmiş inkişaf mərhələsinə daxil olub və yeni məzmun qazanıb.

    Müsahibədə diqqət çəkən məqamlardan biri iki ölkə arasında münasibətlərin şəxsi liderlər səviyyəsində də inkişaf etdiyini vurğulaması oldu. Bu mənada Prezident İlham Əliyev müsahibədə özbək hıəmkarı Şavkat Mirziyoyevin iki ölkə arasında qardaşlıq, birlik və müttəfiqliyin möhkəmləndirilməsində xüsusi rolunu qeyd edir. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi həm ölkələr, həm də liderlər arasında münasibətlərin, həmçinin Bakı ilə Daşkənd arasında siyasi dialoqun intensivliyini göstərən mühüm göstəricidir. Cənab Prezidentin qeyd etdiyi kimi  hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirib. Cənab İlham Əliyev qeyd edib:

    ”2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”

    Azərbaycan və Özbəkistan arasında münasibətlər Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində də yüksələn xətlə inkişaf edir. Cənab Prezident haqlı olaraq qeyd edir ki, Azərbaycan və Özbəkistan TDT-yə yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri birlikdə gələcəyə daşıyan təşkilat kimi baxır. Burada siyasi mesaj kifayət qədər aydındır. Bakı və Daşkənd türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır.

    Müsahibənin mühüm məqamlarından biri Azərbaycanın Mərkəzi Asiyaya verdiyi mesajdır. Müsahibədə dövlət başçısı regionun strateji əhəmiyyətini açıq şəkildə vurğulayır. Bu baxımdan Azərbaycanın son illərdə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin intensivləşməsi təsadüfi deyil.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ